PDF Oxu

Müsahibə

  • 311

Müharibəyə başlaya bilərik...

Müharibəyə başlaya bilərik...

- Elman müəllim, Rusiyadakı hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlər yarada bilərmi?

- Formal baxımından Rusiyada hakimiyyət dəyişikliyi baş verib. Yəni, Dmitri Medvedevi Vladimir Putin əvəz edib. Amma məsələnin bir qədər mahiyyətinə varsaq, demək olar ki, Rusiyada ciddi hakimiyyət dəyişikliyi baş verməyib. Çünki Vladimir Putin seçkilərdən sonra çıxışında bildirdi ki, "keçirilən bu seçkilərdən öncə Dmitri Medvedevlə razılaşmışdıq ki, bir müddət o prezident seçilsin və mən baş nazir olum. Sonra isə yenə də D.Medvedev baş nazir, mən isə prezident olum". Bu məsələni də Rusiya KİV-ləri dünyaya yaydı. Belə çıxır ki, Vladimir Putin rəsmən prezident olmadığı müddət ərzində prezidentlik fəaliyyətini həyata keçirib. Çünki onlar arasında olan razılaşma bunu deməyə əasa verir. Hüquqi baxımından isə may ayının 7-dən Vladimir Putin prezidentlik fəaliyyətinə başlayacaq. Hesab edirəm ki, Vladimir Putin prezidentliyə başladıqdan sonra iki ildən artıq müddətdir ki, müşahidə olunan Rusiya tərəfinin danışıqlardakı meqapolis mövqeyi bir qədər də möhkəmləndirəcək.

- Ermənistanın beynəlxalq qanunlara və BMT kimi nüfuzlu təşkilatın Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrə riayət etməməsi nəticə etibarı ilə bu münaqişənin müharibə yolu ilə həllinə gətirib çıxarmayacaq ki?

- Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar, heç bir nəticə verməyəcəyi təqdirdə, bundan imtinaya gətirib çıxara bilər. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, "biz danışıqlara, danışıqlar aparmaq naminə getmirik. Bizim də səbrimizin bir hüdudu var. Heç bir zaman da status-kvo vəziyyəti ilə razılaşa bilmərik". Münaqişənin həlli ətrafında aparılan danışıqlarda Ermənistan tərəfi çalışır ki, danışıqlar aparmaq yolu ilə vaxtı bir qədər uzatsın. Belə vəziyyət hər zaman davam edə bilməz. Bunun da bir sonu olmalıdır. Azərbaycan dövləti daha da gücləndiyi halda, yəni, hərbi və iqtisadi gücü Ermənistanınkından dəfələrlə güclü olduğu təqdirdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanı sülhə məcbur etmək yolu işə düşə bilər. Həmsədr ölkələr Ermənistanı başa sala bilərlər ki, bu qədər güclü potensialı olan Azərbaycanın müharibəyə başlaması labüddür. Ona görə də, kompromisə gəl və müvafiq sənədə imza at. Fikrimcə, bu variant işə düşəcəyi halda, müharibəsiz də işğalçı ölkə olan Ermənistan sülhə imza atacaq.

- Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəninin həlli ilə bağlı hərbi yola əl atarsa, bu məsələyə dünya birliyinin xüsusilə Rusiyanın münasibəti necə ola bilər?

- Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün istənilən variantdan istifadə edə bilər. Bu hüquqi ölkəmizə beynəlxalq qanunlar verir. BMT-nin nizamnaməsinin 51-ci məddəsində aydın şəkildə qeyd edilib ki, ərazisi təcavüzə məruz qalmış dövlətin özünü müdafiə etmək hüququ var. Bu baxımdan, demək olar ki, ABŞ-ın özü 11 sentyabr hadisələrindən sonra ərazisi təcavüzə məruz qaldığından, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini gözləmədən Əfqanıstanda müharibəyə başladı. Həmin 51-ci məddəyə istinad etdi. BMT-nin nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi məcburi xarakter daşıyır. Bu, haqq verir ki, biz istənilən vaxt müharibəyə başlaya bilək. Çünki dünya dövlətləri, o cümlədən, Rusiya bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Yəni, gec-tez işğalçı ölkə torpaqlarmızı bizə qaytarmalıdır.


GÜLYANƏ

Digər xəbərlər