- Qərib müəllim, Azərbaycanın iqtisadi, siyasi uğurlar qazandığı, əldə etdiyi nailiyyətlər dünya mətbuatında, beynəlxalq qurumlarda hər zaman müzakirə edilir, yüksək qiymətləndirilir. Bu uğurların qazanılmasında aqrar sahənin rolu danılmazdır. Torpaqla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aqrar sahənin formalaşmasında, inkişafında xüsusi əməyi vardır. Sözsüz ki, bu uğurların qazanılmasında bir cox amillərlə yanaşı ən öncəsi zamanında qurulmuş torpaq siyasəti, torpaqla münasibətlərin düzgün formalaşmasıdır.
- Bəli, cox düzgün vurğuladınız. Bildiyiniz kimi ölkəmiz dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri kimi əkinçilik mədəniyyətinə malik olan ərazidir. Müasir Azərbaycan isə həm də aqrar ölkədir və onun iqtisadiyyatının əsas hissəsi torpaqla bilavasitə bağlıdır. Məhz bütün bunları yaxından bilən Ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütöv dövr ərzində diqqət yetirdiyi ən vacib məsələlərin mərkəzində torpaq amili olmuşdur. Hələ SSRİ məkanında ölkəmizə rəhbərlik etdiyi dövr ərzində Ulu öndərimiz Heydər Əliyevin kənd təsərrüfatına göstərdiyi qayğı və diqqətin, taxıl, üzüm, tərəvəz istehsalının ixtisaslaşdırılması və təmərküzləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərin nəticəsində analoqu olmayan yüksək göstəricilər əldə olundu.
Ölkə müstəqilliyinin ilk illərində Ulu öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətdən müvəqqəti olaraq çəkilməsi Azərbaycan xalqının rifah halının pisləşməsi ilə nəticələndi. Belə ki, səriştəsiz rəhbərlərin bacarıqsızlığı səbəbindən Ulu öndərin qurub yaratdığı sahələri qoruyub saxlamaq əvəzinə dağıtmağa başladılar. Bu mürəkkəb dövrdə xalqımızın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyev tarixi zərurət nəticəsində yaranmış vəziyyətdə bazar iqtisadiyyatı şəraitinə uyğun olan yeni əlaqə və münasibətlərin yaradılması üçün düzgün siyasi və iqtisadi yol seçdi.
Respublikanı bu böhrandan çıxarmağın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi ki, bunun da həyata keçirilməsi üçün ilk növbədə torpaq islahatları aparılmalı idi.
Ulu öndərimiz Heydər Əliyev torpağı Azərbaycan kəndlisinin mülkiyyətinə verməklə tarixi ədaləti bərpa etmək qərarına gəldi.
Torpaq islahatı haqqında qanunun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli, əslində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuşdu.
1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında aqrar islahatları və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun, nəhayət, reallaşması, o cümlədən torpağa münasibətdə tarixi ədalətin bərpa edilməsi, torpaqların pulsuz olaraq kəndlinin mülkiyyətinə verilməsi və yeni torpaq-əkinçi münasibətlərinin formalaşması müasir tariximizin ən önəmli səhifələrindən biri oldu. Lakin bütün bunlar cənab Heydər Əliyevin Azərbaycan Respublikasında kənd təsərrüfatının yüksəldilməsi üçün gördüyü işlərin hamısı haqqında tam təsəvvür yaratmır. Çünki bu onun respublikaya ikinci qayıdışı zamanı gördüyü işlərin az hissəsidir.
Torpaq islahatlarını həyata keçirmək üçün mükəmməl hüquqi bazanın olmamasına baxmayaraq Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı və qürurla demək olar ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə "Heydər Əliyev torpaq islahatları" modeli kimi düşdü.
Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2042 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla, ökəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu 3. 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.
Aydındır ki, əgər torpaq vətəndaşlara dəyəri ödənilməklə verilsəydi, əhalinin böyük bir qismi bu prosesdən kənarda qalacaqdı. Bu isə təbəqələşmə yaradaraq ciddi sosial gərginliyə səbəb olardı. İkincisi, mülkiyyətə yararlı torpaqlar deyil, azyararlı və yararsız torpaqlar verilsəydi, torpaq islahatları nəticəsiz olacaq, məqsədə çatılmayacaqdı. Başqa sözlə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə ərzaq bolluğu yaratmaq mümkün olmayacaqdı. Üçüncüsü, bütün vətəndaşların bu tarixi prosesdə iştiraketmə haqqı tanınmasaydı, narazılıq yaranacaqdı, torpaq icarəsi və torpaq bazarı kimi stimullaşdırıcı faktorlar olmayacaqdı.
Torpaq islahatlarının sosial məzmunlu olması və ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə müvafiq sahənin dinamik inkişafını təmin etdi.
Ölkə əhalisinin az qala yarısı, yəni 3.500.000 nəfəri torpaq mülkiyyətçisinə çevrildi və mülkiyyətçilik hissi vətəndaşların torpağa daha doğma münasibətini formalaşdırdı.
Bütün bunlar, əlbəttə, torpaq islahatlarının tam mahiyyətini ifadə etmir. Ancaq bu faktorlar aparılan islahatların sosial-iqtisadi istiqamətini izah etmək üçün yetərincə ciddi arqumentlərdir. Beləliklə, həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət torpaq islahatlarının növbəti mərhələlərini də uğurla həyata keçirməyə zəmin yaratdı. Bu mərhələdə də ciddi siyasi iradə nümayiş etdirildi və bu iradə qanun, fərman və sərəncamlarla hüquqi müstəviyə köçürüldü.
- Və sözsüz ki, bu siyasət ardicil olaraq davam etdirildi, bu günkü uğurlarımızın qazanılmasında əsas və önəmli faktorlardan birinə çevrildi.
- Sizin fikrinizlə tamamilə razıyam. Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik kursunun layiqli və ardıcıl davamçısı olaraq möhtərəm prezidentimiz cənab İlham Əliyev xalqımızın mütləq əksəriyyətinin səs çoxluğu ilə ölkə rəhbəri seçildikdən dərhal sonra ölkəmizin digər siyasi-iqtisadi məsələləri ilə yanaşı əhalinin etibarlı ərzaq təminatını düşündü. Möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli 4 nömrəli fərman imzaladı. Bu fərmanın məntiqi davamı olaraq "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi barədə" 11 fevral 2004-cü il tarixli 24 nömrəli fərmanının icrası ilə əlaqədar respublikamızın ayrı-ayrı rayonlarının ərazisindəki torpaqların şorlaşmaya, şorakətləşməyə, eroziyaya və deqradasiyaya uğrama dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə irimiqyaslı torpaq-meliorasiya tədqiqat işləri aparıldı. Dövlət başçısının 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın həyata keçirilməsi bölgələrin potensial inkişafına, o cümlədən infrastrukturun genişlənməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial obyektlərin yaradılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına səbəb olmuşdur.
- Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda adlarını sadalamaqla bu siyasətin daha da dərinləşdiyini, xüsusi diqqət qazandığını qeyd etmək olar.
- Əlbəttə. Bu Dövlət Proqramları bir-birilərini tamamlamaqla yanaşı həm də bir-birlərinə dəstək olurlar ki, bu da aqrar sahənin inkişafına yönəlmiş məqsədyönlü siyasətdir. Qeyd edim ki, Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" üzrə Komitə tərəfindən öhdəsinə düşən tapşırıqlar uğurla yerinə yetirilir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə sərhədlərin döngə nöqtələrinin koordinatları CPS qlobal mövqemüəyyənetmə aləti vasitəsilə ilə müəyyən edilərək torpaqların texniki uçotunun elektron formatda aparılması, torpaqların bonitirovkasının nəticələrinin elektron formatda xəritələşdirilməsi, torpaqların iqtisadi qiymətləndirilməsi işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" üzrə təkcə 2010-cu ildə torpaq ehtiyatlarının inventarlaşdırılması, onların kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi üzrə respublikanın rayonlarında 133626 ha suvarılan torpaqların inventarlaşdırılması, 13 rayon 104 inzibati ərazi dairəsi üzrə 186 min ha torpaqların bonitirovkası, 22 rayon üzrə 260 inzibati ərazi dairəsi üzrə torpaqların iqtisadi qiymətləndirilməsi elektron formatda həyata keçirilmişdir.
Eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilməsi və xəritələşdirilməsi, onlardan səmərəli istifadə olunması ilə bağlı təkliflərin hazırlanması, 25-dən artıq rayonun ərazisində torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələri müəyyən edilmiş, şorlaşma və torpaq xəritələri tərtib edilmişdir.
Meliorasiya tədbirlərinə ehtiyacı olan torpaqların müəyyən edilməsi, onların irimiqyaslı xəritələrinin hazırlanması, kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan torpaq sahələrinin inventarlaşdırma işləri aparılmışdır.
Çirklənmiş və deqradasiyaya uğramış torpaqların rekultivasiyası layihələrinin həyata keçirilməsi ilə bağlı 89 ha ərazidə neftlə çirklənmiş, lay suları altında qalmış, məişət və istehsalat tullantıları ilə çirklənmiş ərazidə topoqrafik planaalma işləri həyata keçirilmişdir.
Torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması istiqamətində işlərin genişləndirilməsi məqsədi ilə respublika üzrə yay və qış otlaqlarında irimiqyaslı torpaq tədqiqatı işləri aparılmışdır.
İnzibati rayonlar üzrə elektron (rəqəmli) torpaq kadastr xəritələrinin hazırlanması - 14 rayonda 50 inzibati ərazi dairələri üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin tərtibi üçün planaalma işləri görülmüşdür.
Həmin Dövlət Proqramları ilə yanaşı, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı", "Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı" və digər dövlət proqramlarının icrası ilə bağlı Komitənin üzərinə qoyulmuş vəzifələr də nəzərdə tutulan müddətlərdə icra olunmuşdur.
Gələcəkdə dünyanın ərzaq qıtlığına düçar olacağı barədə mütəxəssislərin verdikləri proqnozları qabaqlamaq üçün cənab İlham Əliyev öncüllük edərək respublikamızda əhalinin ərzaq qıtlığı ilə üzləşməməsi üçün bir sıra fərmanlar imzalamışdır. Bu fərmanlarda göstərilən məsələlərin yerinə yetirilməsinə şəxsən özü rəhbərlik və nəzarət etdiyindən prezidentimizin uzaqgörənliyi bir daha özünün təsdiqini tapır.
- Qərib müəllim, Siz bütün çıxışlarınızda Dövlət Proqramları üzrə görülən işlərə xüsusi önəm verirsiniz. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" rəhbərlik etdiyiniz Komitə üzərində hansı məsuliyyətləri qoyur?
- Azərbaycan Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur. Bu məqsədlə ölkədə ərzaq istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılmışdır. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər bu sahənin daha sürətli inkişafına əlverişli zəmin yaratmışdır. Ulu öndərimizin 2001-ci il 2 mart tarixli 640 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkədə ərzaq təminatı ilə bağlı işlərin daha səmərəli aparılmasına təkan vermişdir.