- Tahir müəllim, radikal müxalifət düşərgəsini təmsil edən "İctimai Palata" aprelin 8-də mitinq keçirməyi planlaşdırıb. Sizcə, radikal müxalifətin növbəti kütləvi aksiya şousu nəyə xidmət edir?
- Bu gün radikal müxalifət sosial bazasını itirmiş bir vəziyyətdədir. Demək olar ki, ölkə vətəndaşlarının müxalifət partiya liderlərinin verdikləri boş-boş bəyanatların heç birinə inamı yoxdur. Bildiyiniz kimi, radikal müxalifətin iki təxribatçı təşkilatı var. Bunlar AXCP (i) və Müsavatdır. Yəni, AXCP (i) və Müsavat partiyalarına bir qədər nəzər yetirsək, görərik ki, orada köhnə "qvardiya"dan heç bir şəxs qalmayıb. Bu gün Azərbaycan gəncləri sözügedən qüvvələrin kimliyindən xəbərsizdir. Yəni, bizim gənclərimiz bu qüvvələrin nəyə xidmət etdiklərini tam şəkildə anlaya bilmirlər. Radikal müxalifət qüvvələri də gənclərin özlərini tam şəkildə tanımamasından istifadə edərək, reallığı özündə əks etdirməyən bəyanatlar verməklə həmin gəncləri öz tərəflərinə çəkməyə çalışırlar. Amma radikalların gənclərlə bağlı istəkləri uğurlu alınmır. Çünki gənclərimiz radikal müxalifət düşərgəsini təmsil edən qüvvələrin kim olduqlarını başa düşən kimi, dərhal onlardan uzaqlaşırlar. Demək olar ki, radikal müxalifət qüvvələrinin istəkləri az da olsa bir müddət gündəmdə qalmaqdan ibarətdir. Bir sözlə, müxalifət qüvvələri tərəfindən aprel ayının 8-də keçiriləcək mitinqlərə ağlı başında olan heç bir şəxs qatılan deyil. Yəni, onlar tərəfindən keçirilən mitinqlərə heç bir kütləvi axın olmayacaq. Çünki radikal müxalifət qüvvələrinin xalqdan heç bir dəstəyi yoxdur.
- Radikal müxalifətin mitinq çağırışları, bir qayda olaraq, uğursuzluğa düçar olur. Belə olan halda, nəyə görə radikallar mitinq çağırışlarını davam etdirirlər?
- Radikal müxalifət düşərgəsini təmsil edən şəxslər xaricdə olan qüvvələrə öz varlıqlarını göstərməkdən ötrü bu cür mitinqlərin keçirilməsinə əl atıblar. Amma sözügedən qüvvələr bəri başdan çox gözəl bilirlər ki, keçirdikləri mitinqlərin müsbətə doğru heç bir nəticəsi olmayacaq. Yəni, hər zaman olduğu kimi, bu dəfə də müxalifət qüvvələrinin arzusu arzu olaraq ürəklərində qalacaq. Sadəcə olaraq, ölkəmizin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan xaricdə olan qüvvələri razı salmaq üçün bu cür xoşagəlməz əməllərə əl atırlar.
GÜLYANƏ