PDF Oxu

Müsahibə

  • 20 054

Azərbaycanda sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir

Azərbaycanda sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir

- Sevinc xanım, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Bu baxımdan, sosial sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyətli dərəcədə aşağı düşüb. Son illər yüz minlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır.

Bir sözlə, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib, eləcə də ötən il pensiya islahatları nəticəsində 800 min insanın təqaüdləri əhəmiyyətli dərəcədə artdı. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırıldı. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.

- Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri yoxsulluğun aradan qaldırılmasıdır. Bu yöndə görülən işləri necə dəyərləndirmək olar?

- Əlbəttə ki, ölkəmizdə aparılan sosial-iqtisadi islahatların çox mühüm nəticələrindən biri də yoxsulluğun aradan qaldırılması olub. Bu yöndə müvafiq dövlət proqramları, dövlət tədbirləri və qanunvericilik aktlarının qəbul olunub. Azərbaycanda yoxsulluğun aradan qaldırılması ilə bağlı ilk dövlət proqramı Ulu öndər Heydər Əliyevin imzası ilə 2003-cü ilin 20 fevralında qəbul olunub və bu proqram 2003-2005-ci illəri əhatə edirdi. Bu proqramla əlaqədar imzalanmış sərəncamın həyata keçirilməsi ilə Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün məqsədyönlü və çoxşaxəli tədbirlər həyata keçirilməyə başlanıldı. Bunun davamı olaraq respublika Prezidenti, cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı digər sərəncamla-"Azərbaycan Respublikasında yoxsulluğun (2008-2015-ci illər) aradan qaldırılması və davamlı inkişaf üzrə Dövlət Proqramı" qəbul olundu. Məhz həmin dövlət proqramının qəbul olunması və icrası nəticəsində ölkənin ümumi sosial-iqtisadi inkişafı fonunda Azərbaycanda yoxsulluq 2001-ci ildəki 49 faiz həddindən 7 faizə enib. Təbii ki, bu göstəriciyə Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində nail olunub.

- Mövcud sosial qanunvericilik bazasının səviyyəsi barədə də fikirlərinizi bilmək istərdik. Parlamentin Sosial siyasət komitəsi yeni qanun layihələri üzərində işləyirmi?

- Sosial qanunvericilik istiqamətində böyük işlər aparılır. Milli Məclis bu sahədə kifayət qədər mükəmməl qanunlar qəbul edib. Bilirsiniz ki, günün tələblərinə uyğun olaraq bir sıra qanunlara yeniliklər edilir. Ötən il "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliklər nəticəsində 800 minə qədər insanın təqaüdləri 40 faizə qədər artırıldı. Bu dəyişikliklər insanlar tərəfindən rəğbətlə qarşılandı. Eləcə də, səhiyyə sahəsində də vacib qanunlar qəbul olunub. Hesab edirəm ki, bu yaxınlarda ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "Sosial xidmət haqqında" Qanunun tətbiqi də sosial qayğıya ehtiyacı olan insanlar üçün ciddi dəstək olacaq.

Qeyd edim ki, parlamentin Sosial siyasət komitəsi daim qanunların monitorinqini aparır və cəmiyyətdən gələn sosial sifarişlərə həssaslıqla yanaşır. Komitənin təşəbbüsü ilə mütəmadi olaraq cəmiyyətdə aktual olan sosial məsələlərlə bağlı ictimai dinləmələr keçirilir. Zərurət yarandıqda isə Sosial siyasət komitəsi yeni qanun layihələri hazırlayır. Artıq ictimai müzakirələrin nəticəsi olaraq Ailə Məcəlləsinə dəyişikliklər edilib. Eyni zamanda, "Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması haqqında", "Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Dövlət sosial sifarişi haqqında", "Pasiyentlərin hüquqları haqqında", "Gənc ailələrin sosial müdafiəsi haqqında" yeni qanun layihələri işlənilir. Bütün bu sənədlər insanların maraqlarına cavab verir.

- Gənclərlə bağlı qanunlara toxundunuz. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycanda əsası Ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunun nəticəsində də gəncliyin inkişafı, onların ölkəmizin həyatında rolu, ictimai-siyasi fəallığı daha da artıb. Eləcə də, gənc nəslin təlim-tərbiyəsinin gücləndirilməsi istiqamətində də böyük işlər aparılır.

Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət isə ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Təsadüfi deyil ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıqları müqabilində bütün sahələrdə geniş meydanın verilməsinin tərəfdarıdır və bunun təmin edilməsi üçün öz diqqət və qayğısını əsirgəmir.

Keçən il Azərbaycan Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş, dövlət müəssisələrində çalışanların yaş həddinin müəyyənləşdirilməsi ilə bağlı olan qanuna dəyişiklik də gənclərimizin potensialının reallaşması üçün yeni imkanlar yaradıb.

- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Millət vəkili seçildiyiniz Gədəbəy rayonunda bu baxımdan vəziyyət necədir? Əhali görülən işləri necə dəyərləndirir?

- Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırki mərhələdə görülən işlər yüksək qiymətə layiqdir.

Bu dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır.

Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir.

Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində millət vəkili seçildiyim Gədəbəy rayonunda da xeyli işlər görülüb. Təkcə ümumtəhsil məktəblərilə bağlı faktı desəm, görülən işlərin miqyasını təsəvvür etmək mümkündür. Rayonda 85 məktəb fəaliyyət göstərir. Bunlardan cəmi dördü layihə əsasında tikilmişdi, heç biri isə sanitar qaydalara cavab vermirdi. Son illər ərzində dövlət proqramı çərçivəsində və Heydər Əliyev Fondunun hesabına artıq 70-dək məktəbdə tikinti və yenidənqruma işləri aparılıb, müasir tələblər səviyyəsində yeni avadanlıqlarla təchiz olunub. Eyni zamanda, səhiyyə, mədəniyyət və digər sahələrdə də anoloji işlər görülüb. Eləcə də, rayonumuza gedən magistral yol yenidən qurulub. Əvvəllər Gədəbəy yalnız aqrar rayon kimi tanınırdısa, artıq rayonumuzda sənaye sahələri inkişaf edir. Belə ki, Gədəbəydə qızıl istehsal edən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin zavodu fəaliyyət göstərir. Bu da ölkəmizin qızıl ehtiyatlarının formalaşmasında müstəsna rol oynayır. Bu müəssisədə 476 nəfər, xeyli sayda rayon sakini işləyir.

Rayonun 106 yaşayış məntəqəsinin 16-ı qazla təmin olunub. Bunlardan 6-sına keçən il qaz xətti çəkilərək təbii qaz verilib. Gədəbəy həm sərhəd, həm də dağlıq bölgədir. Qaz təchizatı ilə bağlı işlər görülür, "Azəriqaz" İB-dən verilən məlumatlara görə, 2012-ci ildə daha 12 yaşayış məntəqəsi, digərləri isə növbəti illərdə qazlaşdırılacaq. Eyni zamanda, rayonun yaşayış məntəqələrinin elektrik enerjisi təmin edilməsi sahəsində də ciddi işlər görülüb. Lakin rayonun elektrik təchizatı 1950-ci ildə qurulmuş və istismar müddəti başa çatmış 35 kv-luq yarımstansiya tərəfindən təmin edilir. Dövlət proqramında yeni 110 kv-luq yarımstansiyanın tikintisi nəzərdə tutulub.

Görülən işlər əhalinin sosial rifah vəziyyətinin yüksəlməsinə və onların razılığına səbəb olub. Düşünürəm ki, regionların sosial-iqtisadi inkişafının daha da səmərəli bölgələrdə, ələlxüsus dağlıq və sərhəd rayonlarında olan kadr qıtlığı məsələsi həll edilməlidir. Məsələn, təmsil etdiyim Gədəbəy rayonunun 32 məktəbində 11 fənn üzrə 135 kadra, tibb müəssisələrində isə 40-a yaxın həkim və tibb işçilərinə ehtiyac var. Ötən il keçirilmiş müsabiqədə 7 nəfər gənc rayon məktəblərində işləmək hüququ qazandı, lakin onlardan 3-ü bundan imtina etdi. Hesab edirəm ki, regionların sosial-iqtisadi inkişafı sahəsində aparılan işlərin səmərəliliyinin daha da artırılması üçün dağlıq rayonlarda, ələlxüsus təhsil və səhiyyə sahələrində gənc kadrların çalışmaları üçün stimulaşdırıcı tədbirlər görülməlidir. Bu cür tədbirlərin həyata keçirilməsi regionların sosial-iqtisadi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması ilə yanaşı burada gənclər siyasəti, təhsil və səhiyyə sahəsində aparılan işlərə də müsbət təsir göstərər.

- Sevinc xanım, bəs Gədəbəyin turizm potensialından səmərəli istifadə olunurmu? Turizmin inkişafı üçün hansı işlər görülür?

- Son illər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması da məhz bu zərurətdən irəli gəlib. Proqramlarda respublikamızın bölgələrinin turizm potensialı düzgün qiymətləndirilib, bu sahədə həyata keçiriləcək tədbirlər konkret şəkildə əksini tapıb, yeni turizm obyektlərinin inşası üçün hökumətin maliyyə imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulub.

Nadir təbiət gözəlliklərinə, zəngin tarixi keçmişə, bunu əks etdirən maddi mədəniyyət abidələrinə, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu gün dünyanın diqqətini həm də böyük turizm potensialına malik bir ölkə kimi cəlb edir. Xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, reallaşdırılan müvafiq layihələr bu müstəvidə Azərbaycana marağın daha da yüksəlməsinə gətirib çıxarıb.

Gədəbəy rayonu da füsunkar təbiətə və qədim tarixə malik olan bölgələrimizdən biridir. Bura gözəl meşələr, çaylar, içməli və müalicəvi bulaqları ilə çox məşhurdur. Son illər rayonda turizmin inkişafı üçün çox böyük işlər həyata keçirilir. Respublika Prezidenti cənab İlham Əliyevin 14 oktyabr 2005-ci il tarixli sərəncamına əsasən rayonumuzda bu sahə üzrə də işlər aparılıb. Rayon ərazisində bir neçə turizm istirahət obyektləri fəaliyyətə başlayıb. Təkcə, rayonun Slavyanka kəndində, məşhur "Narzan" suyunun vətənində dörd turizm obyekti fəaliyyətdədir. Bu yöndə işlər davam etdirilir. 2011-ci il - "Turizm ili" çərçivəsində Azərbaycan Turizm Universtitetinin və Almaniyanın YADE Universitetinin mütəxəssisləri tərəfindən Gədəbəyin rəqəmsal turizm xəritəsinin hazırlanmasına başlanılıb. Bildiyiniz kimi müasir dövrdə turistlərin ən çox istifadə etdikləri məhz bu xəritədir. Heç bir bələdçiyə müraciət etmədən turist öz səyahətini bu xəritə vasitəsilə təşkil edir. Bu heyətlə Milli Məclisdə çox maraqlı görüş keçirilmişdi. Alman mütəxəssislər rayonumuzun turizm imkanlarına çox böyük maraq göstərmişdilər.

Bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gədəbəy rayonu "Əfsanələr paytaxtı" elan olunub. Bununla bağlı bir çox respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edim ki, bu il bünövrəsi respublika Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuş Aşıq Musiqi Məktəbi istifadəyə veriləcək. Vurğulamaq istərdim ki, Gədəbəy Aşıqlar ansamblı respublikada azsayda fəaliyyət göstərən ansambllardan ən yaşlısıdır.

Ümumiyyətlə, görülən işlər turistlərin rayona axınını sürətləndirir. Hesab edirəm ki, turizm potensialından səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz dünyanın ən məşhur turizm məkanlarından birinə çevriləcək.

Digər xəbərlər