- Elman müəllim, Ermənistan Azad Demokratlar partiyasının nümayəndəsi Aleksandr Arzumanyan da bəyan edib ki, Ermənistanda nəzərdə tutulan parlament seçkilərinin qeyri-demokratik keçiriləcəyi Serj Sarkisyan rejiminin apardığı seçki siyasətinin nəticələrində artıq özünü göstərməkdədir. Bu baxımdan, demək olarmı ki, Ermənistan dövləti seçki keçirmək imkanlarına malik deyil?
- Bu gün işğalçı Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin qeyri-demokratik keçiriləcəyi ilə bağlı fikirlər daha çox səslənməkdədir. Çünki bunu deməyə kifayət qədər əsaslar var. Məsələ burasındadır ki, Ermənistanda siyasi rejimin özü qeyri-qanunidir. Çünki 2008-ci ilin mart ayında Serj Sarkisyan prezident seçildikdən sonra, ölkədə çox böyük ehtirazlar müşahidə olunmuşdur. S.Sarkisyan saxta yolla seçildiyi və xalqın qəbul etmədiyi rejimi hələ də qoruyub saxlamaqdadır. Yəni, işğalçı ölkədə istənilən qeyri-qanuni addımların atılması və kütləvi seçki saxtakarlığın olacağını indidən proqnozlaşdırmaq mümkündür. Ermənistan Azad Demokratlar partiyasının nümayəndəsi olan A.Arzumanyanın bu rejimə qarşı belə bəyanatlar səsləndirməsi konkret olaraq faktlara söykənir. Çünki onlar sözügedən ölkədə yaşayırlar və bütün detalları daha yaxşı bilirlər. Ümumiyyətlə, Ermənistanda yaşayan əhali kütləvi şəkildə ölkəni tərk etməkdədir. Yəni, Ermənistan əhalisi davamlı şəkildə azalmaqdadır. Demək olar ki, gələcəkdə Ermənistanın sərhədlərini qorumaq üçün ölkədə əsgər tapılmayacaq. Bu baxımdan, xalq heç bir halda, S.Sarkisyan rejiminə etimad göstərib, bu rejimin xeyirinə seçkilərdə səs verməz. Bu da açıq şəkildə Sarkisyan rejiminə aydındır. Belə olan təqdirdə, hakimiyyətdə qalmağın yeganə yolu S.Sarkisyan rejimi üçün seçki saxtakarlığı hesab olunur. Yəni, bu gün işğalçı ölkədə olan hakim rejim də məhz buna hazırlaşır.
- A.Arzumanyan onu da bildirib ki, seçicilərin sayı ölülərin hesabına artırılır. Belə çıxır ki, ölkədə ən aktiv seçicilər məhz ölülərdir. Partiya nümayəndəsinin belə bir fikiri deməyə əsas verirmi ki, S.Sarkisyan ümidini yalnız həyatda olmayanlara bağlayıb?
- Seçki saxtakarlığının bir çox pis əlamətləri var. Sarkisyan rejimi tərəfindən ölüləri real seçiciyə çevirmək təcrübəsi Ermənistanda sınaqdan keçirdiyi bir variantdır. Bu gün özünə müəyyən mənada, sosial dayağı olan heç bir hakimiyyət bu cür addımları atmaz. Doğrudur, saxtakarlıq yollarından istifadə praktikası dünyada var. Amma ölüləri real seçiciyə çevirmək təcrübəsi artıq real Ermənistan modelidir. Bir sözlə, işğalçı ölkədə ölüləri real seçiciyə çevirmək məsələsi, Ermənistanın dünyada getdikcə tükənməkdə olan nüfuzuna növbəti zərbə olacaq.
GÜLYANƏ