- Mübariz müəllim, bildiyimiz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkə teatrlarının inkişaf etdirilməsi haqqındda "2009-2019-cu illər üçün Dövlət Proqramı" təsdiqlənmiş, bununla bağlı bir sıra uğurlu layihələr, islahatlar həyata keçirilir. Bu rəsmi sənədlər milli teatrımızın inkişafına necə təsir göstərir?
- Bu reallıqdır ki, son dövrdə ölkə Prezidenti İlham Əliyev tərəfindən respublikanın bütün sahələrinə diqqət ayrılıb, uğurlu layihələr, islahatlar həyata keçirilir, dövlət proqramları reallaşır. Dövlətin diqqət və qayğısı nəticəsində təkcə mədəniyyət sahəsində imzalanan 300-dən artıq Sərəncam və Fərmanlar böyük nailiyyətlərin əldə olunması ilə nəticələnib. Teatr müəssisələrinin, mədəniyyət ocaqlarının yenidən qurulması, təmir etdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi bu və ya digər rəsmi sənədlərin nəticəsi olaraq reallaşıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu sırada olan mədəniyyət müəssisələrindən biridir ki, müasir standartlara cavab verərək təmir olunub istifadəyə verilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkə teatrlarının inkişaf etdirilməsi haqqında "2009-2019-cu illər üçün Dövlət Proqramı"nda Azərbaycan teatrının 10 il ərzində hansı inkişaf mərhələsini keçməsi, görüləcək işlərlə bağlı əsasnamələr diqqətə çəkilib. Bütün teatrlar üzrə Dövlət Proqramının, demək olar ki, bəndləri intensiv olaraq həyata keçirilir. Bu bəndlərin bir neçəsini xatırlatmaq istərdim. Onlardan birincisi teatr mədəniyyət ocaqlarının bərpa və yenidənqurma işlərini həyata keçirməkdir. Demək olar ki, əksər mədəniyyət ocaqları artıq bu mərhələni arxada qoyub. Bir qismi isə artıq bu yaxınlarda təmirdən sonra istifadəyə veriləcək. Bütün bunlarla yanaşı, teatr sənəti tarixində islahatların aparılması da nəzərdə tutulub. Bu islahatlar ilkini olaraq elə bizim teatrda aparıldı. Belə ki, 1928-ci ildən etibarən bizim teatrda iki truppa - rus və Azərbaycan bölmələri fəaliyyətdə idi. İslahatın ilkin mərhələləri olaraq rus bölməsi, Azərbaycan Dövlət Rus Dram Teatrına birləşdirildi. İslahatların ikinci mərhələsində isə Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildi. Bu proseslərlə biz teatr islahatlarının ilkin mərhələsinə qədəm qoyduq. Hər iki teatr çox müasir texniki avadanlıqlarla təchiz olunmuş teatrda fəaliyyətlərini davam etdirirlər. Bu islahatlardan sonra üç teatrın birgə fəaliyyəti nəticəsini verir. Qısa müddətdə altı yeni tamaşaya quruluş verib, bərpa edib tamaşaçıların ixtiyarına vermişik. Bu gün də yeni tamaşalar üzərində hazırlıq işləri aparılır. Bizim üçün sevindirici məqam odur ki, tamaşaçılar bir tamaşaya baxdıqdan sonra ikinci, üçüncü dəfə yenidən teatrımıza təşrif buyururlar. Bu, həm teatrın müasir standartlara cavab verən bir şəkildə qurulması, həm də tamaşaların keyfiyyət baxımından yüksək olması ilə əlaqədardır. Biz komponentlərin əməyini ortaya qoyub tələbatları ödəyə biləcək səhnə əsərini ərsəyə gətirməyə nail oluruq. Dövlət tərəfindən ayrılan diqqət, avadanlıqların qurulması, tam təminatımız bizə zəif tamaşanın təqdiminə imkan vermir. İstər klassik olsun, istər müasir, istərsə də rus dramaturqlarının əsərləri olsun fərq etməz ən yüksək səhnə əsərlərini tamaşaçıya təqdim etmək mənəvi borcumuzdur.
- Azərbaycan Prezidenti tərəfindən Azərbaycan dramaturgiyasının banisi, böyük filosof, mütəfəkkir M.F.Axundzadənin 200 illik yubileyinin keçirilməsi ilə bağlı Sərənəcam imzalanıb. Teatrda bu yubileylə bağlı hansı işlər görülür?
- Bütün respublikanın teatr kollektivləri bu yubileyə hazırlaşır. Bununla bağlı keçiriləcək teatr festivalına hazırlıq işlər görülür. Festivalın ilkin mərhələsi iyun ayının əvvəllərində Mingəçevir Dövlət Dram Teatrından strat götürəcək. Daha sonra isə Bakı şəhərində, paytaxt teatrlarda davam etdiriləcək. Bizim teatrda hazırda Axundzadənin iki dram əsəri "Hekayəti-xırs-quldurbasan" və "Lənkəran xanın vəziri" tamaşaları oynanılır. Vaxtilə bizim teatrda hazırlanmış "Hacı Qara" və "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşaları üzərində bərpa işləri aparılır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa işlərinə görə maliyyə vəsaiti ayrılıb. Hazırda hər iki əsərin paralel olaraq məşqləri aparılır. Aprel ayının 2-ci yarısında və may ayının ikinci yarısında bu tamaşaları təhvil verəcəyik. İyun ayının 2-ci yarısında Axundzadənin yaradıcılığından olan bu dörd tamaşanı festival çərçivəsində Axundzadə həftəsi adı altında tamaşaçıların ixtiyarına verəcəyik.
Onu da vurğulayım ki, bundan əlavə olaraq bizim illik repertuarımıza uyğun olaraq planlı şəkildə işlər görülür. Azərbaycan xalq nağılları əsasında "Əlincə qalası" və yaxud "Naxçıvannamə" tamaşası səhnələşdiriləcək. İkinci bir tamaşanın isə artıq hazırlanma prosesinə start verilib. Bu, dövlət sifarişi ilə hazırlanan gənc dramaturq Kamran Ağabalayevin "Sərgüzəşti-Şahzadeyi-Xəzər" adlı nağıl-tamaşadır. İlin sonuna qədər bu və ya digər tamaşaları sənətsevərlərin ixtiyarına verəcəyik.
- Bu gün ölkəmizdə baş verən sıçrayışlar, uğurlar, nailiyyətlər bütün sahələrdə təzahür olunur. Bu müşayiətin nəticəsi olaraq Azərbaycan dünya arenasında öz tarixi kökündən gələn dəyərləri ilə "Eurovision - 2011" Mahnı Müsabiqəsində qalib oldu və bu gün Bakı müsabiqəyə ev sahibliyi edir. Bir sənət adamı kimi bu müsabiqəyə hazırlığın keyfiyyəti və görülən işlərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- İlk olaraq, vurğulayım ki, bu müsabiqənin Azərbaycanda keçirilməsi Azərbaycan üçün böyük hadisədir. Bu qələbə bizim kökümüzdən qaynaqlanan mənbələrə söykənir. Müsabiqənin qaliblərindən biri olan Eldar Qasımovun ulu babası Abbas Mirzə Şərifzadə, ulu nənəsi isə Mərziyə xanım Davudovadır. Azərbaycan teatr sənətinin böyük nəslinin davamçısı olan Eldarın belə nailiyyəti əldə etməsi məhz bu genlərdən gələn keyfiyyətdir. Onu da qeyd edim ki, Eldarın nənəsi Firəngiz Şərifova bizim teatrın aktrisasıdır. Mənim ilk təbrik etdiyim şəxs də elə Firəngiz xanım oldu. Eldar elə bu teatrda böyüyən bir gəncdir. Mütəmadi olaraq teatra gəlir, tamaşaları izləyirdi. Onda sənətdə püxtələşmə artıq kiçik yaşlarından gedirdi. Onun və Nigar Camalın ifası ilə biz beynəlxalq müsabiqədə qələbəni yaşadıq. Təsəvvür edin ki, şəhərimizə gələcək "Eurovision 2012" təmsilçiləri qısa müddətdə Azərbaycan haqqında nə qədər həqiqətləri öyrənə biləcəklər. Şəhərimizdə olan mədəniyyət ocaqlarını, inşa olunan otelləri, ümumilikdə, ölkəmizin inkişafını görəcəklər. Bildiyiniz kimi, bizim teatr ötən ilin may ayında Uşaq və Gənc Tamaşaçılar Teatrının Beynəlxalq qurumuna - ASTEJ-ə qəbul olunub. ASTEJ-in Azərbaycan üzrə milli qurumu yaradıldı və mən həmin mərkəzin rəhbəriyəm. Bu il ASTEJ-in növbəti toplantısı Bakıda keçirildi və qurumun 18 ölkədən olan nümayəndəsi şəhərimizə qonaq oldu. Toplantıdan sonra mütəmadi olaraq biz onlara mədəni proqramlar tərtib etmişdik. Hər gün bir mədəniyyət mərkəzində olurdular. Nümayəndə heyətini Beynəlxalq Muğam Mərkəzinə apardıq və onlar muğamların sehrinə valeh oldular. Qonaqlar şəhərimizdə olan inkişafa, abadlıq-quruculuq işlərinə təəssüratlarını belə gizli saxlaya bilmədilər. ASTEJ-in nümayəndələri toplantıdan qayıtdıqdan sonra belə bir fikir söylədilər ki, biz özümüz üçün yeni bir ölkə - Azərbaycanı kəşf etdik. Təbii ki, "Eurovision"un Azərbaycanda keçirilməsi önəm kəsb edir. Mədəniyyət müəssisələrində bu müsabiqəyə ciddi hazırlıq işləri görülür. May ayı üçün bizim teatrın təqdim edəcəyi xüsusi repertuar artıq bəllidir. Ən yaxşı tamaşalarımızı qonaqlara göstərməyə artıq hazırıq. Şəhərimizdə aparılan hazırlıq işləri ilə bağlı hətta müsabiqənin rəsmi nümayəndələri belə razılıq edirlər. Yəqin ki, yaxın günlərdə bu hazırlıq işlərinə yekun vurulacaq və Azərbaycan yüksək qonaqpərvərliklə öz qonaqlarını qəbul edəcək. Əgər dövlət rəhbərliyi tərəfindən bu müsabiqəyə önəm verilirsə və diqqətdədirsə, demək, hazırlıq prosesi də layiqli bir şəkildə aparılır.
Nəzakət ƏLƏDDİNQIZI