- Elşad müəllim, Azərbaycan dövlətinin Dağlıq Qarabağın erməni işğalından azad edilməsi üçün antiterror əməliyyatları apararsa, dünya birliyinin buna reaksiyası necə ola bilər?
- Bildiyiniz kimi, Azərbaycan dövləti beynəlxalq terrorizmə qarşı mübarizədə öndə gedən ölkələrdəndir. Azərbaycan ABŞ-da baş vermiş 11 sentyabr hadisələrindən sonra, dünya birliyinin beynəlxalq terrorizmə qarşı mübarizə çağırışlarına ilk səs verən dövlətlərdən oldu. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazi bütövlüyü kimi tanınan Dağlıq Qarabağda antiterror əməliyyatlarının aparılması üçün ölkəmizin hər cür hüquqi əsasları var. Azərbaycan tərəfi özünün daxili siyasi bir problemi kimi Dağlıq Qarabağ münaqişəsini daxili resursları, imkanları hesabına tənzimləmə imkanlarına və hüququna malikdir.
- Bu gün Ermənistanın hakim rejimi orada erməni azlığı və onların hüquqları məsələsini ortaya atıb...
- Təbii ki, bütün bunların hamısı qondarma bəhanələrdir. Ermənilər Azərbaycan dövlətinin qanunlarına tabe olarsa, onların konstitusyon hüquqları tam qorunacaq. Hazırkı məqamda Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi dinc vasitələrlə, yəni, danışıqlar yolu ilə həll edilməsinə səylər göstərilir. Hər zaman Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan görüşlər zamanı ölkəmiz bu münaqişənin dinc vasitələrlə tənzimlənməsinə tərəfdar olduğunu qeyd edib. Dəfələrlə Prezident İlham Əliyev də bildirib ki, danışıqlar prosesi üçün, hələlik, imkanlar tükənməmişdir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesində gözləntilər qalmaqdadır. Bu baxımdan, hesab edirəm ki, bu gün Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparmaq üçün tələsməməlidir.
GÜLYANƏ