- Fazil müəllim, ATƏT-in Minsk Qrupu həmsədrləri 20 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real nəticəyə nail ola bilməyiblər. Sizcə, bundan sonra həmin qurumun fəaliyyətindən konkret nəticə gözləməyə dəyərmi?
- Demək olar ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyət limiti tükənib. Yəni, münaqişənin həlli ilə bağlı sözügedən qurumdan hər hansı bir ciddi nəticə gözləmək inandırıcı görünmür. Sadəcə olaraq, beynəlxalq təşkilatlara münaqişənin olduğu kimi saxlanması üçün nəzərdə tutulan bir mexanizm olaraq yarayır. Ona görə də, ATƏT-in Minsk Qrupunun formatını dəyişmək imkanlarımız da məhduddur. Buna görə də səylərimizin bir nəticə vermədiyini etiraf etməliyik. Bütün hallarda biz iri formatlar üzərində düşünməliyik. Çünki əks halda bu kimi məsələlərdə bizim uğur qazanmağımız çətin ola bilər. Çünki bu format Azərbaycan tərəfinin xeyirinə düşünülmüş bir format deyil. Bütövlükdə, işğalçı ölkə olan Ermənistanın əlində torpaqları rəsmləşdirmədən belə, saxlamağa xidmət edən bir alətdir. Bu formatın dəyişilməsi üçün hansı mümkün vasitələr varsa, onun üzərində ciddi şəkildə düşünməliyik.
- Demək olarmı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Rusiyanın hər hansı bir tutacağı mövqedən və atacağı addımlardan aslıdır?
- Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya və ABŞ-dan asılıdır. Çünki bu, Rusiyanın və ABŞ-ın birlikdə qurduğu bir layihədir. Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Xüsusi olaraq da Azərbaycanın qanuni hüquqlarının bərpasını istəmirlər. Yəni, sözügedən iki dövlətin hədəfi Ermənistan tərəfini haqlı çıxarmaq və işğalçı ölkənin maraqlarını müdafiə etməkdir. Bunu da etmək üçün bütün vasitələrdən istifadə etməkdədilər. O cümlədən, ATƏT-in Minsk Qrupunda əlaltı bir qurum kimi öz işlərinin həyata keçməsinə görə istifadə edirlər.
GÜLYANƏ