PDF Oxu

Müsahibə

  • 815

“Əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir”

“Əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir”

- Musa müəllim, hazırda ölkəmizdə həyata keçirilən sosial siyasətin əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Sosial siyasətin nəticələri cəmiyyətdə necə qarşılanır?

- Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sosial siyasət bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi modern dövlət sisteminin, müasir dövrün tələblərinə uyğun olaraq yeniləşdirilir və inkişaf etdirilir. Sosial siyasətin mühüm bir sahəsi olan əhalinin sosial müdafiəsi məsələsində, konkret olaraq pensiya, sığorta, əlillərin sosial müdafiəsi, aztəminatlı insanlara ünvanlı yardım verilməsi sahəsində kifayət qədər zəngin və möhkəm hüquqi baza yaradılıb. Ötən 8 ildə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərmişdir. Bu gün Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqram və konsepsiyalar həyata keçirilir, ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Azərbaycan insanının gün-güzəranı yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, işsizlik, yoxsulluq kimi ağır sosial bəlalar həllini tapır. Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də ötən 8 ildə 1 milyondan çox yeni iş yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə, yoxsulluq həddinin getdikcə aşağı enməsidir. Bildiyiniz kimi, 2012-ci il dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinə 1781,6 milyon manat vəsait nəzərdə tutulub. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi bir növ, cəmiyyətin mənəvi göstəricisinə çevrilir. Əhalinin pul gəlirləri təxminən 20 faiz artmış, inflyasiyanın səviyyəsi təxminən 8 faiz civarındadır. 2011-ci ilin yekunlarına görə, yoxsulluq 8 faizə qədər enmişdir. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir. Dünyada və Avropada iqtisadi sahədəki mənfi proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir.

- Ümumiyyətlə, pensiya islahatları ilə bağlı ölkəmizdə hansı qanunlar qəbul edilib? Bununla bağlı Milli Məclis tərəfindən qəbul olunan qanunların əhəmiyyətini necə dəyərləndirirsiniz?

Bildirim ki, 2005-ci ildə bu sahə ilə bağlı üç mühüm qanun qəbul olundu. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə həmin qanunlar 2006-cı ilin yanvar ayından qüvvəyə mindi. Bunlar "Əmək pensiyaları haqqında", "Sosial müavinətlər haqqında" və "Fərdi uçot haqqında" qanunlardır. Məhz bu qanunların qüvvəyə minməsi ölkəmizdə pensiya islahatlarının modern şəkildə həyata keçirilməsini təmin etdi və Azərbaycanda çox uğurlu və mütərəqqi bir pensiya sistemi quruldu. Görülən işlərin nəticəsi olaraq pensiyaların ödənilməsində şəffaflıq, ünvanlılıq təmin olundu, hər kəsin pensiyasının özünün hesablayacağı bir baza sistemi yarandı. Bu gün Azərbaycanda pensiyaların ödənilməsi plastik kartlar vasitəsilə həyata keçirilir ki, bu da ödəmələrdə şəffaflığın təmin olunmasında böyük rol oynayır. Aparılan islahatlar nəticəsində pensiyaların ödənilməsində və təminatında çox böyük uğurlar əldə olundu. Prezidentimizin əsas hədəflərindən biri Azərbaycanı varlı ölkəyə çevirməkdir, əhalimizi inkişaf etmiş, sosial-rifah içində yaşayan bir xalqa çevirməkdir. Biz buna da 20 il ərzində addım-addım gələrək nail olmuşuq və böyük nailiyyətlər əldə etmişik.


R.KAMALQIZI

Digər xəbərlər