- Tahir müəllim, radikal müxalifət düşərgəsində pərakəndəliyin və dağınıqlığın başlıca səbəblərini liderlərin böyük iddialarla çıxış etmələri ilə əlaqələndirmək olarmı?
- Təbii ki, radikal müxalifət düşərgəsində pərakəndəliyin və dağınıqlığın başlıca səbəbləri həmin partiyalara rəhbərlik edən liderlərin böyük iddialarla çıxış etmələridir. Məhz buna görə də müxalifət qüvvələri birləşə bilmir və birləşə bilən də deyil. Ona görə də, həmin partiya rəhbərləri xalqı inandırmağa çalışmasınlar ki, doğrudan da, bunlar tam səmimidirlər və bir-birinə güzəştə getməyə hazırdırlar. Demək olar ki, radikal müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtsa onlar da nəyəsə nail ola biləcəklər. Amma onların bu arzuları heç vaxt həyata keçib real olan deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır.
- Müxalifətin keçirdiyi 8 aprel mitinqində iştirakçıların sayının az olmasını artıq müxalifətin tükəndiyini və onlara qarşı cəmiyyətin inamsızlığının daha bir təzahürü kimi qiymətləndirmək olarmı?
- Müxalifət tərəfindən aprelin 8-də keçirilən mitinqdə iştirakçıların sayının az olması müxalifətin tamamilə tükəndiyini göstərir. Demək olar ki, müxalifət qüvvələri tərəfindən keçirilən həmin mitinqdə iştirak edənlər ancaq özlərinin yaxın qohumları idi. Hətta onlar tərəfindən keçirilən həmin mitinqdə vaxtilə radikal müxalifət düşərgəsində təmsil olunan köhnə "qvardiyalar" yox idi. Radikal müxalif qüvvələrdən xalq tamamilə imtina edib. Bir sözlə, Azərbaycan xalqı Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyərək Ona inanır.
- "İctimai Palata" 22 aprel mitinqinə hazırlaşır. Amma bu mitinqin də 8 aprel mitinqi kimi zəif və sönük keçəcəyini hansı faktlarla əsaslandırmaq olar?
- "İctimai Palata"nın aprelin 22-də keçiriləcək mitinqi 8 aprel mitinqi kimi zəif və sönük olacaq. Yəni, bu dəfə də onlar tərəfindən keçirilən mitinqin heç bir ciddi nəticəsi olan deyil. Çünki xalq tərəfindən onların heç bir siyasi dəstəyi yoxdur. Sadəcə olaraq, sözügedən qüvvələr bu kimi mitinqləri keçirməklə, bir müddət gündəmdə qalmaq istəyirlər.
GÜLYANƏ