PDF Oxu

Müsahibə

  • 866

Eldar İbrahimov: “Serj Sarkisyanın siyasi iradəsizliyi dünyaya məlumdur”

Eldar İbrahimov: “Serj Sarkisyanın siyasi iradəsizliyi dünyaya məlumdur”

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsi keçirilib. Müşavirədə çıxış edən ölkə Prezidenti, Azərbaycanın əldə etdiyi uğurlar, sosial-iqtisadi sahədə atılan addımlar, Dağlıq Qarabağ münaqişəsi və bir sıra digər məsələlərə toxunub. Dövlət başçısının çıxışına münasibət bildirən millət vəkili Eldar İbrahimov "Səs" qəzetinə müsahibə verib.

- 2012-ci ilin sosial-iqtisadi yekunlarına dair Nazirlər Kabinetinin müşavirəsində dövlət başçısı İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlar barədə danışıb. Bu nitqi Azərbaycanın gələcək perspektivlərinin artması baxımından necə qiymətləndirirsiniz?

-Dövlət başçısı çıxışı zamanı 2012-ci ilin I rübündə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar haqda ətraflı məlumat verdi. Pensiyaların artırılması, sosial rifahın yaxşılaşdırılması baxımından bu çıxış xüsusi önəm daşıyırdı. Ölkə rəhbəri çıxışı zamanı böyük təsərrüfatların yaradılması ilə bağlı göstəriş verdi. Bu isə bir çox sahələrdə əldə olunacaq uğurlardan xəbər verir. Bu gün özümüzü bütün kənd təsərrüfatı məhsulları ilə təmin etmək, hətta xarici bazarlara da çıxmaq imkanımız var. Ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı sahəsinə ciddi qayğı göstərilir. Subsidiyaların verilməsi, keçən illə müqayisədə bu il büdcədən 450 milyon manatdan çox vəsait ayrılması da sözügedən qayğının bariz nümunəsidir. Müşavirədə toxunulan əsas məsələlərdən biri də melorasiya ilə bağlı idi. Yeni torpaqların suvarılması və taxılçılıq, üzümçülük təsərrüfatları üçün yeni torpaqların ayrılması kimi məsələlər də dövlət başçısının çıxışında öz əksini tapdı. Düzdür, əvvəlki illərlə müqayisədə Azərbaycan müstəqilliyinin 20-ci ilində olan bir ölkə kimi, bütün sahələrdə bir sıra uğurlar əldə edib. Lakin hesab edirəm ki, bu uğurları daha da inkişaf etdirmək üçün iri təsərrüfatlara keçmək və yeni torpaqların istifadəyə verilməsi ciddi töhfə verəcək. Keçən il aprel ayının 15-də biz kooperasiya haqqında qanun layihəsini təqdim etmişik və layihə birinci oxunuşdan keçib. Bir ildir ki, layihə komitədə saxlanılır. Çünki biz insanların fikirlərini, reaksiyalarını öyrənməyə, cəmiyyətdə belə bir qanunun qəbul olunmasının nə dərəcədə vacib hesab olunub-olunmamasını araşdırmağa çalışırdıq. Bu müddət ərzində bizə cəmiyyətin müxtəlif təbəqələrindən məktublar gəlib və insanlar bu qanunun əhəmiyyətini dərk edirlər. Bu isə, təbii ki, sevindirici haldır. Bu qanun ölkə Prezidentinin müşavirədə səsləndirdiyi fikirləri tamamlayır və ona dəstək verir. Bu gün Azərbaycan sürətli inkişaf tempi ilə Avropaya inteqrasiya olunmağı qarşısına məqsəd qoyub. Əgər yolumuz Avropa yoludursa, biz onlarda olan bütün müsbət halları özümüzdə tətbiq etməliyik. Ümumilikdə müşavirədə Prezidentimizin sosial-iqtisadi məsələlərin həlli Azərbaycanın Avropaya inteqrasiyası və digər sahələrlə bağlı çıxışlarını yüksək qiymətləndirirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, dövlət başçısının bütün sahələrdə bir mütəxəssisdən daha ətraflı məlumat verməsi qürurverici haldır.

- Eldar müəllim, 2012-ci ilin birinci rübündə ölkə Prezidenti maaşların, pensiyaların artırılması kimi bir sıra məsələlərlə bağlı ciddi addımlar atıldığını diqqətə çatdırdı. Sizcə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış bu siyasət xalq tərəfindən necə qiymətləndirilir?

- Mən bir millət vəkili olaraq xalqla yaxından təmasdayam. Şəhərdə gəzirəm, bazarlarda tez-tez qiymətləri müşahidə edə bilmək üçün özüm şəxsən gəzinti keçirirəm. Xarici ölkələrdə səfərdə olduğum zamanlar da oradakı bazarlarda qiymətləri öyrənib Azərbaycanla müqayisə edirəm. Azərbaycanda bu gün əmək haqqı ilə bazar əlaqəsi başqa ölkələrdən heç də geri qalmır. Bəzi Avropa ölkələrində orta aylıq əmək haqqının 5000 dollar olması ilə bağlı fikirlər səsləndirilir. Lakin bu, yanlış düşüncədir. Həmin ölkələrdə əmək haqqı 5000 dollardırsa, ətin kiloqramı da 30-35 dollardır. Bu müqayisəni nəzərdən qaçırdıqda, mövqelər ədalətsizləşir. Bizdə əmək haqqı bəzi ölkələrə nisbətən aşağı ola bilər, lakin bazarda da tarazlıq qorunur. Bütün kənd təsərrüfatı məhsulları ilə təmin edə biliriksə, deməli, Azərbaycanda bazar insanların həyat səviyyəsini tamamlayır. Pensiya və əmək haqlarının artırılmasına gəldikdə isə, bəli, bu istiqamətdə müxtəlif müsbətyönlü addımlar atılır. Bu addımlar isə müddətlik deyil, daimidir. Yəni bu cür əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hsablanmış addımların davamı hər zaman olacaq. Məsələn, biz may ayında büdcəyə baxacağıq. Əvvəllər büdcədə çatışmazlıqlar olurdusa, bu gün həmin çatışmazlıqlar yerini gəlirlərə verib. Ona görə də, gəlir olan hissə hesablanaraq mütəmadi şəkildə pensiyaların, əmək haqlarının artırılmasına xərclənir. Azərbaycan əhalisi tərəfindən bu halın necə qiymətləndirildiyi isə göz qabağındadır. Xalq ölkə Prezidentinin siyasətini dəstəkləyir və alqışlayır. Çünki insanlar onların uğrunda görülən işləri də, atılan addımları da yaxından izləmə şansına sahibdirlər.

- Müşavirədə Azərbaycanın birinci rüb ərzində Davos iqtisadi forumunda, Münhen təhlükəsizlik konfransında və Koreyada keçirilən nüvə təhlükəsizliyi sammitində iştirak etdiyi bildirilib. Sizcə, bütün bunlar Azərbaycanın dünyaya inteqrasiya istiqamətində atılan kəskin addımlarının göstəricisi deyilmi?

-Bütün bunlar Azərbaycanın iqtisadi inkişafı ilə əlaqəlidir. Ümumiyyətlə, iqtisadiyyatı güclü olmayan ölkənin siyasəti də güclü ola bilməz. Əgər diqqət etsək, görərik ki, qısa müddət ərzində dövlət büdcəmiz kifayət qədər artıb. 1996-cı ildə dövlət büdcəmiz 500 milyon manat təşkil edirdi. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bütün dünyaya çıxır. Çexiya, Bolqarıstan, Rumınıya kimi bir sıra ölkələrə bu gün neft satmağımız Avropanın yanacağımıza görə bizdən asılı hala düşdüyünü göstərir. Artıq Ukrayna Rusiyadan imtina edərək, Azərbaycandan neft almağa hazırlaşır. Bütün bunlar isə Azərbaycanın güclü, dinamik inkişafından xəbər vrir. Heç şübhəsiz ki, bu inkişafın arxasında Azərbaycanın Davos İqtisadi Forumunda, Münhendəki Təhlükəsizlik Konfransında, Koreyada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı durur. Yəni bütün bunlar Azərbaycanın gücünün dünyaya bəyan edilməsində önəmli meydanlardır. Azərbaycanın 193 ölkədən 155-nin səsini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə tariximizdə qeyd oluna biləcək ən önəmli hadisələrdən biridir. Ona görə də, bu uğurlara gətirib çıxaran siyasətlə hər şeydən əvvəl, bir vətəndaş kimi fəxr etmək lazımdır.

- Eldar müəllim, ölkə Prezidentimiz müşavirədə Dağlıq Qarabağ məsələsinə də toxunub və qansız-qadasız torpaqlarımızı azad etmək üçün əlimizdən gələni edəcəyimizi bəyan edib. Sizcə, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedə davam edərsə, Azərbaycanın başqa çıxış yolu varmı?

- Ümumiyyətlə, bütün müşavirələrdə, görüşlərdə, beynəlxalq konfranslarda, həm dövlət başçımız, həm xarici işlər naziri, həm millət vəkilləri bütün məqamlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyimizi və həqiqətlərimizi dünyaya çatdırmaq üçün əlllərindən gələni edirlər. 1993-cü ildən bəri ATƏT PA-nın üzvü olaraq keçirilən iclaslarda da yaxından iştirak edirəm. Erməni dputatlarla görüşlərdə biz daima fikirlərimizi bildirir, onları tənqid edirdik. Bu gün də bu proses davam edir. Çox təəssüflər olsun ki, mən bu günə qədər həmişə ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olmuşam və bunu bu gün də gizlətmirəm. Düzdür, son zamanlar nə qədər hərəkətdə olduqlarını göstərməyə çalışsalar da, nəticə eynidir. Bir yerdə isə əgər nəticə yoxdursa, deməli, görülən işdən danışmaq mənasızdır. Onlar özləri də, bütün dünya da bilir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələnin həll olunması üçün böyük səbr göstərir və sülh yoluna üstünlük verir. Təəssüflər olsun ki, siyasi iradəsizliyi ilə seçilən Serj Sarkisyan daima bu məsələnin həllindən qaçıb və onu gecikdirməyə çalışıb. Lakin onlar bilməlidirlər ki, cənab Prezidentimizin də müşavirədə ifadə etdiyi kimi, bu məsələnin həllinin uzanması Ermənistanın ziyanına, Azərbaycanın isə xeyirinədir. Biz bu məsələnin sülh yolu ilə qansız, savaşsız həll olunması üçün əlimizdən gələni edirik. Azərbaycan müharibəyə meyilli ölkə deyil və biz hər zaman sülhsevərliyimizlə seçilmişik. Lakin Ermənistan bu mövqeyinə davam etsə, Azərbaycanın verəcəyi cavabın nə olduğunu da, buna nə dərəcədə hazırlıqlı olduğumuzu da bilir. Bu gün Azərbaycanın hərbi gücü və müasir standartlara cavab verən güclü ordusu torpaqlarımızı geri qaytara bilmək üçün kifayətdir.


GÜNAY MƏMMƏDOVA

Digər xəbərlər