- Mais müəllim, radikal müxalifət mitinqlər keçirir. Amma keçirilən mitinqlər iflasa uğrayır. Belə olan halda, nəyə görə, radikal müxalifət qüvvələri siyasətdən getmirlər?
- Radikal müxalifət qüvvələrinin keçirdikləri mitinqlər zamanı iştirakçıların sayının həddindən artıq az olması, bir daha sübut etdi ki, müxalifət cəmiyyət tərəfindən dəstəklənmir. Demək olar ki, sözügedən qüvvələr öz tərəfdaşlarını sürətlə itirə-itirə gedir. Radikal müxalifət təmsilçiləri tərəfindən keçirilən sonuncu mitinq bir daha sübut etdi ki, müxalifət partiyaları iflasa uğrayıb. Radikal müxalifət düşərgəsini təmsil edən partiyalar uzun illərdir ki, ölkədə fəaliyyət göstərir. Amma həmin partiyalar bu illər ərzində ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gedirlər. Belə olan halda, təbii ki, gərək sözügedən partiyalara rəhbərlik edən liderlər istefa verərək, tamamilə siyasətdən çıxıb getsinlər. Radikal müxalifət qüvvələri iflasa uğrasalar belə, yenə də heç nə olmayıbmış kimi, rəhbərlik etdikləri partiyalarda öz fəaliyyətlərinin davam etdirməkdədilər. Bu da həmin partiyalarda demokratiyanın olmamasından xəbər verir.
- Əgər radikal müxalifət qüvvələri öz yerlərini yeni qüvvələrə verərsə, həmin düşərgədə hansısa dəyişiklik baş verərmi?
- Əgər radikal müxalifət düşərgəsində təmsil olunan köhnə liderləri yeniləri əvəz edərsə, o zaman qısa müddət ərzində, süzügedən partiyalarda müsbətə doğru canlanma baş verə bilər. Bir sözlə, həmin partiyalarda ciddi islahatlar aparılmalıdır. Bildiyiniz kimi, bu partiyalar 1990-cı ilin əvvələrində yaranmış partiyalardır. Həmin vaxtlar sözügedən partiyalar əsasən bu və ya digər liderin ətrafında yaranan siyasi qruplar idi. Həmin partiyalarda normal partiya quruculuğu getmədi. Yəni, bu partiyalara cəmləşənlər konkret ideyalar ətrafında birləşən insanlar deyil, bu və ya digər liderlər ətrafında formalaşmış partiyalar idi. Demək olar ki, bu ənənə uzun illərdir ki, davam etməkdədir. Hesab edirəm ki, radikal müxalifət düşərgəsini təmsil edən partiyalarda partiya quruculuğu Avropa standartlarına uyğun şəkildə aparılmalıdır. Yəni, elə bir partiya quruculuğu ki, orada hər bir sıravi partiya üzvünün səsi, təklifi eşidilərək, həmin partiyalarda demokratik proseslər getsin, partiyalar hesabat versinlər və partiya daxilində buraxılan səhvləri müzakirə etsinlər. Amma sözügedən partiyalarda sadaladığım bütün bu məsələlər yoxdur. Ona görə də, həmin düşərgədə yeni partiya sədrlərinin seçilməsi o demək deyil ki, həmin partiyalarda müsbətə doğru nə isə ciddi dəyişikliklər ola bilər. Onlar gərək yenidən partiya quruculuğu ilə məşğul olsunlar. Yəni, sözügedən partiyaları yenidən quraraq, çox ciddi islahatlar aparsınlar. Bundan sonra ola bilsin ki, həmin partiyalarda nə isə bir canlanma olsun.
- Bəs radikal müxalifət qüvvələri öz fəaliyyətsizliklərini başa düşmürlərmi?
- Təbii ki, radikal müxalifət qüvvələri öz fəaliyyətsizliklərini başa düşürlər. Görünür, həmin partiya liderləri başqa bir işin qulpundan yapışa bilmədikləri üçün məhz özlərinin oturduqları kreslonu tərk etmək niyyətində deyillər.
GÜLYANƏ