- Ziya müəllim, bəlli olduğu kimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd olunur. Siz Ulu öndərlə birgə işləmiş şəxs kimi, Onun Azərbaycan üçün həyata keçirdiyi misilsiz xidmətləri necə qiymətləndirirsiniz?
- Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Ölkəmizdəki ictimai-siyasi sabitlik, həyata keçirilən sosial-iqtisadi islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Bununla yanaşı, özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya birliyi üçün açıq və tərəfdaş ölkəyə çevrilib. Bir məqam xüsusi vurğulanmalıdır ki, Ümummilli lider Heydər Əliyevin rasional və praqmatik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub.
Xatrladım ki, hər bir Azərbaycan vətəndaşının qəlbində böyük və səmimi izlər buraxan, yaddaşlarda daim qürur və məhəbbətlə xatırlanan Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi müddət ərzində respublikamızın hərtərəfli inkişafına nail olmuşdu. Həmin dövrdə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən məsələlər müvəffəqiyyətlə həyata keçirilmişdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, bütün infrastruktur yeniləndi, kənd təsərrüfatı modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü yaşamışdı. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və respublikanın digər bölgələrində yeni obyektlər tikilmiş, yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salınmış və körpülər inşa edilmişdi. Azərbaycana rəhbərlik etdiyi həmin 14 il ərzində əsrlər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran Ulu öndər Heydər Əliyevə bütün bunları həyata keçirməyə Onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı kömək etmişdi. Hakimiyyətə ikinci dəfə xalqın təkidi ilə, özü də respublikanın həm iqtisadi, həm də siyasi cəhətdən olduqca ağır vəziyyətində qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanı şimaldan və cənubdan məngənəyə salıb sıxan, onun xarici ölkələrlə ənənəvi əlaqələrini kəsən qüvvələrə qarşı Şərq - Qərb dəhlizini açmışdı. Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaq üçün bütün dünyanın gözü qarşısında məharətlə istifadə etmişdi. Dünya siyasətçiləri onun bu uzaqgörən addımını yüksək qiymətləndirmişdilər.
Cəsarətlə demək olar ki, 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biri kimi tarixə düşmüşdü. Konfransda qeyd olunmuşdur ki, Böyük İpək Yolunun dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişində, onun iqtisadi-mənəvi oyanışında misilsiz rol oynayacaq. Ulu öndər Heydər Əliyevin zəkasının nəticəsi olan bu cür nailiyyətləri sadalamaqla bitmir. Məhz, bu müdrik kursun məntiqi nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri, o cümlədən nəqliyyat-yol kompleksi dinamik sürətlə inkişaf edir. Biz bu inkişafın qarşıdakı illərdə də daha böyük sürətlə davam etdiriləcəyinə varlığımız qədər inanırıq. Çünki Azərbaycanımızın bugünkü uğurunun, qüdrətinin təminatçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də məhz Ümummilli liderimizin varisi, Heydər Əliyev məktəbinin layiqli davamçısıdır.
- Nəqliyyat-yol kompleksinin inkişafından bəhs etdiniz. Konkret detallara keçmədən öncə bu sahədəki inkişaf dinamikasını nə cur dəyərləndirərdiniz?
- Azərbaycan Respublikası iqtisadiyyatının yüksək templərlə inkişafını təmin edən davamlı sabitliyə, tərəqqiyə və yüksəlişə aparan uğurlu siyasət bütün sahələrdə olduğu kimi, nəqliyyat-yol kompleksinin də inkişafı üçün böyük imkanlar yaradıb. Ulu öndər Heydər Əliyev ölkənin nəqliyyat infrastrukturunda avtomobil yollarının mühüm əhəmiyyət kəsb etdiyini daim qeyd edərək, bu sahənin inkişafına xüsusi önəm verib. Ümummilli liderimizin "Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz" kəlamı artıq bu sahənin devizinə çevrilib. Bu gün nəqliyyat-yol kompleksinin fəaliyyəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edən ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, ölkəmizin tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşdirilməsinə yönəldilib. Nəqliyyat xidmətlərinə artan tələbatın təmin edilməsi məqsədi ilə daha səmərəli nəqliyyat sisteminin yaradılmasına istiqamətlənmiş və cənab Prezidentin sərəncamları ilə təsdiq olunmuş proqramların yerinə yetirilməsi nazirliyin əsas fəaliyyət istiqamətidir. Qeyd edim ki, ötən illər ərzində bu sahədə bir sıra problemlərin həllinə nail olunub, zəruri maddi-texniki baza formalaşdırılıb, bununla da hazırda görülən işlər üçün əsaslı zəmin yaradılıb. Elə ötən il müddətində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş uğurlar bir daha sübut edir ki, nəqliyyat-yol infrastrukturunun inkişafında yüksək dinamizm var.
- Ziya müəllim, son illər ərzində Azərbaycanın, xüsusilə də, Bakı şəhərinin nəqliyyat-yol sektorunda irimiqyaslı işlərin görüldüyü göz qabağındadır. Yeni yollar salınır, körpülər və yeraltı keçidlər inşa edilir. Ötən ildə də çoxsaylı layihələr reallaşdırılıb. Bu konteksdən 2011-ci il hansı yeniliklərlə yadda qalıb?
- Ümumiyyətlə, 2011-ci il ərzində nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb, infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə nail olunub. Ötən il ərzində nəqliyyat sektoru üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib, 203,5 milyon ton yük, 1491,9 milyon nəfər sərnişin daşınıb.
"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi" üzrə işlər davam etdirilib, hazırda yolun Axalkələk-Kartsaxi (Türkiyə sərhəddi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası və Kartsaxidə stansiya binasının tikintisi həyata keçirilir. Həmçinin, Axalkələk stansiyasının və Türkiyə-Gürcüstan sərhəddində tikiləcək 4,2 km uzunluğunda tunelin layihələndirilməsi işləri aparılır. Eyni zamanda yolun 153 km-lik Marabda-Axalkələk sahəsinin 3 mərhələdən ibarət reabilitasiya və rekonstruksiyanın I mərhələsində işlər davam etdirilib. Bununla yanaşı, dəmir yolunun bu marşrut üzərində yerləşən infrastrukturunun yeniləşdirilməsi tədbirləri müəyyən edilib və "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanılıb. Dəmir yolunun Bakı-Böyük-Kəsik sahəsində 317 km uzunluğunda baş yolların əsaslı təmirinə başlanılıb və bu məqsədlə 2011-ci ilin dövlət büdcəsindən və beynəlxalq maliyyə institutlarının kreditlərindən 59,4 milyon manat vəsait sərf olunub.
Yolun bu hissəsində enerji təchizatının və işarəvermə sisteminin yeniləşməsi, həmçinin, yeni lokomotivlərin və sərnişin vaqonlarının alınması və digər layihələr üzrə müvafiq işlər aparılır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə Beynəlxalq mühasibat hesablama standartlarına (BMHS) keçid ilə bağlı maliyyə sistemlərində islahatların aparılması üçün məsləhətçi G&G Consulting (Turkiyə) şirkəti seçilib və bu şirkət ilə müqavilə bağlanaraq işlərin icrasına başlanıb.
2011-ci il ərzində avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə 1608,3 milyon manatlıq iş həcmi yerinə yetirilib. Ötən il ərzində 668,7 km, o cümlədən 198,7 km respublika əhəmiyyətli, 421,5 km yerli əhəmiyyətli və Bakı şəhərində 48,5 km yol təmir olunub. Daxili investisiyalar hesabına Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, Bakı-Ələt (4-14 km), Zərdab-Mollakənd, Ələt-Hacıqabul, Qusar-Əniğ-Ləzə, İsmayıllı-Lahıc, M-2 (336 km)-Gəncə, Ələt-Hacıqabul, Cəlilabad - Yardımlı avtomobil yollarının tikintisi davam etdirilib, Kürdəmir-İmişli, Goran-Naftalan avtomobil yollarının inşasına başlanılıb. Bəhramtəpə-Biləsuvar avtomobil yolunun 4-cü kilometrində Araz çayının yeni qolu üzərində körpü tikilərək istismara verilib.
Bundan əlavə, avtomobil yollarında 18 ədəd, o cümlədən, Lənkəran iqtisadi rayonu üzrə 6 ədəd, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1 ədəd, Gəncə-Qazax iqtisadi rayonu üzrə 4 ədəd, Aran iqtisadi rayonu üzrə 6 ədəd, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1 ədəd körpü tikilərək istismara verilib. Aran iqtisadi rayonu üzrə 74 km, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 38 km, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 53 km, Gəncə-Qazax iqtisadi rayonu üzrə 23 km olan yerli əhəmiyyətli avtomobil yollarında təmir və yenidən qurma işləri aparılır. Quba-Xaçmaz iqtisadi rayonunda uzunluğu 20,4 km olan Quba-Qəçrəş-Qımıl avtomobil yolu tikilərək cari ilin sentyabr ayında istismara verilib.
Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına maliyyələşdirilən layihələr üzrə işlər davam etdirilib. Belə ki, Qazax-Gürcüstanla dövlət sərhədi və Kürdəmir-Ucar avtomobil yolları, Yevlax-Gəncə yolunun 0-50-ci km hissəsi yenidən qurularaq istismara verilib. Gəncə şəhərinə giriş avtomobil yolunun 7,5 km hissəsi yenidən qurulub, yolun qalan hissəsində işlər davam etdirilir. Bakı Dairəvi-1 avtomobil yolunun 6 km-lik hissəsində, Ələt-Astara yolunun 0-9-cu km hissəsində, Muğanlı-Yevlax yolunda, Yevlax-Gəncə yolunun əlavə 2 zolaq genişləndirilməsində, Bakı-Ələt və Hacı Zeynalabdin Tağıyev-Sahil avtomobil yollarında tikinti işləri davam etdirilib.
Ələt-Astara avtomobil yolunun Yenikənd-Salyan və Salyan-Şorsulu hissələrinin və Kür çayı üzərində körpünün tikintisinə başlanılıb. Bakı-Şamaxı yolunda əlavə 2 zolağın tikintisi üzrə hazırlıq işləri yekunlaşdırıb və tikinti işlərinə başlanılıb. Ələt-Astara yolunun Şorsulu-Masallı hissəsi və Masallı-Astara sahəsi üzrə podratçının seçimi aparılır. Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun Hacıqabul-Bəhramtəpə layihəsinin icrası üzrə səfərbərlik-tikinti işlərinə başlanıb.
Ümumilikdə, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"nda 17 ədəd yeni yol qovşağının, 75 ədəd piyada keçidinin, yeni avtomobil yollarının, avtomobillər üçün parklanma yerlərinin tikilməsi və mövcud yol qovşaqlarının təmiri nəzərdə tutulub. Lakin Tədbirlər Planına uyğun olaraq, 2011-ci il ərzində Heydər Əliyev Hava Limanı-Mərdəkan-Bilgəh-Novxanı-M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsinin icrası davam etdirilib.
Heydər Əliyev Hava Limanı-Bilgəh avtomobil yolu üzərində Hava Limanı, Binə və Buzovna yol qovşaqlarının, bu yolun 1.6 kilometrində yeraltı və 4,4 kilometrində yerüstü piyada keçidlərinin, üç səviyyəli Mərdəkan qovşağının, yolun 11 və 12-ci kilometrlərində isə piyada keçidlərinin tikintisi başa çatdırılaraq istismara verilib. Buzovna-Mərdəkan-Qala, Bakı-Ələt yolunun 2-4 kilometr sahəsi (Bayıl qəsəbəsindən Bayraq Meydanına gedən yol), Zığ qəsəbəsi-Hava Limanı avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yollarının tikintisi davam etdirilir.
Hazırda Böyük-Şor yol qovşağının III mərhələsinin, Ziya Bünyadov prospektinin yenidən qurulması və bu prospekt üzərində 4 yol qovşağının və dəmir yolu üzərindən keçən mövcud körpünün, həmçinin Qələbə meydanında ("Gənclik" metro stansiyası) yol qovşağının tikintisi və təmiri davam etdirilir.
Bütün bunlarla yanaşı, su nəqliyyatının daha da inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə 2 ədəd bərə alınaraq istismara verilib, 2 ədədinin isə Xorvatiya Respublikasının Pula şəhərində tikintisi davam etdirilib, bir ədəd üzən dokun hazırlanması üçün sifariş verilib. Bundan əlavə, "Xəzərdənizgəmitəmiri" İstehsalat Birliyinin yeni əraziyə köçürülməsi ilə bağlı işlər davam etdirilib, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin daxili imkanları hesabına Zığ quru yük limanı məntəqəsinin yanında yeni avtomobil bazasının tikintisi həyata keçirilib.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazisinin tikintiyə hazırlanması və Bakı-Ələt avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi işlərinə başlanılıb. Hazırda liman akvatoriyasında Hollandiyanın "Van Oord" şirkəti tərəfindən dibdərinləşdirmə işləri aparılır. Yaxın günlərdə liman ərazisinin quru hissəsində tikinti və avadanlıqların təchizatı işlərini aparacaq podratçının müəyyən edilməsi məqsədilə tender keçiriləcək.
Həmçinin, hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 2011-ci ildə "Azərbaycan Hava Yolları" QSC tərəfindən 6 ədəd "Airbus-320" və 1 ədəd "Boeing 767-300 ER" tipli sərnişin təyyarələri alınaraq istismara verilib və "Boeing" şirkəti ilə yeni sifarişlərlə bağlı sazişlər imzalanıb. Ötən ildə İzmir, Aberdin (Şotlandiya) və Simferopol şəhərlərinə yeni reyslər açılıb, Bakı-Kiyev, Bakı-Trabzon reysləri bərpa olunub və mövcud uçuş reyslərinin sayı artırılıb. Naxçıvan Muxtar Respublikasına A-320, ATR42-500 və ATR72-212A tipli təyyarələrlə reyslərin yerinə yetirilməsinə başlanılıb. Cari ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin, uçuş-enmə zolağının, hava gəmiləri üçün 4 anqarın tikintisi üzrə işlər davam etdirilib, Qəbələdə Beynəlxalq hava limanının tikintisi başa çatdırılaraq istismara verilib.