- Qorxmaz müəllim, məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün infrastruktur sahələrinin inkişafı ilə bağlı dövlət siyasəti həyata keçirilir. Bu siyasətə uyğun olaraq respublikamızda əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində hansı tədbirlər görülür?
- Bildiyiniz kimi, bu gün respublikamızda genişmiqyaslı abadlıq, quruculuq işləri həyata keçirilir. Ölkə başçısının bu uğurlu siyasəti su təsərrüfatı sektorundan da yan keçməyib. 2011-2012-ci illərdə bu istiqamətə daha çox diqqət ayrılıb və dövlət büdcəsindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına ayrılan vəsaitlərin həcmi ilbəil artır. Hazırda dövlət proqramları çərçivəsində həm Bakı şəhəri və onun qəsəbələrində, həm rayon mərkəzlərində, həm də kəndlərdə mühüm layihələr həyata keçiririk. Bakı şəhərində su və kanalizasiya sisteminin inkişafı ilə bağlı biz əsasən mövcud kommunikasiyaların təmiri istiqamətində işlərimizi aparırıq. Eyni zamanda, Bakıətrafı kənd və qəsəbələrdə layihə və tikinti işləri həyata keçirilir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin təqribən 1 il əvvəl təsdiqlədiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakıətrafı kəndlərin və qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması nəzərdə tutulub. 2011-ci ildən başlayaraq bu istiqamətdə bir sıra layihələr həyata keçiririk və ölkəmiz üçün çox böyük bir proqramı icra edirik.
İlkin olaraq 2012-ci ildə yay aylarında paytaxtımızda və ətraf ərazilərdə əhalinin su təchizatını yaxşılaşdırmaq üçün ən vacib tədbirləri həyata keçiririk. Maksimum proqramlar olaraq isə layihələr hazırlanır və həmin layihələr üzrə şəbəkələrin, su və kanalizasiya sistemlərinin qurulması işləri həyata keçiriləcək. Bu işlərin başlanğıcı kimi, ən vacib məsələlərdən biri olan böyük Bakının Master Planını hazırlayırıq. Burada təkcə Bakının deyil, həm də, ətraf kənd və qəsəbələr, hətta Sumqayıt şəhəri və Abşeron rayonunun mövcud şəbəkəsi və perspektiv inkişafı nəzərə alınır. 2011-ci ilin sonundan işlərə start verilib və ötən həftə Master Planın ilkin təqdimatı oldu. Başqa sözlə, Planın birinci mərhələsinin hazırlanması başa çatdı və onun təqdimatı keçirildi. Doğrudan da görürük ki, Bakı şəhərinin su və kanalizasiya sisteminin kompleks həlli üçün bu Master Plan çox əhəmiyyətli bir sənəddir. Yəni, biz artıq burada Bakı şəhərində yerləşmə planına, şəhərin hündürlük səviyyəsinə görə neçə zonadan ibarət olduğunu, hər zona üzrə əhalinin yerləşmə sıxlığını görə bilirik. Master Planın son variantı hazır olanda, 2035-ci ilə qədər inkişaf perspektivi nəzərə alınmaqla "Azərsu" ASC-nin hansı işlər görəcəyini proqram şəklində təsdiq edəcəyik. Orada həmin işin layihəsi, eləcə də büdcəsi yer alacaq.
Hazırda Bakı şəhərinin əsasən mövcud şəbəkələri üzərində maksimum işlər aparmağa çalışırıq ki, yay aylarında insanların su təminatı ən azından ötən ilkindən yaxşı olsun. Bir sıra tədbirlər artıq öz həllini tapıb. Belə ki, "+160 Şimal" anbarından çəkilən yeni su xətti Binəqədi və Nəsimi rayonları ərazisindəki mikrorayonlarda, Azadlıq prospekti boyunca demək olar ki, 40 minə qədər insanın fasiləsiz rejimdə su təminatına imkan verir. "+110 Şərq" anbarının yenidən qurulması, orada suyun anbara girişi və anbardan çıxışının səmərəli tənzimlənməsi istiqamətində işlər aparılır. Oradan Elşən Süleymanov küçəsi boyunca Bakıxanov qəsəbəsinə qədər magistral su xətti çəkilir və bununla Bakıxanov qəsəbəsinin də fasiləsiz su təminatı mümkün olacaq. Eyni zamanda, Nizami rayonu 8 km qəsəbəsində fasiləsiz su rejiminə nail olacağıq. Bundan başqa Hövsan qəsəbəsi üçün xüsusi əhəmiyyət daşıyan layihə həyata keçirilir. Hövsanda yeni xəttin inşasına başlamışıq və onu mövcud kəmərə birləşdirəcəyik. Paralel olaraq dəniz səviyyəsindən 70 metr hündürlükdə yerləşən həcmi 20 min kubmetr olan anbar kompleksində son tamamlama işləri gedir, bunlar başa çatandan sonra illərdir içməli sudan əziyyət çəkən Hövsan qəsəbəsinin böyük bir hissəsinə fasiləsiz rejimdə su vermək mümkün olacaq.
Eyni zamanda, bu layihələr məhəllədaxili anbarların, nasosxanaların ləğvinə gətirir. Burada bizim üçün maddi cəhətdən də sərfəli məqamlar var. Çünki əlavə elektrik enerjisi sərfindən azad oluruq və eyni zamanda suyun fasilələrlə verilməsi ortadan qalxır. Ən başlıcası məhəllədaxili anbarlardan biz azad ola bilirik ki, bu da suyun daha keyfiyyətli şəkildə əhaliyə çatdırılması deməkdir.
Son vaxtlar Bakıda aparılan abadlıq işləri ilə bağlı hətta əvvəlcədən nəzərdə tutmadığımız işləri də həyata keçirmişik. Xüsusilə "Avroviziya" mahnı müsabiqəsi ilə əlaqədar yolların asfaltlanması zamanı fürsətdən istifadə edərək həmin küçələrdən keçən köhnə, yararsız və kiçik diametrli xətləri yeniləri ilə əvəz etmişik. Belə ünvanların sayı 30-dan artıqdır. Qısa müddətdə bu işləri başa çatdırmaq üçün "Azərsu" ASC-nin tikinti ilə əlaqəli əməkdaşları, podratçılar demək olar ki, fasiləsiz işləyiblər.
- "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda, regionlarda infrastruktur layihələrinin icrası ilə bağlı işlərin icrası nə yerdədir?
- Mən yuxarıda bu sualın cavabını müəyyən qədər əhatə elədim. Amma geniş məlumat verərək deyə bilərəm ki, Abşeron yarımadasında sürətli urbanizasiya və şəhərsalma prosesi gedir, yeni-yeni yaşayış massivləri yaradılır. Bakı şəhəri və Abşeron yarımadasında 54 kənd və qəsəbə var ki, bu gün onların 40-a qədərində içməli su təchizatı sistemi ya yoxdur, ya da qismən mövcuddur. Cənab Prezident İlham Əliyevin 2011-ci il may ayının 4-də təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda bu məsələlərin hamısı öz əksini tapıb və hər bir qəsəbə üçün konkret tədbirlər müəyyənləşib. Mərdəkan, Şüvəlan, Qala, Zirə, Binə, Türkan, Pirallahı və digər qəsəbələri mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşmaqla onların hər birində şəbəkə yaratmaq niyyətindəyik. Yaşayış massivlərinə fasiləsiz su vermək, suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə Bakıətrafı qəsəbələrdə ümumi həcmi 200 min kub metr olan 10 su anbarının tikintisi planlaşdırılır və artıq Balaxanı, Məhəmmədi, Zirə qəsəbələrində onların tikintisinə başlanılıb.
Proqramın tərkib hissəsi olaraq Ceyranbatanda Avropanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusunun (məhsuldarlığı saniyədə 5 kubmetr və ya sutkada 520 min kubmetr) tikintisi uğurla davam edir. Abşeron yarımadasında yerləşən bütün qəsəbələr üzrə su təchizatı və kanalizasiya sistemləri şəbəkəsinin layihələndirilməsi işləri başa çatdırılıb, həmin qəsəbələrin bəzilərində tikinti işlərinə başlanmışdır.
Bildiyiniz kimi, Dövlət Proqramında Bakı şəhəri üzrə də tədbirlər nəzərdə tutulmuşdur. Bakı şəhərinin mövcud kommunikasiyasının böyük bir hissəsi istismara yararsız vəziyyətdədir, deməli, şəhərdə kommunikasiyalar yenilənməlidir. Amma bütün bunlar bir günün, iki günün işi deyil. Çünki bu, şəhər infrastrukturu olan yerdə mürəkkəb bir işdir. Bu səbəbdən də işlər planlı şəkildə həyata keçiriləcək. Biz maksimum çalışırıq ki, şəhər daxilində, xüsusi yerlərdə bu layihələr həyata keçirilərkən müasir texnologiyaların tətbiqinə üstünlük verək.
- Bildiyimiz kimi "Azərsu" ASC regionlarda da iri layihələr həyata keçiri və onların icrasında beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir. Bu barədə məlumat verməyinizi xahiş edirik...
- Əksər rayonlarda bu istiqamətdə layihələr başlayıb. Bir çox rayonlarda layihələrin həyata keçirilməsi üçün tədbirlər görülür. 2011-ci ilin büdcəsinə dəyişikliklər təsdiqlənərkən "Azərsu" ASC-yə əlavə vəsait ayrıldı. Bu vəsait hesabına qısa müddətdə 11 şəhərdə (Quba, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, İmişli, Biləsuvar, Lənkəran, Şəmkir, Mingəçevir və Qax) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisinə başlanıldı. Quba, Ucar və Qax şəhərlərində layihələrin təməlini Prezident İlham Əliyev şəxsən özü qoydu. Çox qısa müddətdə, yəni 2011-ci ilin son 4-5 ayı ərzində adıçəkilən şəhərlərdə işlərin 20-25 faizi keyfiyyətlə yerinə yetirildi və hazırda işlər davam etdirilir.
Bilirsiniz ki, Azərbaycan hökuməti infrastruktur layihələrinin icrasında beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlıq edir. Su və kanalizasiya layihələri üzrə Asiya İnkişaf Bankının krediti hesabına Ağdaş və Göyçay şəhərlərində işlərin birinci mərhələsi artıq başa çatıb və ikinci mərhələ üzrə işlərə başlanılıb. Beyləqan, Balakən və Ağcabədidə isə tender prosedurları davam edir. Almaniya İnkişaf Bankının (KfW) maliyyə dəstəyi ilə Şəki və Gəncə şəhərlərində işlər uğurla həyata keçirilir. Dünya Bankı ilə bağlanmış kredit sazişi Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərini əhatə edir. Şamaxı və Qəbələdə işlərin müəyyən hissəsi görülüb. Belə ki, Şamaxıda birinci mərhələyə uyğun olaraq sugötürücü qovşağın inşası yekunlaşıb, Qəbələdə isə birinci mərhələ başa çatmaq üzrədir. Saatlı və Sabirabaddakı layihələrimizin tenderi yekunlaşıb, bu yaxınlarda işlərə başlanması nəzərdə tutulur.
Astara, Samux, Tərtər, Qazax, Daşkəsən və Gədəbəy şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri İslam İnkişaf Bankının krediti hesabına maliyyələşdiriləcək. May ayında kreditin ayrılması ilə bağlı kredit sazişi imzalancaq. Bu rayonlarda işlərin qısa müddətdə icra olunması üçün kreditin ayrılmasını gözləməyərək İslam Bankının razılığı ilə Azərbaycan hökumətinin vəsaiti hesabına həmin şəhərlərdə layihə işlərini yekunlaşdırdıq.
Yaponiya Beynəlxalq Əməkdaşliq Agentliyi ilə də geniş əməkdaşlığımız var. Bu agentliklə birgə aprel ayında Qusar və Xaçmazda, may ayında isə Xızı şəhərində layihələrin təməlqoyma mərasimləri keçirildi. İlin sonuna qədər isə Qobustan, Bərdə, Yevlax və Naftalanda işlərə başlamağı hədəfləmişik. Bunlardan başqa Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondu su təchizatı və kanalizasiya layihələrinə vəsait ayıracaq. Qeyd edim ki, bu 2 qurum regionlarda yox, Abşeronda layihələrin icrasına vəsait yönəldəcək. Belə ki, Kürdəxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması, həmçinin Pirşağıda Çirkab Sutəmizləyici Qurğunun inşası Koreya Agentliyinin, Səbail rayonunun 20-ci Sahə və ona bitişik ərazilərdə, həmçinin Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması isə Səudiyyə Fondunun maliyyəsi ilə reallaşacaq.
Respublikanın rayonları ilə bağlı "Azərsu" ASC-dən başqa "Meliorasiya və su təsərrüfatı" ASC-nin sifarişi ilə Dünya Bankının maliyyəsi hesabına 8, Ərazilərin Yenidən Qurulması və Bərpası üzrə Agentliyin sifarişi əsasında isə dövlət büdcəsi vəsaiti hesabına 6 rayon mərkəzində layihələr həyata keçirilir. Artıq 40-dan çox rayonda bu işlər başlayıb və bir neçə şəhərdə işlərin birinci mərhələsi başa çatıb. Yerdə qalan rayonlarda isə düşünürəm ki, bu ilin sonuna qədər layihələrə start veriləcək.
- Ölkə başçısı bəyan edib ki, Azərbaycan vətəndaşları keyfiyyətli su ilə təmin olunmalıdır. Bununla bağlı hansı layihələr həyata keçirirsiniz?
- Cənab Prezident 8 sentyabr 2011-ci ildə Ceyranbatanda yeni ultrasüzgəcli sutəmizləyici qurğunun təməl qoyma mərasimində "Su həyatdır, təmiz su sağlam həyatdır" deməklə bizə istehlakçıların təmiz və keyfiyyətli su ilə təmin olnması tapşırığını verdi. Bu tapşırığı icra etmək üçün biz hərtərəfli araşdırma aparmışıq və ilk növbədə mənbələrin düzgün seçimi məsələsini qarşımıza qoymuşuq. Artıq müəyyən nəticələrimiz də var. Məsələn, əvvəllər işlənmiş layihələrdə Ucar və Zərdab şəhərlərinin, həmçinin yaxınlıqdakı kəndlərin su təchizatının Kür çayından aparılması nəzərdə tutulmuşdu, amma sonradan o layihələrə dəyişiklik etdik. İndi həmin şəhərlərə və ətraf kəndlərə Kürdən yox, Girdmançaydan qidalanan Külüllü mənbəyindən ən yüksək standartlara uyğun su veriləcək. Qeyd edim ki, hazırda Külüllüdən Ucar, Zərdab və Kürdəmirə magistral kəmərlər çəkilir.
Suyun nəqli, anbarlara toplanması və əhaliyə çatdırılması zamanı bütün sanitar normalara əməl edilməsini də nəzərdən keçiririk. Burada başlıca faktorlardan biri suyun mikrobakterioloji zərərsizləşdirilməsi zamanı ən müasir və insan həyatı üçün daha təhlükəsiz metodlardan istifadə etməyi qərar almışıq. Belə ki, Ceyranbatan və Kür su mənbələrində emal olunan suyun zərərsizləşdirilməsi üçün ozonlaşdırıcı qurğu inşa etməyi planlaşdırmışıq. Artıq bu işlərin öyrənilməsinə başlamışıq və 2013-cü ildə bu işlər tam başa çatdırılacaq. Bu dünyanın ən müasir texnologiyasıdır, hansı ki, artıq Avropada, Amerikada və dünyanın digər inkişaf etmiş ölkələrində tətbiq edilir. Bu da suyun keyfiyyətinə müsbət mənada təsir edəcək əsas amillərdən biri olacaq.