PDF Oxu

Müsahibə

  • 920

Səbinə Babayeva: “Həmin hissə ürəyimə toxunur”

Səbinə Babayeva: “Həmin hissə ürəyimə toxunur”
Azərbaycanı "Eurovision- 2012"də təmsil edəcək Səbinə Babayeva müsabiqə öncəsi SİA-ya müsahibə verib. Məlumat üçün bildirək ki, Səbinə Babayeva Asəf Zeynallı adına Musiqi Kollecini bitirib. Pop formatında musiqilərin, həmçinin soul, ballada musiqi cərəyanlarının mahir ifaçısıdır.
50-dək "jazz standard"ı bilir. 2009-cu ildə Latviyada keçirilən "Amberstar", Moskvadakı "Slavyan Ulduzu"nda "Gran Pri" mükafatına layiq görülüb. 2001-ci ildə gənc ifaçılar arasında Respublika üzrə "Qızıl Açar" müsabiqəsinin qalibidir. 2008-ci ildən Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçim turlarında ardıcıl iştirak edib.
- Artıq 3 ay idi ki, Azərbaycanda deyildiniz. Müsabiqə çərçivəsində nəzərdə tutulan promo- turlarınız necə keçdi? Azərbaycanı necə təmsil etdiniz?
- 3 aydır vətəndən uzağam. Elə darıxmışam. Avropada Azərbaycanı çox yaxşı tanıyırlar. Onların bizə hörməti sonsuzdur. Bu da məni çox təəccübləndirdi. Hətta mahnımı mənimlə birlikdə oxuyurdular. 5-6 ölkədə səfərdə olmuşam. Məqsədim vətənimizi layiqincə təmsil etmək idi. Buna da nail oldum.
- Hansı ölkələrdən 12 bal gözləyirsiniz?
- Bu barədə heç vaxt düşünməmişəm. Bütün fikrimi müsabiqədəki çıxışıma yönəltmişəm. Əsas məqsədim vətənimi bu müsabiqədə layiqincə təmsil etməkdir. Çünki bütün Avropa ölkəsi bizə baxacaq. Buna görə də bütün komandamız ciddi şəkildə müsabiqəyə hazırlaşırıq. İnşallah, hər şey yaxşı olacaq. Hansı ölkələr bizə çox xal verəcək, bunu yaşayaq, görək.
- Niyə məhz lirik mahnı seçdiniz?
- Müsabiqədə ifa edəcəyim mahnımı mən yox, münsiflər heyəti seçib. Onu da xüsusilə qeyd edim ki, belə ballada 10 ildə bir yazılır. Lirik mahnını oxumaq, ona emosiya qatmaq və onu yaşamaq çox çətindir.
- Alim Qasımovun sizinlə eyni səhnəni paylaşması ilə yanaşı, müsabiqədə başqa hansı sürprizlər olacaq?
- Əlbəttə ki, sürprizlər çoxdur. Alim Qasımov kimi əvəzolunmaz sənətkarla eyni səhnədə olmağımız böyük hədiyyə idi. Çox sağ olsun Alim müəllim ki, belə bir sürpriz etdi. Biz əlbəttə ki, onunla fəxr edirik. Onun "Eurovision"dakı rolu hər birimiz üçün qürur və fəxrdir. Bununla da Avropaya az da olsa öz sözümüzü deyə biləcəyik. Çünki mahnımızda bir parça muğam var. Həmin hissə şəxsən mənim ürəyimə çox toxunur. Yarışmada muğam oxumaq fikrim yoxdur. Ancaq gələcəkdə mütləq muğam oxuyacağam. Çünki bunu çox istəyirəm.
- Xalq artisti ilə eyni səhnəni paylaşmağınız sizi həyəcanlandırmır ki?
- Əksinə, xanəndəmizlə bir səhnəni paylaşmaq mənə daha rahatlıq verir. Həyəcanım ancaq özümə görədir. Mayın 19-u artıq məşqlərimiz başlayır. Birbaşa finala çıxmaq da bir az həyəcanvericidir. Ancaq inanıram ki, hər şeyin öhdəsindən layiqincə gələcəyik.
- Bəlkə də müsabiqənin Azərbaycanda keçirilməsi həyəcanınızı bir az azaldan səbəblərdəndir...
- Bəli. Ölkəmizin müsabiqəyə ev sahibliyi etməsi və yarışmanın burada keçirilməsi həyəcanımı azaldır. Çünki öz xalqımızın ətrafındayam.
- Səhnədə sizinlə bərabər olacaq heyət məlum olub?
- Bəli. Eurovision səhnəsində mən, xanəndəmiz Alim Qasımov və bek-vokalçılar olacaq.
- Hamıya maraqlı olan səhnə geyiminiz artıq bəllidir?
- Hələ ki, bu haqda heç nə demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, hər şey mükəmməl olacaq. Bəyaz, gözəl və uzun səhnə libasım olacaq.
- Müsabiqədə ifa edəcəyiniz mahnının hansı versiyası sizə daha yaxındır?
- Mənə yaxın əlbəttə ki, Azərbaycan versiyasıdır. Çünki bu versiyada milli alətlərimiz daha çox hiss olunur.
- Müsabiqədə 13-cü nömrə altında çıxış edəcəksiniz. Bu rəqəm bir çoxları tərəfindən nəhs sayılır. Sizə bu rəqəm uğur gətirəcək?
- Onu deyim ki, 13 mənim ən uğurlu rəqəmimdir. Çünki iştirak etdiyim bütün müsabiqələrdə bu rəqəm altında mükafat qazanmışam. Misal olaraq 2009-cu ildə Latviyada keçirilən "Amberstar", Moskvadakı "Slavyan Ulduzu"nda "Gran Pri" mükafatını məhz 13-cü nömrə ilə çıxışımdan sonra əldə etmişəm. İnanıram ki, bu dəfə də bu rəqəm mənə uğur gətirəcək.
- Hansı ölkənin ifa tərzini bəyənirsiniz?
- İnanın ki, bütün ölkələrin mahnılarına qulaq asmağa vaxtım olmayıb. Səfərlərdən yeni qayıtmışam. Səhər saat 6-da günümüz başlayır. Hətta vaxtım olmur ki, anamla danışım. Favoritlərimə gəlincə Serbiya və Gürcüstanın mahnısını çox bəyənirəm, çünki hər iki ölkə ifaçılarının səs tembrinə və ifa tərzlərinə heyranam. Bunu onlarla dostluq əlaqələrimin olduğu üçün demirəm.

Digər xəbərlər