“ABŞ əvvəl - axır bu qərarı verəcək”
- Fazil müəllim, ABŞ-Azərbaycan münasibətlərinin qurulmasının 20 illiyi tamam olur. Sizcə, bu müddətdə Azərbaycanla ABŞ arasında hansı uğurlu iqtisadi və siyasi əməkdaşlıq əlaqələri daha çox diqqəti cəlb edir?
- Artıq 20 ilə yaxındır ki, ABŞ-Azərbaycan öz əməkdaşlıq münasibətlərini qurub. Bu baxımdan, enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın dəstəyi kifayət qədər böyük olub. ABŞ-ın Azərbaycanla əməkdaşlığının məqsədi konkret olaraq ortadadır. Amma bu əməkdaşlığın mənfi yönələri də var. Yəni Dağlıq Qarabağda separatizmin dəstəklənməsi istiqamətində ABŞ-ın müstəsna rolu var. Eyni zamanda, Rusiyanın bölgədə nüfuzunun güclənməsində də ABŞ-ın müəyyən laqeyd mövqe də mövcuddur ki, bu da iki ölkə arasında əməkdaşlığın daha əhatəli inkişafına mane olur. Amma bütövlükdə, bu münasibətlərin olması həm Azərbaycan, həm də ABŞ üçün faydalı bir zəmində inkişaf edib. Fikrimcə, xırda nöqsanların olmasına baxmayaraq, ölkələr arasında əlaqələri inkişaf etdirmək vacibdir.
- Demək olarmı ki, dünyanın güc mərkəzlərindən hesab olunan ABŞ Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasında səylərini daha da artıra bilər? Əgər fəaliyyətini gücləndirmirsə, bunun səbəbini nə ilə izah etmək olar?
- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ABŞ birmənalı şəkildə Ermənistanı dəstəkləyir. Yəni münaqişənin tezliklə həll olunmasında ABŞ-ın hər hansı bir səyinin artırması Azərbaycanın xeyirinə yox, ziyanına ola bilər. Çünki bu günə kimi, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında Rusiyadan daha çox ABŞ-ın rolu böyükdür. Demək olar ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlı deyil. Ermənistanı dəstəklədiyinə görə, beynəlxalq hüquqa zidd addımlar atmağa konkret olaraq tam qərar verməyib. Amma əvvəl-axır bu qərarı verəcəkdir. Ona görə də, ABŞ-la Azərbaycan münasibətlərinin gələcəyi bir az şübhə doğurur. Ümumilikdə isə, ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafı Ermənistanın işğalçı dövlət olaraq tanınmasından asılı ola bilər.
- ABŞ Azərbaycanın haqlı mövqeyini nəyə görə dəstəkləmir?
- Demək olar ki, ABŞ siyasətində bəlli bir nüans var ki, orada ermənilərin rolu artmaqdadır. Son vaxtlar Qarabağa və Cavaxetiyada ermənilərə dəstək verməsi istiqamətində məsələnin həll olunması olduqca ciddi təhlükədən xəbər verir. Bölgədə ABŞ-la Rusiyanın bu məsələdə mövqeləri üst-üstə düşür.
GÜLYANƏ