Ölkə Prezidenti İlham Əliyev öz fəaliyyətində ölkəmizin ekoloji durumuna xüsusi diqqət və qayğı göstərir
- Hüseyn müəllim, mayın 10-da xalqımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü coşqu ilə qeyd etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...
-Müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Azərbaycana otuz dörd illik rəhbərliyi dövründə ölkənin bütün sahələr üzrə inkişafında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində onun xidmətləri ölçüyəgəlməzdir. Heydər Əliyev hələ sovet hakimiyyəti illərində var qüvvəsi ilə Azərbaycanın gələcək inkişafı, tərəqqisi, rifahı, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması və cəmiyyətin firavanlığı naminə yorulmaq bilmədən çalışmışdır.
Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və görkəmli şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyev Azərbaycan tarixinin parlaq səhifələrini yazaraq ölkənin salnaməsində dərin iz qoymaqla, sözün həqiqi mənasında, onu qurub-yaratmışdır. Bu böyük şəxsiyyət titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və dəmir iradəsi ilə daim xalqının, vətəninin, dövlətinin xidmətində dayanmışdır.
Ümummilli lider Heydər Əliyev keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını böyük uzaqgörənliklə işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafın yeni mərhələsinə qədəm qoyaraq tez bir zamanda keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, ölkədə strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Heydər Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları formalaşdırılmışdır.
- Azərbaycanın təbii sərvətlərinin, ekologiyasının mühafizəsi ilə bağlı Ümummilli lider Heydər Əliyevin gördüyü işlər haqqında fikirlərinizi bilmək istərdik. Rəhbərlik etdiyiniz nazirlik Onun bu istiqamətdəki tövsiyələrini hansı səviyyədə yerinə yetirməkdədir?
Ulu öndər Azərbaycanda rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Onun hakimiyyəti illərində ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb. 1969-1982-ci illərdə respublikamızda həyata keçirilən təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı Heydər Əliyev olmuşdur. Məhz onun təşəbbüsü ilə keçən əsrin 70-ci illərində həyata keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində Abşeron yarımadası yaşıl libasa bürünməyə başlamışdır. 1970-ci ilə qədər Bakı şəhərində 3 min hektara qədər yaşıllıq sahəsi mövcud idisə, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə yaşıllıqların sahəsi 17 min hektara qədər çatdırılımışdı.
Bu dövrdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunmasına dair 8 qanun qəbul olunmuş, Hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilmişdir.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1993-cü ildə yenidən hakimiyyətə gəlmiş Ulu Öndərimiz ekoloji məsələləri bir daha ön cərgəyə çəkmiş, bu sahədə olan mövcud problemlərə xüsusi diqqət ayırmışdır. Bu dövrdə bir sıra yeni qanunlar-meşə, torpaq, su haqqında və s. qanunlar qəbul edilmişdir.
Ətraf mühitin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ulu Öndərimizin sərəncamına əsasən 2001-ci ilin may ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Bir qədər sonra -2003-cü ildə isə onun sərəncamları ilə "Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair" və "Meşələrin bərpası və artırılmasına dair" milli proqramlar təsdiq edilərək həyata keçirilmişdir.
Heydər Əliyevin sosial-iqtisadi siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev öz fəaliyyətində ölkəmizin ekoloji durumuna xüsusi diqqət və qayğı göstərir.
Dövlət müstəqilliyinin bərpasından ötən iyirmi il ərzində aparılan uğurlu dövlət siyasəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli yaranmış, makroiqtisadi sabitlik qorunub saxlanılmış və iqtisadi inkişafın dayanıqlılığı təmin edilmişdir.
Son illər əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirərək qeyri-neft sektorunun, infrastruktur sahələrinin, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması, ekoloji təhlükəsizliyinin təmin olunması və digər məsələlərin həlli istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsi üçün imkanları genişləndirmişdir.
Bu gün də Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyələri rəhbər tutularaq müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün vaxtilə başlanılmış işlər davam etdirilir, bu istiqamətdə yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır.
Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli və Dövlət Proqramı təsdiq edilərək icrasına başlanılmış, respublikamızda mövcud olan qoruq və yasaqlıqların əraziləri genişlənmiş, milli parklar yaradılmış, ətraf mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Ölkə rəhbərliyinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması, bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.
- Hüseyn müəllim, Ümummilli Lider Heydər Əliyev siyasətinin bu gün uğurla davam etdirilməsi nəticəsində ətraf mühitin mühafizəsi, təbii sərvətlərimizin qorunması məsələlərində ciddi nailiyyətlər əldə edilməkdədir. Qarşıda hansı vəzifələr durur və bu vəzifələrin uğurlu həlli istiqamətində nə kimi tədbirlər həyata keçirilir?
-Bəli, H.Əliyev ideyalarını bu gün də yaşadaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, insanların rifah halının yaxşılaşdırılması naminə, ətraf mühitin ən müasir metodların tətbiq edilməsi ilə idarə olunmasına nail olunması istiqamətində yeni-yeni layihələr reallaşdırılır. Bu baxımdan, ölkəmizin ekoloji siyasəti qabaqcıl dünya ölkələri tərəfindən qəbul olunmuş davamlı inkişaf prinsipləri, Minilliyin inkişaf məqsədlərinə əsaslanaraq qurulub. Məlum olduğu kimi, 2012-ci ildə Rio de Janeyroda BMT-nin Davamlı İnkişaf üzrə Konfransı keçiriləcəkdir. Yoxsulluğun aradan qaldırılması, davamlı inkişaf kontekstində yaşıl iqtisadiyyat və davamlı inkişaf üzrə institusional çərçivə Dünya Sammitinin əsas mövzuları kimi müəyyən edilmişdir.
Hazırda BMT-nin iqtisadi və sosial gündəliyində xüsusi yeri olan Konfransa hazırlıq məqsədi ilə başlanılmış proses çərçivəsində qlobal və regional müstəvidə hazırlıq iclasları keçirilir. Əhalinin daha yaxşı yaşaması, yoxsulluğun aradan qaldırılması, sosial rifahının təmin edilməsi və ekoloji təhlükələrin azaldılması üçün iqtisadi inkişafın yeni modelinin qurulması mühüm amillərdən biridir.
Azərbaycan hələ 2003-cü ildə davamlı inkişaf üzrə Milli proqram qəbul etmişdir. Minilliyin İnkişaf Məqsədlərindən biri olan Ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilmiş və təhlükəsiz içməli su və sanitariya xidmətləri ilə təmin olunmamış insanların sayını azaltmaq prioritet kimi qəbul edilmişdir.
Respublika Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında bu hədəflərin reallaşması üçün vəzifələr müəyyənləşdirilmişdir. Bu proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilmməmsini təmin etməkdən ibarətdir.
- Azərbaycan Respublikasında "yaşıl iqtisadiyyata" keçid mərhələsi çərçivəsində hansı işlər görülür?
Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. "Yaşıl iqtisadiyyata" sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.
Ölkəmizdə "yaşıl iqtisadiyyata" keçid mərhələsində ekoloji və iqtisadi tələblərə cavab verməyən çoxlu sayda müəssisələr bağlanmış, digərləri yenidən qurularaq modernləşdirilmiş, yeni aztullantılı və tullantısız texnologiyalar tətbiq olunmuşdur.
Təbii ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində daha əməli tədbirlərin həyata keçirməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına, bu sahədə dönüşün yaranmasına gətirib çıxarmışdır. Bu baxımdan istehsal intensivliyi ilə müşayiət olunan və formalaşan tullantıların ətraf mühitdən təcrid edilməsi, onların utilizasiyası və idarə olunması xüsusi prinsipiallıq kəsb edir. Nazirlik tərəfindən qoyulan tələblərin icrasını təmin etmək məqsədilə şirkətlər bu işə cəlb edilir. İnkişaf etmiş dövlətlərdən gətirilən yeni yaşıl texnologiya və qurğuların tətbiqinə icazə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətlərin sayı artmışdır.
Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində iqtisadi tənzimlənmə mexanizminin qurulmasına gətirib çıxarmışdır. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir.
Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması başqa sahələrdə olduğu kimi Azərbaycan Respublikasının beynəlxalq miqyasda nüfuzunun artmasına təkan vermişdir.
Müasir dövrdə ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Bunların həlli istiqamətində alimlər və mütəxəssislər tərəfindən müxtəlif fikirlər yürüdülür ki, bunlardan da ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir.
Son dövrlərdə dövlətlər özlərinin yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, biokütlə, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu növ alternativ enerji mənbələrinin potensial imkanları sonsuzdur və onların ekoloji səmərəliliyi heç kəsdə şübhə doğurmur.
Ölkəmizdə alternativ enerji mənbələrinin istifadəsi prioritet istiqamət olduğundan ətraf mühitin sağlamlaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində, o cümlədən istilik effekti yaradan qazların tullantılarının azaldılması sahəsində tədbirlər həyata keçirilir. Alternativ enerji üzrə Dövlət Agentliyi yaradılmış, müvafiq milli proqram qəbul edilmişdir.
2011-ci ildə günəş panellərinin istehsalı zavodu istismara verilmiş, "tullantı enerjiyə" prinsipi əsasında fəaliyyət göstərəcək (500 min ton/il gücündə və ildə 250 milyon kilovat/saat elektrik enerji istehsal edəcək) tullantı emalı zavodunun tikintisi davam etdirilir.