PDF Oxu

Müsahibə

  • 669

“Dağlıq Qarabağ paketi”

“Dağlıq Qarabağ paketi”

- Elşad müəllim. Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsində tərəflərarası etibar mühitinin yaradılması üçün "Dağlıq Qarabağ paketi" adlı bir layihə hazırlayıb. Sizcə, bu paket münaqişənin həllində hər hansı bir nəticənin əldə olunmasına yardımçı ola bilərmi?

- Bu günə kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər arasında qarşılıqlı etimadın və etibarın formalaşdırılması üçün bir çox cəhdlər göstərilmişdir. Demək olar ki, işğalçı ölkə olan Ermənistanın destruktiv mövqeyi tərəflər arasında hər hansı bir yaxınlaşmanı qeyri-mümkün edib. Hər zaman Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müəyyən bəyanatlarla çıxış edib. Amma həmin təşkilatlar tərəfindən səslənən bu bəyanatların heç bir nəticəsi olmayıb. Bu baxımdan, hesab edirəm ki, tərəflər arasında qarşılıqlı etibarın formalaşdırılması ilə bağlı göstəriləcək cəhdlər onların arzuladığı nəticəni verməyəcəkdir. Çünki onlar məsələyə tamam başqa prizmadan yanaşırlar. Yəni, yanlış bir prizmadan yanaşırlar. Bu gün konkret olaraq, işğalçı Ermənistana qarşı çox ciddi təzyiqlər göstərmək lazımdır ki, münaqişənin tənzimlənməsi ilə bağlı pozitiv nəticələrə aparacaq bir yola gəlsin. Fikrimcə, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsində tərəflər arasında etibar mühitinin yaradılması üçün Dağlıq Qarabağ paketi adlı bir layihə hazırlaması imitasiya xarakterlidir. Yəni Avropa Birliyinin atdığı bu addım münaqişənin tənzimlənməsi üçün töhfə vermək gücündə olmayacaq.

- Hazırkı mərhələdə analtiklərin gəldiyi qənaətə görə, Ermənistan Rusiyaya birləşmək siyasəti yürüdür. Sizcə, Ermənistan Rusiyaya birləşərsə, Dağlıq Qarabağın aqibəti necə ola bilər?

- Demək olar ki, Ermənistan Rusiyaya birləşmiş bir vəziyyətdədir. Hər zaman Ermənistan Rusiyanın forpostu olub. Ermənistandakı nəzarət paketi də Rusiyanın əlindədir. Ermənistanın siyasi sferasına Kremlin çox ciddi təsirləri var. Demək olar ki, Ermənistan ordusunda komandalar belə rus dilində verilir. İşğalçı Ermənistan ordusunun hərbi geyimi Rusiyanın hərbi geyimindən heç nə ilə fərqlənmir. Ermənistanın Rusiyaya birləşdirilməsi ancaq rəsmiləşə bilər. Yəni, onun ancaq rəsmləşdirilməsi mərhələsi qalmışdır. Bir sözlə, Ermənistan Rusiyaya birləşmiş bir ölkədir. Kremlin iradəsindən xaric Ermənistan hər hansı bir addım atmır. O ki qaldı birbaşa Dağlıq Qarabağ münaqişəsinə Ermənistanın Rusiyaya birləşməsinin hansı formada təsir etməsi məsələsinə gəlincə, bu məsələni bu gün proqnozlaşdırmaq çox çətindir. Bu gün regionda Rusiyanın xüsusi maraqları var. Bir sözlə, Rusiyanın iradəsi olmadan münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir nəticəyə gəlmək qeyri-mümkündür. Demək olar ki, Rusiyanın Ermənistanla və digər postcovet ölkələri ilə bağlı siyasətinin əsasında bir məqam durur. Yəni, ən azından postcovet ərazisində nəzarəti yenidən bərpa etmək məsələsi durur. Bu baxımdan, hesab edirəm ki, hələlik, Rusiyanın bu maraqları reallaşmayınca, RF Dağlıq Qarabağda, o cümlədən, digər postcovet ərazilərində olan münaqişələrin qalmasında maraqlı olacaqdır. Əgər Ermənistan Rusiyaya rəsmən birləşərsə, bu, münaqişənin tənzimlənməsinə elə bir ciddi təsir göstərməyəcək. Burada işğalçı ölkə olan Ermənistanın Rusiyaya birləşdirilməsinin rəsmiləşdirilməsi yaxın gələcəyin işi deyil.


GÜLYANƏ

Digər xəbərlər