- Mais müəllim, "İctimai Palata" deyilən qondarma qurum bu gün xalq gəzintisi kimi anormal bir aksiya keçirməyi nəzərdə tutur. Sizcə, dünya siyasi palitrasında belə bir praktika varmı?
- Azərbaycan Konstitusiyasının qanunlarına görə, ölkədə hər hansı bir siyasi qüvvə kütləvi aksiya keçirə bilər. Amma bu kütləvi aksiya hakimiyyət orqanları ilə razılaşdırılmalıdır. Çünki istənilən kütləvi tədbirin keçirilməsi zamanı hər hansı bir xoşagəlməz hadisə ola bilər. Bir sözlə, xoşagəlməz hadisələrin qarşısını almaq, tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün hakimiyyət orqanları öz tədbirlərini görməlidilər. Fikrimcə, müxalifət düşərgəsini təmsil edən qüvvələr ölkədə xalq gəzintisi adlı bir tədbir keçirmək məqsədilə qanuni şəkildə hakimiyyət orqanlarına müraciət etməyiblər. Sözügedən qüvvələr belə bir aksiyanı qanunsuz keçirmək istəyirlər. Dünyanın bütün hüquqi- demokratik dövlətlərində qanunsuz keçirilən aksiyaların qarşısı alınır. Ona görə qarşısı alınır ki, həmin tədbirlərin təhlükəsizliyinə təminat verilmir. Bu baxımdan, hesab edirəm ki, "İctimai Palata" belə qanunsuz razılaşdırılmamış aksiyalarını keçirmək niyyətindən əl çəkməlidir. Çünki Azərbaycanın paytaxtı olan Bakı şəhərində dünya əhəmiyyətli mədəniyyət tədbiri olan "Avroviziya" Mahnı Müsabiqəsinin keçirildiyi bir vaxtda, müxalifət qüvvələri tərəfindən icazəsiz aksiyaların keçirilməsi stabilliyi poza bilər. Bir sözlə, belə bir dönəmdə müxalifət qüvvələrinin icazəsiz aksiyaların keçirilməsi yolverilməzdir.
- Müxalifətin müxtəlif adlar altında şoular qurması və bununla da gündəmə gəlmək istəkləri onların tükəndiyinin sübutu sayıla bilərmi?
- Əlbəttə ki, dağıdıcı və pozucu müxalifət artıq tükənib. Demək olar ki, müxalifətin tükənməsi bir-iki ilin işi deyil. Bir sözlə, 20 ilə yaxındır ki, sözügedən qüvvələr müxalifət düşərgəsini təmsil edirlər. Həmin düşərgəni təmsil edən qüvvələr özləri-özlərini tükədiblər. Yəni kökləri torpaqda olmayan bitki qida, su ala bilmir və getdikcə də qurumağa doğru gedərək məhv olur. Dağıdıcı və pozucu müxalifət qüvvələri də xalq tərəfindən heç bir dəstək ala bilmədiyinə görə, sıradan çıxmağa doğru gedir. Nəyə görə müxalifət qüvvələri cəmiyyətdən dəstək ala bilmirlər? Çünki sözügedən qüvvələr ölkədə icazəsiz aksiyalar keçirməklə, düzgün fəaliyyət qura bilməməklə, qanundan kənar aksiyaların keçirilməsinə meyilli olduqlarına görə, xalq tərəfindən heç bir dəstək ala bilmirlər. Azərbaycan cəmiyyəti, qanundan kənar əməlləri qəbul etmir. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən partiyalara rəhbərlik edən şəxslər öz partiyalarında islahatlar apararaq, demokratik ab-hava yarada bilmirlər. Təbii ki, həmin partiyalarda belə vəziyyətlər olduğuna görə, cəmiyyət bu kimi qüvvələrə heç bir siyasi dəstək vermir. Müxalifət qüvvələri də cəmiyyətdən heç bir dəstək almadıqlarına görə, tükənmək üzrədir. Bir sözlə, bu kimi qüvvələrin heç bir resursları qalmayıb.
GÜLYANƏ