- Bildiyimiz kimi, may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü tamam olur. İstərdik o dövrün mürəkkəb hadisələri və Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait haqqında sizin fikirlərinizi öyrənək...
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın XX əsrdə qazandığı ilk ən böyük nailiyyətidir. XIX yüzilliyin əvvəlində Rusiya ilə İran arasında bölüşdürüldükdən sonra Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə daxil oldu. Bir əsr ərzində Şimali Azərbaycanın iqtisadi, ictimai, mədəni həyatında xeyli müsbət irəliləyişlər baş verdi, ara müharibələrinə son qoyuldu, iqtisadiyyat, xüsusilə neft sənayesi sürətlə inkişaf etdi, Azərbaycan milləti təşəkkül tapdı. Bu müsbət cəhətlərlə yanaşı həmin dövrdə Azərbaycan xalqının ən böyük problemi müstəqil dövlətçiliyin olmaması, Rusiyanın müstəmləkə zülmü altında yaşaması idi. Milli ayrı-seçkilik siyasəti, təhsilin, mətbuatın inkişafına qoyulan maneələr, bəzi çar məmurlarının azərbaycanlılara şovinist nöqteyi-nəzərindən yanaşması həmin zülmün təzahürləri idi.
1917-ci ilin fevralında Rusiyada baş vermiş inqilab və çar mütləqiyyətinin devrilməsi digər millətlərdə olduğu kimi azərbaycanlılarda da gələcəyə böyük ümidlər yaratdı. Heç kim üçün sirr deyil ki, Azərbaycanın milli qüvvələri Fevral inqilabından sonra demokratik Rusiya respublikası tərkibində Azərbaycana muxtariyyət verilməsinin tərəfdarları idilər. Yalnız 1917-ci ilin oktyabrında Rusiyada bolşevik çevrilişi bu ümidləri alt-üst etdi. 1918-ci ilin martında bolşevilklərin ermənilərlə birgə Bakıda törətdiyi milli qırğınlar, dinc azərbaycanlı əhalisinə qarşı amansız soyqırımı Azərbaycan milli partiyalarını yeganə çıxış yolu kimi müstəqil dövlətin yaradılması qənaətinə gətirib çıxardı. Tarix sübut etdi ki, bu qərar həmin dövrdə yeganə düzgün qərar idi, çünki Cümhuriyyətin elan olunması faktiki olaraq azərbaycanlıların bir millət kimi və "Azərbaycan" adının bir siyasi məfhum kimi qalmasını həll etdi.
- Nailə xanım, şərtlərin bu qədər ağır olmasına baxmayaraq, o dövrdə hökumət tərəfindən bir çox mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul olundu. Bunlardan biri də Ordu quruculuğu ilə bağlı verilmiş qərar idi...
- Tamamilə doğrudur. Bu qərarın əhəmiyyətinə başqa aspektdən də yanaşmaq lazımdır. Məlumdur ki, çar Rusiyası dövründə azərbaycanlılara etibar etməyən hökumət onların əksər hissəsini orduya çağırmırdı. Yalnız bəy və xan nəslindən olanlar istisna edilirdi. Bu amil uzun müddət - bir əsr azərbaycanlıları hərbi xidmətdən, döyüşlərdə iştirak etmək qabiliyyətindən məhrum etdi və XX əsrin əvvəlində baş verən qanlı hadisələr zamanı öz mənfi təsirini göstərdi. Beləliklə. Cümhuriyyət hökumətinin 26 iyun 1918-ci il tarixində Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərarı vaxtında verilmiş qərar idi. Çox çətin şəraitdə Cümhuriyyət ordusunu qurmaq mümkün oldu, hərbi məktəblər açıldı, milli donanma yaradıldı, silahlı qüvvələrin maddi-texniki təminatı üçün əməli işlər görüldü. Bütün bu işlərdə məşhur Azərbaycan sərkərdələrinin Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Hüseyn xan Naxçıvanskinin və digərlərinin, habelə Cümhuriyyətə yardım göstərmiş Osmanlı zabitlərinin, xüsusilə Nuru paşanın əməyini qeyd etmək vacibdir.
- Yeri gəlmişkən, Xalq Cümhuriyyəti hökumətinin Bakı fəaliyyəti haqqında nə deyə bilərsiniz? Hər halda Azərbaycanın milli bayrağının təsdiq olunması və parlamentin fəaliyyətə başlaması bu dövrün ən böyük hadisələrindən idi...
- Cümhuriyyətin Bakı dövrü zaman baxımından onun tarixinin ən böyük dövrüdür. Bakının 1918-ci sentyabrın 15-də azad olunması, tarixi əhəmiyyətinə görə, bəlkə də mayın 28-də istiqlalın elan edilməsi ilə eyni sırada dura biləcək hadisədir. Hökumət Gəncədən Bakıya köçdükdən sonra istər daxili, istərsə də xarici siyasət sahəsində mühüm işlər görüldü: Bakıda Cümhuriyyətin özünün pul nişanı tədavülə buraxıldı, Universitet, "İstiqlal" muzeyi açıldı, Bakıda xarici ölkələrin diplomatic nümayəndəlikləri fəaliyyət göstərirdi. Bir sözlə, Bakı Şərqdə ilk demokratik respublikanın siyasi, iqtisadi və mədəni mərkəzi statusunu qazandı.
- Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması, beynəlxalq aləmin müstəqil subyekti kimi qəbul olunması istiqamətində hansı işlər görüldü?
- Hər bir yenicə müstəqillik qazanmış dövlət üçün onun dünya birliyi tərəfindən qəbul olunması, bərabər tərəfdaş kimi tanınması ən ümdə vəzifələrdəndir. Cümhuriyyət hələ "İstiqlal Bəyannaməsi"ndə elan etmişdir ki, o bütün dövlətlərlə sülh və dostluq şəraitində yaşamaq arzusundadır. Müstəqilliyimizi ilk tanıyan dövlət Osmanlı Türkiyəsi oldu. Ancaq dünyanın aparıcı dövlətləri - Böyük Britaniya, Fransa, ABŞ tərəfindən diplomatik tanınmaya nail olmaq üçün uzun və ağır yol qət edildi. Bu yolda xarici düşmənlər, ələlxüsus, ermənilər Azərbaycan haqqında yalanlar yayır, dünya ictimai fikrində azərbaycanlıları "qaniçən", "qatil" obrazında təqdim edirdilər. Parisə göndərilmiş diplomatik missiyanın üzvləri bu yalanları ifşa etməklə yanaşı Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətləri Azərbaycanı müstəqil ölkə kimi tanımağa, onunla əlaqələr yaratmağa inandırmalı idilər. Əlimərdan bəy Topçubaşov, Mir Yaqub Mehdizadə, Ceyhun Hacıbəyli və başqalarının gərgin əməyi sayəsində, habelə beynəlxalq şəraitin diktəsi altında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Azərbaycanın bəzi xarici ölkələrdə, habelə Bakıda bir neçə dövlətin səfirlikləri açılmışdı. Ümumiyyətlə, Azərbaycan diplomatiyasının 1918-1920-ci illərdəki əsas fəaliyyəti müstəqilliyimizin dünya birliyi tərəfindən tanınması və daha çox dövlətlə münasibətlərin qurulmasına yönəlmişdir.
- Nailə xanım, çox ağır şəraitdə ermənilər xüsusilə fəallaşmağa başladılar və onların Azərbaycana qarşı ərazi iddiaları getdikcə daha geniş vüsət alırdı. Buna qarşı hökumət hansı tədbirləri görürdü?
- 1918-1920-ci illərdə Azərbaycanın Yuxarı Qarabağ, Naxçıvan və Zəngəzur bölgələri iki ölkə arasında mübahisəli ərazilər hesab edilirdilər. Ermənilər həmin bölgələrdə dinc əhaliyə qarşı etnik təmizləmə siyasəti aparmış, minlərlə insan öz yurd-yuvalarından didərgin salınmış, kəndlər və şəhərlər dağıdılmışdı. Azərbaycana qarşı başlamış erməni təcavüzünün qarşısını almaq və ərazi bütövlüyünü bərpa etmək məqsədilə Qarabağda və Naxçıvanda general-qubernatorluqlar yaradıldı, erməni separatizminə qarşı mübarizəyə ordu cəlb olundu. Eyni zamanda yaranmış mübahisələri dinc yolla həll etmək üçün Azərbaycan hökuməti Ermənistanla sülh danışıqlarına da getmişdi. Lakin sülh razılaşması əldə olunsa da, qarşı tərəf yenə də öz fitnələrindən əl çəkmədi.
- Bütün səylərə baxmayaraq, cümhuriyyət 23 ay sonra - 1920-ci il aprelin 28-də süquta uğrayır. Bu süqutu şərtləndirən amillər hansılar idi?
- Həmin amilləri iki qrupa bölmək olar: daxili və xarici. Daxili səbəblər sırasında birinci yerdə, fikrimcə, hökumətin cəmiyyətdə, xüsusilə də geniş xalq kütlələri arasında müstəqillik, milli dövlətçilik ideyalarını lazımınca təbliğ edə bilməməsi durur. Aprel işğalından dərhal sonra Azərbaycan cəmiyyətinin müstəqilliyin itirilməsinə laqeyd münasibət göstərməsi dediklərimə əyani sübutdur. Ikincisi, siyasi qüvvələr arasında gedən daxili mübarizə, tez-tez baş verən hökumət böhranları, ağır sosial-iqtisadi vəziyyət və bunlardan istifadə edən radikal qüvvələrin pozuculuq fəaliyyəti ölkə daxilində sabitliyi pozurdu. Xarici səbəblərə gəldikdə isə, burada daha çox səbəb sadalamaq olar. Onlardan ən birincisi, sözsüz ki, Sovet Rusiyasının işğalçılıq mövqeyi idi. Məhz XI Qırmızı Ordunun müdaxiləsi Azərbaycanın müstəqilliyinə son qoydu.
Cümhuriyyətin süqutu səbəblərini araşdırarkən bir daha əmin olursan ki, müstəqilliyi qazanmaq necə çətindirsə, onu əldə saxlama daha çətindir və bunun üçün cəmiyyətin bütün qüvvələri bir olmalı, siyasi baxışlarından asılı olmayaraq dövlətçiliyin, müstəqilliyin qorunmasında həmrəy çıxış etməlidirlər.
- Nail xanım, sovet dövründə Azərbaycanın bu möhtəşəm tarixi müxtəlif səbəblərdən qərəzli araşdırılmış, bu tarixə yetərincə diqqət ayrılmamışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etməsindən sonra isə bir çox tarixi hadisələrə olduğu kimi, bu tarixlə bağlı da kifayət qədər obyektiv mövqe ortaya qoyuldu, Azərbaycan tarixinin bu şərəfli səhifələri layiqli şəkildə qiymətləndirildi. Ulu öndərin 28 May tarixi ilə bağlı ortaya qoyduğu mövqeni necə qiymətləndirirsiniz?
- Ümummilli liderimiz tarixçi-alimlərlə keçirdiyi görüşlərin birində Azərbaycan tarixinin XIX-XX əsrlər dövrünün yenidən işlənməsini, obyektiv elmi əsərlərin yazılmasını tövsiyə etmişdir. Heydər Əliyevin bu tövsiyəsi birbaşa Cümhuriyyət tarixinə də aid idi. Məhz onun sərəncamına əsasən 1998-ci ildə Cümhuriyyətin 80 illiyi ölkəmizdə geniş qeyd olundu. Həmin il Cümhuriyyət tarixinin ayrı-ayrı problemlərinə dair arxiv sənədlərindən ibarət toplular, kitablar, məqalələr dərc olundu. Hər il mayın 28-də bu əlamətdar hadisəyə həsr olunmuş təntənəli mərasim keçirilir və Ulu öndər şəxsən bu tədbirdə iştirak edir, geniş məzmunlu nitqlə çıxış edirdi.
Həmin ənənə bu gün də davam etdirilir. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə Cümhuriyyətin 90 illiyi təntənəli qeyd olundu. Bakıda birinci respublikaya həsr olunan abidə ucaldıldı. Ölkə başçısı dəfələrlə öz çıxışlarında 1918-1920-ci illərin Azərbaycanın çoxəsrlik tarixində xüsusi önəm daşıdığını vurğulayıb.
- Bu gün Azərbaycan tarixinin düzgün, obyektiv araşdırılması istiqamətində dövlətin gördüyü tədbirləri və atılan addımları necə qiymətləndirirsiniz?
- Azərbaycan hökumətinin və şəxsən cənab Prezidentin tarix elminə diqqət və qayğısını bir vətəndaş və alim kimi yüksək qiymətləndirirəm. Bilirsiniz ki, bu il ölkə başçısı tarixi tədqiqatların geniş və səmərəli aparılması məqsədilə Akademiyanın Tarix İnstitutuna 3 milyon manat vəsait ayırmışdır. Azərbaycanda aparılan arxeoloji qazıntılara hər il Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Bu il Tovuz rayonunda olarkən ölkə başçısı şəxsən qazıntı yerini ziyarət etmiş və burada işlərin davam etdirilməsi üçün xüsusi qərar vermişdir. Xalqımızın zəngin keçmişinin qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyi cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Onun bilavasitə tapşırığı və nəzarəti ilə muzeydə əsaslı təmir-bərpa işləri aparılmış, muzey dünya standartları səviyyəsinə çatdırılmışdır. Muzey rəhbərliyinin xahişini nəzərə alaraq cənab Prezident iki dəfə tarixi eksponatların bərpası və konservasiyası, habelə yeni materialların alınması üçün maliyyə vəsaiti ayırmışdır. Əlbəttə, bu, dövlət səviyyəsində tarix elminə göstərilən diqqətin yalnız bir neçə nümunəsidir. Lakin bu nümunələrdən belə görmək olur ki, dövlətin gördüyü tədbirlər ölkə tarixçiləri qarşısında tarixi keçmişimizi daha dərindən öyrənmək, yeni faktları üzə çıxarmaq, tariximizi saxtalaşdıranlara layiqli cavab vermək üçün sanballı elmi əsərlər yazmaq vəzifəsini qoyur. Düşünürəm ki, Azərbaycan tarixçiləri öz elmi araşdırmalarını məhz bu istiqamətdə davam etdirəcəklər.