Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır
- Hicran xanım, bildiyimiz kimi 1 iyun tarixi bütün dünyada uşaqların müdafiəsi günü kimi qeyd olunur. Bu baxımdan, ölkəmizdə uşaq hüquqlarının təminatı istiqamətində həyata keçirilən siyasət haqqında nə deyə bilərsiniz?
- Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublikamızın sürətli iqtisadi inkişafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan, son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmaqdadır. Təsadüfi deyil ki, qlobal iqtisadi böhran fonunda 2009-cu il möhtərəm Prezidentimiz tərəfindən "Uşaq ili" elan edildi. Bu uşaq siyasəti istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açır, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin bir daha uşaqların problemlərinə cəlb edir.
Uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılmış, bu istiqamətdə mühüm tədbirlər reallaşdirilir.
Bu siyasətin davamı olaraq son illərdə ölkə Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə daha artıq qayğının artmasına səbəb olmuşdur. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirməkdədir.
Hazırda uşaqların dövlət qayğısı ilə təmin edilməsi, qəyyumluq, himayə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi daim diqqət tələb edən sahələrdir. Bundan əlavə, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, pulsuz ümumi orta təhsilin təmin edilməsi və təhsil sisteminə nəzarətin həyata keçirilməsi də diqqət mərkəzindədir. Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixolojı inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır.
- Bu sahədə Azərbaycan hansı beynəlxalq sənədlərə qoşulub? Eyni zamanda, ölkəmizdə uşaq hüquqları ilə bağlı qanunvericilik bazası hansı səviyyədədir?
- Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə (3 avqust) Konvensiyanın 2 Əlavə Protokollarına qoşulmuşdur. 1999-cu ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu qəbul olunmuşdur. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilmişdir.
Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlmişdir.
Uşaq hüquqları Konvensiyası Uşaqların hərtərəfli qorunması və müdafiəsini əhatə edən beynəlxalq sənəddir. Məhz bu konvensiyaya qoşulan ölkələr uşaqların müdafiəsi istiqamətində mütəmadi olaraq BMT-nin uşaq hüquqları Komitəsinə hesabat təqdim edir və mütəmadi olaraq Komitə iştirakçı dövlətlərə hesabatlarla bağlı tövsiyələrini verir.
Artıq Azərbaycan Dövləti BMT-nin müvafiq komitəsinə 3 dövrü hesabat təqdim etmişdir və sonuncu hesabat dövründən sonra Komitə 2006 –cı ildə Azərbaycana yekun tövsiyələrini təqdim etmişdir. Bu il BMT- nin Uşaq hüquqları Konvensiyasının yaranmasının 20-ci il dönümündə Azərbaycan dövləti yenidən Alternativ hesabatı təqdim edəcəkdir. Məhz 2009 –cu ilin ölkədə "Uşaq ili" elan edilməsinin bu əlamətdar hadisə ilə uzlaşması bu sahəyə olan diqqət və qayğının daha da artırılması və uşaqların inkişafı və onların ən yaxşı maraqlarının təminatı sahəsində həyata keçirilən növbəti uğurlu hadisələrdən biridir.
- Dövlət Komitəsi bu günlə bağlı hansı tədbilər həyata keçirir? Bu sahədə hansı təşkilatlarla əməkdaşlıq edilir?
- Komitəmiz mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlər, layihələr ən müxtəlif istiqamətləri əhatə edir. Misal üçün deyə bilərəm ki, 2006-cı ildən BMT-nin Qadınlar Gildiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ailələrdə və uşaq müəssisələrində yaşayan xüsusi avadanlığa ehtiyacı olan uşaqlar üçün müvafiq ləvazimatlar alınmış və təqdim olunmuşdur.
Komitə həmçinin Türk Əməkdaşlıq və İnkişaf İdarəsi (TİKA) ilə birgə "Autizmli uşaqlar üçün reabilitasiya mərkəzinin təşkili" layihəsini həyata keçirir.1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə müntəzəm surətdə ailələrdə və dövlət uşaq müəssisələrində yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, insanların əlillik probleminə olan diqqətini artırmaq məqsədilə kütləvi tədbirlər təşkil olunur.
Uşaq müəssisələrində uşaqların qidalanmasının vəziyyəti, Azərbaycana idxal olunan süni qida məhsulları, uşaq geyimlərinin, oyuncaqlarının və müxtəlif ləvazimatların hazırlandığı xammalın keyfiyyəti ilə bağlı məsələlərin araşdırılması və nəzarətin gücləndirilməsi məqsədilə İqtisadi İnkişaf, Səhiyyə Nazirlikləri və Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq qurulmuşdur, davamlı monitorinqlərin keçirilməsi planlaşdırılır.
Uşaqlarla İş Üzrə Respublika Koordinasiya Şurası çərçivəsində respublikanın regionlarında vəziyyətin öyrənilməsi məqsədilə "Uşaq hüquqları və uşaq problemləri istiqamətində beynəlxalq sənədlər, Azərbaycan Hökumətinin qəbul etdiyi qanunlar, dövlət proqramları və real vəziyyət" mövzusunda bir sıra rayonlarda uşaqlarla işləyən aidiyyatı dövlət qurumlarının, QHT-lərin iştirakı ilə seminar təşkil olunmuşdur. De-institusionalizasiya Dövlət Proqramı çərçivəsində "Uşaqların Xilası" Təşkilatı ilə birgə Mingəçevir və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzlərində göstərilən alternativ qayğı xidmətlərinin səmərəliliyini əks etdirən fərdi halların idarə olunması mövzusunda təqdimat keçirilmişdir.
"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010)" çərçivəsində Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində, dövlət uşaq müəssisələrində uşaqların ixtisasa yiyələnməsi və məşğulluğunun təmin olunması məqsədilə Bakı Baş Məşğulluq İdarəsi ilə birgə mütəmadi olaraq görüşlər keçirilmiş və uşaqların maraq və ehtiyaclarına uyğun kurslar təşkil olunmuşdur.
Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, və Azərbaycan Futuroloqlar Cəmiyyəti ilə birgə "Gələcək Nəsillərlə Üz-Üzə" adlı 2-ci Ümumrespublika İnşa Musaqibəsi təşkil edilmişdir.
Bütün bunlar göstərir ki, uşaq hüquqlarının təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və aidiyyəti dövlət qurumları tərəfindən müvafiq istiqamətdə bir sıra addımlar atılır.
- Hicran xanım, sizcə, ölkəmizdə uşaqların sağlam ruhda böyüməsi və tərbiyə olunması, layiqli vətəndaş kimi yetişməsi üçün cəmiyyətin üzərinə nə kimi vəzifələr düşür?
- Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləriinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə önəmli dövlət proqramları qəbul edilmişdir. Bütün bunlarla yanaşı, uşaq hüquqlarının hərtərəfli təmin edilməsi, uşaq problemlərinin həlli bu istiqamətdə ardıcıl surətdə kompleks tədbirlərin reallaşdırılmasını şərtləndirir.
Eyni zamanda, uşaq problemlərinin ayrı-ayrı aspektləri, o cümlədən uşaqların sağlamlığının qorunması, uşaqların keyfiyyətli təhsil almaq imkanlarının artırılması, inklyuziv təhsilin inkişaf etdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların tələbatına yönəlmiş infrasrukturun yaradılması, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin, uşaq baxımsızlığının və uşaq əməyinin istismarının, onlara münasibətdə zorakılığın, uşaqlar arasında hüquq pozuntularının qarşısının alınması, cəmiyyətin uşaq hüquqları və uşaq problemləri ilə bağlı geniş maarifləndirilməsi istiqamətində dövlət orqanlarının fəaliyyətinin daha da gücləndirilməsinə, bəzi məsələlər üzrə əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.
Uşaq problemləri sahəsində digər məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin, habelə beynəlxalq təşkilatların cəlb edilməsi birinci növbəli vəzifələrdəndir.
Regionlarda sağlam həyat tərzi ilə bağlı kütləvi maarifləndirmə işlərinin aparılması, hemofiliyalı və talassemiyalı uşaqlar üçün stomatoloji kabinetin təşkili, onlar üçün donor günlərinin, qanvermə aksiyarının keçirilməsi zəruridir.
Əlillik uşaq və ailələrin üzləşdiyi ən ağır mənəvi və fiziki problemlərdən biridir. Tədqiqatlar göstərir ki, bu problem ailələrin dağılması və uşaqların internat müəssisələrinə düşməsinin əsas səbəblərindən birini təşkil edir. Bu gün Azərbaycanda rəsmi qeydiyyatda olan 47 000 uşaq müxtəlif formalı xəstəlik və onların ağır nəticələri üzündən əlilliyə məruz qalmışdır.
BMT-nin "Əlilliyi Olan İnsanların Hüquqları Haqqında Konvensiya"sı 2008-ci ildə Azərbaycan Hökuməti tərəfindən ratifikasiya edilmişdir.
Bu Konvensiyanın ratifikasiya edilməsi əlilliyi olan insanlar üçün daha geniş imkanların yaranmasına, bərabər imkanların təmin olunmasına təkan verəcəkdir.
2006-cı ilin yanvar ayında özünün yekun tövsiyələrində BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanın Yuvenal Ədliyyə sistemini tam olaraq BMT-nin standartlarına uyğunlaşdırmasını tövsiyə etmişdir2006-cı ilin yanvar ayında özünün yekun tövsiyələrində BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanın Yuvenal Ədliyyə sistemini tam olaraq BMT-nin standartlarına uyğunlaşdırmasını tövsiyə etmişdir.
Bu yaxınlarda yeniyetmə ədliyyəsində islahatların keçirilməsi Azərbaycan Hökuməti tərəfindən tam olaraq qəbul edilmişdir. Hökumətin diqqəti məhkəmə və hüquq-mühafizə sisteminin əsas işçilərinin bacarıqlarının artırılmasına, cinayət törətmiş yeniyetmələrə qarşı həbs cəzasına alternativ olan cəzaların tətbiq edilməsi üzrə modellərin tərtib edilməsinə əlverişli şəraitin yaradılması, cinayət qurbanları və şahidləri olan yeniyetmələrin müdafiəsi üçün xüsusi tədbirlərin görülməsinə, eləcə də Yuvenal Ədliyyə sisteminin yaradılması üçün tələb olunan struktur təşkilatlanma və hüquqi dəyişikliklərin müəyyən edilməsi və dəstəklənməsinə yönəldilmişdir.
yap.org.az