PDF Oxu

Müsahibə

  • 968

Status-kvo dəyişdirilməlidir

Status-kvo dəyişdirilməlidir

Müsahibimiz millət vəkili Fazil Mustafadır


- Fazil müəllim, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasının əleyhinə olduqlarını bildiriblər. Bu halda, nəyə görə, vəziyyətin sülh yönünə yönəldilməsi üçün həmin ölkələr və beynəlxalq təşkilatlar qətiyyətli addım atmırlar?


- Beynəlxalq təşkilatların və bəzi ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllində əsas niyyət Ermənistanı dəstəkləmək olduğuna görə, onlar hər hansı bir şəkildə işğalçı ölkənin ziyanına addımlar atmaq istəmirlər. Demək olar ki, bu siyasət sözügedən təşkilatlar tərəfindən indiyə qədər davam etməkdədir. Bunun da əsas səbəbi onunla bağlıdır ki, bu təşkilatlar bütün hallarda ermənilərə olan simpatiyalarını gizlətmirlər. Ermənistanı himayə edən ölkələr açıq şəkildə işğalçı ölkəyə dəstək verirlər. Ona görə də, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan fəaliyyəti prosesi uzadılır, Azərbaycan sıxışdırılır və nəhayət, ölkəmizin bu prosesdə uğur qazanması ləngidilir. Azərbaycan dövləti də sözügedən qüvvələrin qara niyyətlərinə adekvat olan addımlarını atmalıdır.


- Dağlıq Qarabağda status-kvonun saxlanması nə zamana qədər davam edə bilər?


- Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo bilərəkdən uzadılır. Ermənistanı hərtərəfli müdafiə edən Rusiyanın yardımı ilə bu münaqişənin həlli istiqamətində heç bir addım atılmır. Bütün bunların da nəticəsində digər həmsədr ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün konkret addım atmaqdan çəkinirlər. Yəni, bütün hallarda Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir. Rusiya istəsə münaqişə qısa müddətdə həllini tapar. Düşünürəm ki, Dağlıq Qarabağda status-kvo dəyişdirilməlidir. Əks-halda, Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün müharibənin baş verməsi qaçılmaz olacaq. Müharibənin qarşısının alınması üçün Dağlıq Qarabağın da statusu müəyyənləşməlidir. Dağlıq Qarabağın statusu məsələsi həlli beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın xeyirinə həll olunmalıdır. Bu da işğalçı ölkə olan Ermənistanın iddialarının yekunlaşması deməkdir. Təbii ki, bu da bəzi beynəlxalq güclərə sərf etmir.


- Serj Sarkisyan rejiminin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu aqressiv mövqeyin dəyişdirilməsi üçün Azərbaycan hərbi əməliyyatlara əl atarsa, beynəlxalq təşkilatların buna münasibəti necə olacaq?


- Düşünürəm ki, S.Sarkisyan rejiminin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu aqressiv mövqeyin dəyişdirilməsi üçün Azərbaycan hərbi əməliyyatlara müharibə elan etməklə başlamamalıdır. Yəni Azərbaycan özünə müəyyən dərəcədə dəstək əldə edəndən sonra bunu etməlidir. Çünki ölkəmizin hansı təzyiqlərlə üzləşə biləcəyi ortadadır. Demək olar ki, S.Sarkisyan rejiminin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu aqressiv mövqeyin dəyişdirilməsi qeyri-mümkündür. Çünki Ermənistan Rusiyanın tabeliliyində olan bir ölkədir. Ona görə də, bu məsələdə bizim daha çox müttəfiq tapmaq və partnyorlarla işləməklə fəaliyyətimizi daha da genişləndirməliyik. Bu dəstək əldə olunmasa, döyüş meydanında prinsipial məsələləri həll etmək çətin olar. Həm də paralel olaraq, diplomatik meydanda da müəyyən dəstək qazanmaq lazımdır.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər