PDF Oxu

Müsahibə

  • 876

ABŞ Dövlət Departamentinin hesabatı...

ABŞ Dövlət Departamentinin hesabatı...

Müsahibimiz politoloq Elman Nəsirlidir


- Elman müəllim, ABŞ Dövlət Departamenti bu yaxınlarda hesabat yayıb. Hesabatda Ermənistan separatçılarının Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu hələ də işğalda saxladığını qeyd edib. ABŞ Dövlət Departamentinin bu hesabatını necə şərh edərdiniz?


- ABŞ Dövlət Departamentinin hesabatında bu faktların qeyd olunması müsbət bir hadisədir. Azərbaycan dövləti Dövlət Departamentinin bu yanaşmasına, təbii ki, məmnunluqla yanaşır. Bir sözlə, verilən bəyanatların konkret işlək mexanizmləri olmalıdır. Yəni, onlar kağız üzərində qalmamalıdır. Verilən bəyanatlar kağız üzərində qalanda isə sözügedən separatçılar həmin Dövlət Departamentinin bəyanatlarına quru bir kağız parçası kimi yanaşırlar. Separatçılar hesab edirlər ki, bu, hətta bir qara qəpiyə də dəyməz. Yəni, separatçılar səslənən həmin bəyanatlara bu cür qiymət verir. Nəticədə, cəzasızlıq rejimi nəticə etibarı ilə növbəti cinayətlərə sövq edir. Demək olar ki, Dövlət Departamentinin bu cür yanaşması müsbət təəssürat doğurur.


- İsveçin "Svenska Dagblsded" qəzeti Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və dünya birliyinin bu məsələyə göz yumduğunu, hələ də müxtəlif yerlərdə bir milyondan çox insanın qaçqın və məcburi köçkünün qaçqın həyatı yaşadığını qeyd edib. Sizcə, artıq ayrı-ayrı ölkələr reallığı dərk etdiyi halda, əməli konkret addım nəyə görə atmırlar?


- Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 250 min qaçqınımız və 750 min nəfər də məcburi köçkünümüz var. Xarici mətbuatda bu rəqəmlərin və faktların qeyd olunması çox müsbət hadisədir. Hesab edirəm ki, bu vəziyyətə adekvat yanaşılmalıdır. Amma bu, ayrı-ayrı mətbu orqanlarının və jurnalistlərinin mövqeyi kimi qəbul edilir. Demək olar ki, bir çox hallarda belə fikirlər səsləndirirlər ki, bu, jurnalistin mövqeyidir. Yəni, dövlət istənilən halda bəyanat verə bilir ki, bu, rəsmi mövqe deyil. Ermənilər müəyyən mənada təzyiqə keçəndə, deyə bilirlər ki, bu, ayrı-ayrı jurnalistin subyektiv münasibətidir. Burada bizim üçün maraqlı olan sözügedən məsələ ayrı-ayrı dövlətlərin mövqeyinin olmasıdır. Heç şübhəsiz ki, ayrı-ayrı jurnalistlərin bu mövqeyinə müsbət yanaşmaqla, biz bu nəticəyə gəlirik. Bir sözlə, dövlətlər bu məsələdə obyektiv mövqe nümayiş etdirməlidilər. Nə qədər ki, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyulur, o zaman bu işğal aktına son qoyulmur. Nəticədə, Cənubi Qafqazda müharibə ocağı söndürülmür. Unutmaq olmaz ki, indiki qloballaşan dünyada bir yerdə ocaq yanırsa, digər yerlərdə də onun təsiri mütləqdir. Yəni, ondan yayınmaq mümkün deyil. Əgər qonşunda ev yanırsa, heç bir halda, digər qonşu rahat olmamalıdır ki, onun evi yanmır. İstənilən halda eyni aqibəti o da yaşaya bilər. Ona görə də, Cənubi Qafqaz kimi regionda Ermənistanın bu işğalçılıq siyasətinə lazımi hüquqi qiymət verilmirsə, yəni hüquqi və siyasi baxımından onda da istənilən halda bu cəzasızlıq rejimi hökm sürməyə başlayır. Ona görə də, bu cür vəziyyət yaranır. Hesab edirəm ki, ayrı-ayrı dövlətlər və onların birlikləri olan ayrı-ayrı beynəlxalq təşkilatlar çox konkret ünvanı ilə tərəflərə qiymət verməlidir. Yəni işğalçı ölkəyə işğalçı, və işğala məruz qalan ölkəyə isə işğala məruz qalan deməlidir. Bu vəziyyətdə isə beynəlxalq hüquq hansı addımları atırsa, onu həyata keçirməlidir. Bir sözlə, nə qədər ki, ayrı-ayrı dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə yanaşması da bu cür ikili standartlar varsa, onda da heç bir halda, bu münaqişənin dəqiq həllinə nail olmaq mümkün olmayacaq. Demək olar ki, hər bir məsələnin önündə maraqlar dayanır.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər