PDF Oxu

Müsahibə

  • 807

Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir

Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir

- Aydın müəllim, AŞPA-nın sədri Jan-Klod Minyon Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpasına zərurət olmadığını söyləyib. Bu fikirlər nə dərəcədə məntiqlidir?


- Təəssüflər olsun ki, AŞPA-nın sədri məsələyə bir qədər sayqısız yanaşıb. Düzdür, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə əsasında həll olunmalıdır. ATƏT-in Minsk Qrupu adlı bir beynəlxalq mexanizm bununla konkret olaraq məşğul olur. Bu gün Dağlıq Qarabağ münaqişəsi iki dövlət arasında olan münaqişə deyil. Demək olar ki, bu, artıq beynəlxalq siyasətin gündəliyidir. Bu münaqişənin həllindən dünyanın həssas bir regionun, yəni Cənubi Qafqaz regionunda sülhün olmasında Avropanın təhlükəsiz şəkildə enerji ilə təchiz edilməsində və ən əsası Avropa təsirinin daha böyük məkanda hiss edilməsinə gətirib çıxarır. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, daha doğrusu, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması tələbinə nə qədər çox qüvvə qoşularsa və beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirərsə, bir o qədər effektli olar. Bir vaxtlar AŞPA-da Dağlıq Qarabağ məsələsinə görə Alt Komitə yaradılmışdır. Onun bir-iki sessiyası keçirildi. Sonradan onun sədri dünyasını dəyişdiyinə görə, həmin komitə fəaliyyətsiz qaldı. Demək olar ki, əvvəldən də sözügedən komitənin fəaliyyətində elə bir fəallıq yox idi. Burada məsuliyyəti ancaq Ermənistanın həmin komitənin işində iştirak etmək istəməməsi ilə bağlamaq olmaz. AŞPA-nın rəhbərliyi də bu məsələyə maraq göstərmir. Başqa təşkilatlardan fərqli olaraq, AŞPA-nın öz üzvlərinə təsir etmək mexanizmi var. Məsələni gündəliyə qoymaq, müzakirə etmək bir neçə iclas nümayəndə heyətinin səsdən məhrum etmək, hətta üzvlüyün müəyyən müddətə saxlamaq məsələsi gündəmdədir. Bu baxımdan, AŞPA sözügedən gedən Alt Komitənin fəaliyyətini bərpa edərək, gündəmə gətirə bilərdi.


- Nəyə görə, Ermənistan Alt Komitəyə qoşulmayıb?


- Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir. Burada Alt Komitə olarsa, Azərbaycan və Ermənistan tərəfləri məsələnin tarixçəsi və kökü barəsində informasiyalar verə bilərlər. Həmin informasiyanın indidən qəbul edilməyəcəyini Ermənistan bilir. Azərbaycan tərəfi, şübhəsiz ki, Ermənistan qoşunlarının Azərbaycanda olmasının səbəbini soruşacaq, Xocalı və digər bölgələrimizdə Ermənistan tərəfindən törədilmiş soyqırımı barəsində ondan sorğu edəcək, eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yüksək muxtariyyət vermək təklifi var. Bu isə Avropa tərəfindən başa düşülərək qəbul edilir. Bu gün Avropanın özündə milli azlıqların yaşadığı kifayət qədər bölgələr var. Həmin bölgələr də separatçılıq ara-sıra baş qaldırsa da, Avropa onlara, sadəcə olaraq, yüksək muxtariyyət verib. Azərbaycan bu cür təklifi etdikdə, Ermənistan artıq mat vəziyyətində qalacaq. Hesab edirəm ki, sadəcə olaraq, Ermənistan həmin o sonluqdan ehtiyatlanır. Ancaq Ermənistanın Alt Komitənin işində iştirak etməməyi heç də AŞPA rəhbərliyinə komitənin lüzumsuzluğu barəsində bəyanat verməsinə gətirib çıxarmalı deyil. Yəni Ermənistansız da Alt Komitəni bərpa edərək müzakirələr keçirmək olardı.


- Bundan sonra komitənin gələcək fəaliyyəti ilə bağlı irəliləyiş olacaqmı?


- Burada Azərbaycanın məqsədi AŞPA-da Alt Komitənin olması deyil. Yəni Azərbaycanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu problemin həllinə kömək edən bütün vasitələrdən istifadə etmək istəyir. Bu vasitələrdən biri də AŞPA-da Alt Komitənin yaradılmasıdır. Onsuz da Azərbaycan nümayəndə heyətinin üzvləri vaxtaşırı AŞPA tribunasından Dağlıq Qarabağ məsələsi ilə bağlı obyektiv fikirlər səsləndirirlər. AŞPA üzvü olan bir çox deputatlar bu mövqeyini qəbul edirlər. Ancaq Alt Komitə olsa, əlbəttə ki, pis olmazdı. Azərbaycan bu istiqamətdə öz səylərini davam etdirəcək və məsələ qaldıracaq. Bir sözlə, bu məsələ ilə bağlı işlər gedəcək. Bildiyiniz kimi, Prezident İlham Əliyevin çıxışlarının birində belə bir fikir var idi: "Biz Dağlıq Qarabağ problemi həll edilənəcən Ermənistana hərtərəfli təzyiq edəcəyik, iqtisadi, hərbi, siyasi diplomatik və s". Yəni bu gün Ermənistan bilməlidir ki, torpaqlarımızdan qoşunlarını çıxartmayana qədər Azərbaycan bütün müstəvilərdə bu problemin həlli ilə bağlı gərgin iş aparacaq.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər