PDF Oxu

Müsahibə

  • 1 063

“Dağıdıcı müxalifətə Qərbdəki dairələrin inamı tamam itib”

“Dağıdıcı müxalifətə Qərbdəki dairələrin inamı tamam itib”

- Son günlər bir sıra nüfuzulu beynəlxalq təşkilatların rəhbərləri Azərbayacana səfər edib. Bu cür səfərləri necə qiymətləndirirsiz?

- Son illər Azərbaycanın beynəlxalq aləmdə rolu, nüfuzu, fəaliyyəti getdikcə güclənir. Bu proses ötən ildən daha güclü özünü büruzə verməyə başlayıb. Bildiyiniz kimi Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bu il may ayının əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin quruma sədrliyi dövrünün açılışını etdi. Eyni zamanda ötən il "Eurovision-2012" musiqi yarışmasında Avropa səviyyəsində qələbə qazanmağımız Azərbaycanın beynəlxalq fəaliyyətinə yeni bir nəfəs verdi. Bu gün isə dövlətlərarası münasibətlərlə əlaqədar Azərbaycana davamlı olaraq çoxlu səfərlər həyata keçirilir. Bu isə ölkəmizin əlaqələrinin gücləndiyin göstərir. Eyni zamanda böyük beynəlxalq və regional təşkilatların rəhbərlərinin Azərbaycana səfəri və müəyyən bu cür forumların keçirilməsi bir daha ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu ilə bağlıdır.

Bu gün dünyada gedən proseslər çox mürəkkəb və intensivdir. Bu proseslər dünyanın aparıcı faktorlarını maraqlandırır. Onların xarakteri, istiqaməti və s. Bu nöqteyi-nəzərdən Azərbaycana sizin dediyiniz müstəvidə edilən səfərlərdə onların xarakteri, mahiyyəti aydın olur. Azərbaycan ən azı Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan regionda böyük layihələrə imza atan dövlətdir və eyni zamanda ölkəmizin təkcə regionda yox, Avropa ilə Asiya arasında, şimal ilə cənub arasında, ümumiyyətlə, dünyanın qaynar nöqtələrində gedən proseslərlə bağlı çox mühüm rolu, çox mühüm körpü kimi fəaliyyəti var. Eyni zamanda bu səfərlər Azərbaycanın gələcəkdə oynayacağı rola bir diqqətdir. Yəni, beynəlxalq təşkilatların və dövlətlərin rəhbərləri Azərbaycanın getdikcə artan rolunun iki-üç ildən sonra daha hansı səviyyədə olacağını bildikləri üçün indidən bu əlaqələri daha da genişləndirirlər. Bu nöqteyi-nəzərdən ən mühüm səfərlərdən biri də Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompeyin Azərbaycana etdiyi səfərdir. Bu yeganə səfər deyil. Əslində Avropa İttifaqından bura yüksək səviyyəli nümayəndələrin səfərləri həmişə olub. Elə ötən ilin əvvəlində Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozonun (Barroso) Bakıya səfəri olub.

- Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə hansı köməklik göstərə bilər?

- Avropa İttifaqının əsas şüarlarından biri dünyada sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımların daha da intensivləşməsidir. Bu baxımdan, Avrasiya məkanında Cənubi Qafqaz çox həssas regiondur. Cənubi Qafqazda bu gün sülh və təhlükəsizlik təhlükə altındadır. Azərbaycan torpaqlarının 20 faizi iyirmi ildən artıqdır ki, erməni silahlı qüvvələrinin işğalı altındadır. İşğal edilmiş rayonlarda şəhər, kənd və qəsəbələr tamamilə dağıdılıb. Təəssüflər olsun ki, bu münaqişənin həlli ilə bağlı iyirmi ilə yaxın gedən danışıqlarda irəliyə bir addım da atılmayıb. Bu nə deməkdir? Məsələ burasındadır ki, nə qədər ki, bu münaqişə ədalətli, beynəlxalq hüquq çərçivəsində öz həllini tapmayıb, deməli təhlükə var. Belə geosiyasi həssas məkanda olan münaqişələr təkcə region üçün yox, düşünürəm ki, ümumiyyətlə, dünya üçündə təhlükədir. Dünyanın aparıcı ölkələri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləridir. Eyni zamanda müxtəlif vaxtlarda Avropa İttifaqının rəhbərləri də bu münaqişənin nizamlanması ilə bağlı müəyyən səylər göstəriblər. İndi isə sizin qeyd etdiyiniz kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş fikir mübadiləsi aparılır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə olduğu kimi əsaslandırılmış, konseptual formada cənab Rompeyə münaqişənin həlli ilə bağlı gedən danışıqlar prosesinin xarakteri, müəyyən mərhələləri, orada qarşıya çıxan məsələlər və gələcək perspektivlər, münaqişənin həlli ilə bağlı atılmalı addımlar barədə məlumat verdi. Bu da hesab edirəm ki, düzgün yönəlmiş mesaj idi. Çünki, Avropa İttifaqının rəhbəri həm Avropa dövlətlərinin rəhbərləri ilə, həm də beynəlxalq təşkilatlar çərçivəsində belə məsələlərlə bağlı mövqe bildirməlidir. Bu məsələdə bizim əsas istəyimiz, birinci mesajımız budur: Artıq beynəlxalq aləm də bilir ki, Ermənistan tərəfi hər dəfə müəyyən bəhanə və hiyləgər addımla, metodlarla, manevrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gedən danışıqlar prosesini uzatmaq istəyir. Beləliklə, beynəlxalq ictimaiyyəti dezinformasiya ilə aldatmaq istəyir. Bu çox təhlükəli bir məqamdır. Bildirmək istəyirəm ki, onlar çox hiyləgər addımlar atırlar. Məsələn, həmsədr ölkələrin dövlət rəhbərlərinin bu yaxınlarda bəyanatından yarım saat sonra Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan bəyanat verdi ki, "biz sizin verdiyiniz bəyanatla razıyıq, amma Azərbaycanın müharibə ritorikası münaqişənin həllinə mane olur". Guya ki, iyirmi il ərzində əraziləri işğal altında saxlamaq normal bir şeydir. Amma Azərbaycanın öz ərazilərini azad etmək hüququ haqqında danışanda bu onları böyük bir təlaşa salır. Ona görə də dünyada bütün imkanı olan yerlərdə təbliğat apararaq özlərini arxa tapmaq istəyirlər. Bu çox təhlükəli bir prosesdir. Belə davam etməz.

Bununla bağlı məsələnin ikinci tərəfini qeyd etmək istərdim: Əsas mesajımız budur ki, münaqişə beynəlxalq hüquq və norma prinsipləri çərçivəsində ədalətli həll olunsun. Bu, gec partlayan bombaya bənzəyir. Ermənistanın separatçı rəhbərləri, erməni xalqı, məsələ ilə bağlı maraqlanan beynəlxalq dövlətlər də bilməlidirlər ki, gec-tez münaqişə ədalətli həll olunmalıdır. Belə olmazsa, bu münaqişə Ermənistan üçün böyük təhlükə olaraq qalacaq. Eyni zamanda region və beynəlxalq aləm üçün də təhlükədir. Əsas məsələ bundan ibarətdir və bu baxımdan da Azərbaycan Prezidentinin əsaslandırılmış, konseptual, mövqeyi Cənab Rompey üçün çox maraqlı oldu. O, bunu diqqətlə dinləyərək müxtəlif suallarla geniş fikir mübadiləsi apardı.

- Artıq ATƏT-in baş katibi Lamberto Zanyerin ölkəmizə səfəri başlayıb. Daha sonra Minsk Qrupunun həmsədrləri Azərbaycana gəlir. Bu səfərlərin münaqişənin həllinə təsiri ola bilərmi və ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaqmı?

- Şübhəsiz biz düşünürük ki, ATƏT-in baş katibi Lamberto Zanyerin səfərində əsas məqsəd münaqişənin həlli ilə bağlı gedən danışıqlar prosesi ətrafında geniş fikir mübadiləsi apararaq indiki vəziyyətdən çıxış yolunu təmin etməkdən söhbət gedir. Artıq beynəlxalq aləm də bilir ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq istəyirlər. Çünki bugünkü Ermənistan rəhbərləri əslində bu separatçı prosesin yetirmələridir. Ona görə də, onlar öz həyatlarını həm hakimiyyətdə, həm də ümumiyyətlə, fiziki həyatlarını bu münaqişənin mövcudluğu ilə bağlayırlar. Divin canı şüşədə olan kimi bunların canı da separatizmdədir, Dağlıq Qarabağ kartındadır. Ona görə də ermənilər Dağlıq Qarabağ münaqişəsini uzatmaq istəyirlər və bunun üçün müəyyən addımlar atırlar. Bu nöqteyi-nəzərdən mən düşünürəm ki, ATƏT-in baş katibi Lamberto Zanyer, həmsədrlər, eləcə də bundan öncə Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompey - bunların hər biri fəaliyyətlərində bu məsələni nəzərə alaraq, ümumi bir mövqe formalaşdırıb münaqişənin həlli üçün səylərini ortaya qoymalıdırlar. Bu istiqamətdə ATƏT-in baş katibinin Azərbaycana səfəri isə xüsusi əhəmiyyət daşıyır. Çünki, bu gün bu münaqişənin həlli ilə bağlı əsas qurum kimi ATƏT çıxış edir. Minsk Qrupunun həmsədrləri isə ATƏT çərçivəsində fəaliyyət göstərir. Ona görə də, düşünürəm ki, bu səfər zamanı çox ciddi danışıqlar, müzakirələr, fikir mübadiləsi aparılacaq. Bu da öz təsirini təbii olaraq Minsk Qrupu həmsədrlərinin bura gəlişində, onların mövqeyində göstərməlidir.

- Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompeyin Azərbaycana səfəri zamanı müxalifətlə görüşməməsi birmənalı qarşılanmadı. Radikal müxalifət deyir ki, guya hakimiyyət qıcıqlanmasın deyə Rompey onlarla görüşmədi. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Bilirsiniz, burada mən qəribə bir məntiq görürəm. Sadəcə olaraq mən müxalifətin məhz dağıdıcı qanadının artıq bununla bağlı qıcıqlandığını görürəm. Xarici ölkələrin yüksək nümayəndələrinin Azərbaycana səfəri zamanı, xüsusilə də Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompeyun səfərini nəzərdə tuturuqsa, onun öz səfər proqramı olur. Düzdür, o proqram bizə bildirilir, amma özü nəzərdə tutmaq istəsə ki, hansısa görüş keçirəcək, bu halda ona heç bir maneçilik törədilmir və törədilə bilməz. Bu bir etiketdir. O, təxminən bir saatdan artıq Azərbaycan Xarici Dillər Universitetində məruzə ilə çıxış etdi. Buna kim nə deyə bilərdi?

Bilirsiniz, burada başqa məsələ var. Mən bununla bağlı təxminən bir ay əvvəl bir müsahibəmdə qeyd etdim. Bu həmin o müxalifət dairələrini, onlara yaxın olan bəzi adamları çox qıcıqlandırdı. Başladılar bir sıra boş-boş şeylər danışmağa. Danışıb-danışıb susdular.

Məsələ buradadır ki, son bir neçə ildə Azərbaycanın əldə etdiyi nailiyyətləri adi hesab etmək olmaz. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Özü də o qədər böyük proses və mübarizədən sonra. Ötən il "Eurovision-2012" musiqi yarışmasında Avropa səviyyəsində qələbə çaldıq, bu da bir təsadüfi qələbə deyil. Beş dəfə biz bu müsabiqədə iştirak etmişik və müxtəlif yerləri tutmuşuq. Yəni, bunların hamısının çox böyük əhəmiyyəti var. Eyni zamanda bir neçə gün bundan öncə Türkiyə ilə Azərbaycan arasında Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi ilə bağlı sənəd imzalandı. Bilirsiniz bununla bağlı çox geniş danışmaq olar. Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, Bakı-Tibilisi-Qars kimi layihələr həm region, həm də Avrasiya üçün çox böyük strateji əhəmiyyəti olan layihədir. Bunların hamısını görüb, müşahidə edirlər. Bakı-Tibilisi-Ceyhan layihəsini həyata keçməsi üçün dünya birliyi fəaliyyət göstərdi, Qərbin böyük dəstəyi oldu. Amma TANAP ilə bağlı bunu demək olmaz. Yükün ən böyük hissəsini, təxminən 80 faizə qədərini bütün müstəvilərdə üzərinə götürən Azərbaycan oldu. Bu eyni zamanda siyasi, iqtisadi bir göstəricidir. Artıq iki qardaş və tərəfdaş dövlət belə bir addım atıb, onu həyata keçirmək üçün qərar qəbul edib sənəd imzaladılar. Bu dünyada artıq güclü nüfuz deməkdir. Ona görə də bunları görürlər.

Bununla da bərabər Azərbaycanda gedən bu möhtəşəm inkişafın şahidi olurlar. Bunu danmaq mümkün deyil. Hazırda təkcə Bakıda deyil, Azərbaycanın bütün regionlarında inkişaf var. Bunların hamısının çox böyük əhəmiyyəti var. Eyni zamanda iqtisadi, siyasi, mədəni, qanunvericilik və digər sahələrdə həyata keçirilən islahatların və inkişafın şahidi olandan sonra Qərbdəki aparıcı dairələr görürlər ki, bu ölkənin inkişafında iqtidarın tutduğu yol düzdür. Sivil və demokratik cəmiyyət qurmaq üçün aparılan yol düzdür.

Müəyyən nöqsanlar hansı ölkədə yoxdur ki? Bu gün Qərb böhran içərisindədir. Orada ən fundamental hüquqlar belə pozulur. Amma Azərbaycanda bütün bu prosesləri görərkən fikirləşirlər ki, elə bugünkü inkişafa yardımçı olan qüvvələrlə əlaqə saxlamaq daha yaxşı olar. Və yaxud bu prosesə zərər verən, ona heç bir xeyir gətirə bilməyən, buna heç bir vaxt yardımçı ola bilməyən qüvvələrlə görüşməyin heç bir mənası yoxdur. Mənim fikrimcə, Qərb dairələri bu mənada indiki dağıdıcı müxalifətə olan inamlarını tamam itiriblər. Bu da təbiidir və düzgündür. Çünki, onlar uzun illər ərzində müşahidə aparıb gördülər ki, ümumiyyətlə, heç bir vaxt dağıdıcı müxalifət Azərbaycana müsbət, pozitiv prosesləri təmin etmək üçün yarıya bilməz. Buna görə də, sərbəst qərarlar çıxarırlar. Bu təkcə Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy səfəri zamanı olmayıb. Bundan öncəki səfərlərdə də dağıdıcı müxalifət nümayəndələrinin bəziləri böyük səs-küy qaldırdılar.

Onlar vətəndaş cəmiyyəti tərəfdarı olanlara görüşürlər. Bəlkə onların bu prosesə hər hansı bir yardımları ola bildi. Vətəndaş cəmiyyətini isə bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda qurur.

Digər xəbərlər