PDF Oxu

Müsahibə

  • 763

Novruz Məmmədov: "Azərbaycan Prezidenti həmsədrlərlə görüşdə lazımı mesajı verdi"

Novruz Məmmədov: "Azərbaycan Prezidenti həmsədrlərlə görüşdə lazımı mesajı verdi"

Son aylarda Azərbaycanda yeridilən xarici siyasət, Dağlıq Qarabağ problemi, problemin həll olunması istiqamətində atılan addımlarla bağlı Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Səs Tv-yə müsahibə verib. Müsahibə zamanı bir sıra beynəlxalq məsələlərə də münasibət bildirən Novruz Məmmədov ölkəmizdə aparılan xarici siyasəti yüksək qiymətləndirib.


-Novruz müəllim, ilk sualım ATƏT-in Minsk Qrupunun həmsədrlərinin artıq adət halını almış səfərləri ilə bağlıdır. Bu dəfə həmsədrlər regiona yeni təkliflərlə gəliblər. Sizcə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilərmi?


-İlk olaraq, onu qeyd edim ki, biz artıq uzun müddətdir ki, belə bir dönüş nöqtəsini gözləyirik. Gec, ya tez münaqişənin həllində belə bir dönüş olmalıdır. Bilirik ki, bu qısa zaman çərçivəsində Avropa Birliyinin prezidentinin, ATƏT-in baş katibinin, NATO-nun nümayəndəsinin və digər yüksək səviyyəli şəxslərin ölkəmizə səfəri baş tutdu. Səfərlər çərçivəsində ölkə Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və münaqişənin həlli istiqamətində aparılan danışıqlarda hazırkı vəziyyət əsas müzakirə mövzusu oldu. Bu səfərləri xatırlatmaqda əsas məqsədim ATƏT-in Minsk Qrupunun həmsədrlərinin baş tutmuş növbəti səfərinin məntiqi izahı olduğunu diqqətə çatdırmaqdır. Uzun illərdən bəri Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir sıra addımlar atılsa da, çox təəssüf ki, Ermənistan tərəfi hər dəfə müəyyən bir bəhanə ilə münaqişənin həllinin uzadılmasına nail ola bilir. Ermənistan tərəfi hər dəfə öz mövqeyi və hiyləgərliyi ilə danışıqlar prosesində əldə oluna biləcək irəliləyişin qarşısını kəsir. Ona görə də, dövlət başçısı və Azərbaycan xarici işlər naziri ilə yeni təkliflərlə gələn həmsədrlər arasında görüş keçirildi. Görüş çərçivəsində sözügedən mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Azərbaycan tərəfi həmsədrlərlə görüşdə əsas lazımi mesajı verdi və münaqişənin qısa zaman çərçivəsində həllinin vacib olduğunu diqqətə çatdırdı. Həmsədr ölkələrin rəhbərləri münaqişənin tezliklə sülh yolu ilə həll olunmasına, status-kvonun qəbul edilə bilməyəcəyinə dair bəyanatlar verirlər. Məlumdur ki, status-kvonun dəyişdirilməsi üçün Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarını azad etməlidir. Əslində 2009-cu ilin sonunda Madrid prinsipi qəbul olunan zaman bu münaqişənin həlli ilə bağlı bir sıra məsələlər aydın idi. Amma elə o vaxtdan Kazan və Soçi görüşlərinə qədər uzanan danışıqlar nəticəsində Ermənistan tərəfi hər zaman öz mövqeyini ortaya qoyub. Belə ki, keçirilən görüşlərdən əvvəl ya da sonra hər zaman Ermənistan tərəfi provokasiya xarakterli bir bəyanat verir. Bununla dünya ictimaiyyətini inandırmağa çalışır ki, guya Azərbaycan tərəfi danışıqlar prosesində irəliləyişin qarşısını kəsir. Lakin bunun belə olmadığı beynəlxalq siyasətdə məlumdur. Həmsədrlərlə keçirilən görüşlər zamanı əsas mesajlardan biri də məhz bununla bağlı idi. Yəni Ermənistanın yeritdiyi hiyləgər və məkrli siyasətə artıq Azərbaycan tərəfində dözüm qalmayıb. Həmsədrlər Azərbaycandan sonra Ermənistan tərəfi və bir sıra beynəlxalq strukturlarla da görüşlər keçirəcəklər. Əsas məqsədimiz də bu görüşlərdə konkret mövqe bildirilməsidir. Həmsədrlərlə bağlı bir mövqeyimiz də bundan ibarətdir ki, onlar beynəlxalq hüquq mexanizmini ortaya qoyub konkret mövqe bildirməlidirlər. Çox təəssüf ki, hələlik, bu istiqamətdə hansısa irəliləyiş əldə olunmayıb. Yəni ATƏT-in Minsk Qrupunun həmsədrləri bu sahədə qətiyyətli görünmürlər.


-Novruz müəllim, Meksika Senatının aşağı palatasının təmsilçiləri Dağlıq Qarabağ problemini Latın Amerikasında tanıdacaqlarını deyiblər. Erməni lobbisinin orada güclü olduğunu nəzərə alsaq, Meksikadan bu sahədə nə dərəcədə müsbət nəticə gözləyə bilərik?


-Ümumiyyətlə, bu, çox müsbət haldır. Mən dünən Yaponiyanın Xarici İşlər Nazirliyinin departament rəislərindən biri ilə görüşdüm. Görüş çərçivəsində onlar da Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmasının tərəfdarı olduqlarını qeyd etdilər. Bu, çox müsbət məqamdır. Məsələ burasındadır ki, dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Meksikanın bu addımına gəldikdə isə, bəli, Meksika parlamentinin vitse-prezidentinin rəhbərliyi ilə nümayəndə heyəti Bakıda olan zaman onlar bu mövzu ilə bağlı ətraflı məlumat verdilər. Belə ki, onlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən kampaniya aparacaqlarına dair söz verdilər. Onlar 20 ildən çoxdur Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və Ermənistanın torpaqlarımızı azad etmək istəmədiyini görürlər. Eyni zamanda, Meksika parlamentində Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz işğal olunması və "Xocalı" soyqırımı ilə bağlı qətnamə qəbul edilib. Bu isə çox mühüm hadisədir. Son bir neçə il ərzində Azərbaycanın Cənubi Amerikada mövqeyi həddindən artıq güclənib. Meksika, Argentina, Kolumbiya və digər dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atdığı addımlarda buna bariz nümunədir. Bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq aləmdə dəstəkləndiyininin göstəricisidir. Meksika parlamentarilərinin yeritdiyi bu siyasətin nəticəsinin müsbət olacağını düşünür və yüksək qiymətləndirirəm. Yəni sizin də qeyd etdiyiniz kimi, Latın Amerikasında erməni diasporası üstünlük təşkil edir. Lakin bütün bunlara baxmayaraq, Meksika və bir sıra ölkələrin bu cür addımları Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinə və ərazi bütövlüyünün qəbul edilməsinə şərait yaradacaq.


-Azərbaycanda 2012-ci ilin ilk 6 ayı ərzində yeridilən xarici siyasəti necə qiymətləndirirsiniz?


-Azərbaycanda bu müddət ərzində yeridilən xarici siyasətlə bağlı, əslində, kifayət qədər danışmaq olar. Çünki bu zaman kəsiyində Azərbaycan bir ölkə olaraq beynəlxalq aləmdə həddindən artıq nüfuz qazanıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına 2 illik üzv seçilməsi, ölkə Prezidentinin BMT TŞ sədrliyin açılışını etməsi və yalnız bir neçə gün ərzində dövlət başçısının açılış çərçivəsində həyata keçirdiyi tədbirlər, görüşlər, diplomatik korpuslar dərin bir tarixin ifadəsidir. Görüşlər zamanı bütün nümayəndələr Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu təstiqləyir və bununla bağlı fikir bildirirdilər. Bu, əslində, çox böyük hadisədir. Ölkəmizin qısa zaman çərçivəsində qazandığı bu uğur tariximizə qızıl hərflərlə yazılmağa layiqdir. Digər yandan mən "Avroviziya 2012" mahnı müsabiqəsini bu məqamda xüsusi qeyd etməliyəm. Azərbaycanda mahnı müsabiqəsi ərəfəsində görülən işlər və atılan bütün addımlar Avropanın təəccübünə səbəb olub. Qərbi Avropa nümayəndələri dəfələrlə Avroviziya mahnı müsabiqəsinin öldüyünü, lakin Azərbaycanın simasında bu müsabiqənin yenidən dirildiyini deyiblər. Yəni beynəlxalq aləmdə Azərbaycanın bu müsabiqəyə nəfəs verdiyinin düşünülməsi sıradan bir hadisə deyil. Ölkəmizin həm mədəni, həm də siyasi müstəvidə bu qədər irəliləyiş əldə etməsi, həqiqətən də, tarixi bir nailiyyətdir. Bir sözlə, mən son bir ildə Azərbaycanın xarici siyasətində atılan bütün addımları xüsusi qiymətləndirirəm və düşünürəm ki, bu nailiyyətlər sadəcə bir mərhələdir. Ölkəmizdə yeridilən güclü istər daxili, istərsə də, xarici siyasət nəticəsində beynəlxalq aləmdə qazandığımız nüfuz getdikcə artacaq.


-Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu məsələsinə toxundunuz. Maraqlıdır, ölkəmizə qarşı qərəzli fikirlər yeridən bəzi beynəlxalq təşkilatlar və daxili qüvvələr Azərbaycanda insan haqlarının pozulması ilə bağlı müəyyən fikirlər səsləndirirlər. Həmin qüvvələr niyə İranda həbsdə olan şairlərimizlə bağlı heç bir addım atmırlar? İnsan haqlarının müdafiəsinin dırnaqarası tərəfdarlarının bu susqunluğu nəyin ifadəsidir?


-Bəli, siz çox önəmli bir məqama toxundunuz. Fikirlərinizlə tamamilə razıyam. Bu məsələ məni ciddi narahat edir və düşündürür. Lakin mən istərdim ki, bu məsələ bizim cəmiyyətimizdə bütün vətəndaşlarımızı düşündürsün. Əlbəttə, mən düşünürəm ki, İran həbsdə olan 2 gənc şairimizlə bağlı düşünüb sonda ədalət prinsipləri çərçivəsində lazımı qərarı verəcək. Çünki bunun başqa bir alternativi yoxdur və ədalətli qərar gec, ya tez verilməlidir. Lakin bununla bağlı Azərbaycan hökuməti və iqtidarı bütün mümkün addımları atır. Qeyd etdiyim kimi, bu məsələ ilə bağlı bütün cəmiyyət, müvafiq qurumlar, strukturlar əllərindən gələni etməlidirlər. Sizin də sualınızda toxunduğunuz məqam, əslində, mənim üçün çox maraqlıdır. Azərbaycanda bəzən çox kiçik hadisələrlə bağlı, guya kiminsə hüquqları pozulubmuş kimi Avropa strukturlarına mesaj göndərmək, məktub yazmaq və bəyanat verməklə böyük səs-küyə səbəb olmağa çalışırlar. Bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri, Leyla Yunusova kimiləri buna misaldır. Leyla Yunusova və onun kimiləri çoxdur... Bəs haqq-ədalət tərəfdarları, insan hüquqlarının müdafiəçiləri niyə bu məsələ ilə bağlı bir çıxış edib, tək bəyanat belə vermirlər? Əslində, bütün bunlar düşündürücüdür. Mən daxili və xarici mətbuatı yaxından izləyirəm. Azərbaycanın daxilində və xaricində kiçik bir hadisə baş verən kimi "Human Rights Watch", "Amnesty İnternational", "Sərhədsiz reportyorlar" və bir sıra digər beynəlxalq təşkilatlar dünyanın bütün qitələrində müxtəlif bəyanatlar səsləndirirlər. Bəs niyə həmin təşkilatlar gənc şairlərimizin həbsdə saxlanılması və hüquqlarının pozulması ilə bağlı tək bir məlumat səsləndirmirlər? Məgər onların pozulan hüquqları insan hüquqları deyilmi? Bütün bunlar Azərbaycana qarşı qərəzli bir mövqenin koordinasiya olunduğunun götəricisidir. Məsələn, "Azadlıq" radiosunun baş redaktoru olan Xədicə İsmayılova niyə bir dəfə bu məsələ ilə bağlı çıxış etməyib? Sanki heç onlar üçün belə bir məsələ yoxdur! Əslində, bütün bunlar mənim üçün bir dərsdir. Çünki bu cür vəziyyətlərdə belə adamların atdıqları hansı addımların mahiyyətinin nə olduğu daha yaxşı ortaya çıxır. Bu məsələ bütün cəmiyyət arasında fikir mübadiləsinə səbəb olmalıdır. Onlar düşünməlidirlər ki, nəyə görə bu haqda heç birimiz bir fikir səsləndirmirik? Onların bütün bu addımları qərəzlərinin ifadəsidir. Lakin bu cür düşüncələrdə olan daxili qüvvələr də artıq öz güclərini tamamilə itiriblər. Yəni qərbdə də müxalifətə qarşı bir inamsızlıq özünü göstərir. Çünki onlar da artıq müxalifət nümayəndələrinin niyyətlərini anlayırlar. Son zamanlarda ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin baş katibi Hillari Klinton, Avropa Birliyi şurasının prezidenti Rompuy, ATƏT-in baş katibi Zaniyer də öz münasibətlərində bunu açıq ifadə etdilər. Yəni yüksək səviyyəli səfərlər çərçivəsində müxalifət nümayəndələri ilə keçiriləcək görüşü vaxt itkisi hesab etdilər. Bütün bunlar da təbii və məntiqi olaraq onların nə qədər yararsız olduğunun, haqsız ədalətsiz və qərəzli münasibət yeritdiklərinin beynəlxalq səviyyədə görüldüyünün ifadəsi idi.


-Novruz müəllim, son sualım ölkə Prezidentinin eks-prezidentlər haqda qanunu ilə bağlıdır. Bildiyimiz kimi, bu qanundan sonra Ayaz Mütəllibovun da yenidən Azərbaycana qayıtması və təhlükəsizliyinin təmin edilməsinə şərait yarandı. O dövr tarixinin canlı şahidi kimi, sizcə, Ayaz Mütəllibovun illər öncəki səriştəsiz fəaliyyətindən sonra belə bir qanunun ona da şamil edilməsi nəyin göstəricisidir?


-Əslində, mətbuatda səsləndirilən bir sıra fikirlərdə Ayaz Mütəllibov artıq siyasətlə məşğul olmayacağını deyib. Lakin buna baxmayaraq, bu mövzuda bəzi fikirlərin bildirilməsi lazımdır. Məsələn, ilk olaraq, bu addım Azərbaycanın sivil və demokratik bir ölkə kimi inkişafını sübut edir. Azərbaycan Milli Məclisində belə bir qanunun qəbul edilməsi, siyasi institutlaşmanın yüksək səviyyəyə çatmasının və humanizmin göstəricisidir. Azərbaycanda canlı şahidim olduğunu düşündüyünüz dövrlərdə yaşanan mənfi hadisələr hansı ölkədə yaşansaydı, o ölkədə belə humanist bir qanun qəbul edilməzdi. Parlamentin qəbul etdiyi bu qanunu yüksək qiymətləndirsəm də, tarixdə baş verənlərin unudulmadığını və heç vaxt yaddaşlardan silinməyəcəyini diqqətə çatdırmaq istəyirəm. Mənim yadımdadır ki, xalqımızın Ümummilli Lideri, bugünkü inkişafımızın və Azərbaycanın müstəqilliyinin banisi olan Ulu Öndər Heydər Əliyev Moskvadan qayıdan zaman buradakı rəhbərlik ona yaşaması üçün ev belə verməmişdilər. Azərbaycan tarixində dahi dövlət xadimi, siyasət lideri olan Heydər Əliyev kimi bir şəxsiyyətə öz mənzilinin qaytarılmaması ilə yanaşı, yaşamını təmin edə bilməsi üçün nə ev verildi, nə də şərait yaradıldı. Ona görə də, Ulu Öndər qarşılaşdığı vəziyyətə boyun əymədən Naxçıvana getməyə məcbur oldu. Həm indiki gənc nəsil, həm o dövrlərin şahidləri, həm də gələcək nəsil bu tarixi faktları unutmamalı daima yadda saxlamalıdır. Tarixdə baş verənlərə qiymət verilməli, bu gün atılan addımlar qiymətləndirilməli və indi də bütün münasibələrdə gələcək göz önünə gətirilməlidir. Düşünürəm ki, bütün xalqımız bu addımı layiqincə qiymətləndirməli və nəyin qarşılığında hansı cavabın verildiyinə diqqət yetirməlidir. Bu gün Ayaz Mütəllibova həm ev, həm mühafizəkarlar, həm də yaşamını təmin edə bilməsi üçün müəyyən miqdarda maaş verilir. Bütün bunlar da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin nə qədər humanist və sivil səviyyəyə yüksəldiyinin bariz nümunələridir. Mən düşünürəm ki, bütün lazımi şəxslər keçmişdəki addımları qarşısında onlara bu gün verilən cavaba nəzər salsınlar və ən azından vicdanları qarşısında cavab versinlər.

GÜNAY MƏMMƏDOVA

Digər xəbərlər