PDF Oxu

Müsahibə

  • 859

Müxalifətin gerçəkləşməyən arzusu

Mais Səfərli: "Müxalifət reallığı özündə əks etdirməyən boş-boş məsələlərlə məşğul olur"

Müxalifətin gerçəkləşməyən arzusu

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais müəllim, müxalifətin birliyinə nail olmaq üçün Sərdar Cəlaloğlunun təşəbbüsü ilə 8 partiya bir araya gəlib. Bir-birini qəbul etməyən partiya sədrlərinin bir blokda birləşməsi nə dərəcədə real görünür?

- Hər zaman prezident seçkiləri ərəfəsi Azərbaycanın siyasi arenasında xüsusi olaraq da müxalifət düşərgəsində hansısa birliklər yaratmaq məsələsi ortaya çıxır. Amma bu günə qədər sözügedən birliklərin heç bir nəticəsi olmayıb. Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanda mövcud olan müxalifət partiyalarına rəhbərlik edən liderlərin heç biri öz ambisiyalarından əl çəkmək istəmir. Müxalifət partiya sədrləri yatıb yuxuda özlərini prezident görürlər. Ona görə də, biri digərinə güzəştə getmir. Əgər bu birliklər "vahid namizəd" məsələsində ortaq məxrəcə gələ bilmirlərsə, onda bu, boş bir məsələdir. Bir sözlə, sözügedən qüvvələrin əməkdaşlığı da baş tutmayacaq. Ötən illərin təcrübəsi də bu fikri deməyə əsas verir.

- Ayrı-ayrı bloklarda birləşən partiya sədrlərinin yenidən hər hansı yeni bir blok yaratması nə dərəcədə mümkündür?

- Adətən, siyasi bloklar hansısa platforma və ideya ətrafında formalaşmalıdır. Amma diqqət yetirəndə, görünür ki, birliklər yaratmaq istəyən partiyaların hər birinin ayrı-ayrı məqsədi var. Bu baxımdan da, onların birlik yaratması və davamlı əməkdaşlıq etməsi mümkün deyil. Nəzərə alsaq ki, müxalifət liderləri heç vaxt bir-birinə güzəştə getməyiblər və əmin olmalıyıq ki, bundan sonra da güzəştə gedən deyillər. Demək olar ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət düşərgəsində "vahid namizəd" müəyyənləşdirməsi real olmayan bir məsələdir. Bir sözlə, adları çəkilən bu qüvvələr heç biri seçici marağını nəzərə almır. Yəni, müxalifət reallığı özündə əks etdirməyən boş-boş məsələlərlə məşğul olur. Çünki müxalifətdə təmsil olunan qüvvələrin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Ona görə də, müxalifət qüvvələri ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gedir.

GÜLYANƏ

Digər xəbərlər