PDF Oxu

Müsahibə

  • 1 375

Aqrar sektorun inkişafına dövlət dəstəyi siyasəti davamlı xarakter alıb

Eldar İbrahimov: "Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə üzrə əksər məhsulları, o cümlədən, taxıla olan tələbatı yerli istehsal hesabına tam ödəməkdədir"

Aqrar sektorun inkişafına dövlət dəstəyi siyasəti davamlı xarakter alıb

Regional dövlət proqramlarının icrası son illər aqrar sahənin inkişafına, bölgələrdə həyat səviyyəsinin yüksəlməsinə böyük təkan vermiş, daxili istehsal hesabına əhalinin bir sıra əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsini yüksəltmişdir. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov "Səs" qəzetinə açıqlamasında ölkəmizin aqrar sektorunda tarixi ənənəvi inkişaf mərhələlərinə, həyata keçirilən islahatlar, dövlətin bu sahəyə dəstəyi və əldə olunmuş nəticələrlə bağlı məsələlər barədə münasibətini bildirib.

- Eldar müəllim, Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı son illərdə görülən işləri necə qiymətləndirirsiniz?

- Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikanın ərzaq təhlükəsizliyinin təmini prosesində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu da təsadüfi deyildir - Azərbaycan Respublikasında bazar iqtisadiyyatı sisteminə transformasiya prosesi aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərindən özünü kəskin şəkildə büruzə verən tənəzzül meyilləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur. Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə üzrə əksər məhsulları, o cümlədən, taxıla olan tələbatı yerli istehsal hesabına tam ödəməkdədir. Ərzaq təhlükəsizliyi baxımından isə, bu, olduqca mühüm nailiyyət hesab edilir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Biz aqrar sektorun inkişafı istiqamətində bütün imkanlarımızı səfərbər etməklə yanaşı, kənd təsərrüfatı istehsalçılarından da keyfiyyətli məhsul, mütərəqqi təsərrüfatçılıq vərdişləri, yüksək işgüzarlıq və təşəbbüskarlıq gözləyirik. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət növü deyil. O, həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri yaratdığı təsərrüfatçılıq ənənəsidir".

Bildiyiniz kimi, bu gün aqrar sahədə aparılan uğurlu siyasətin ən mühüm nəticələrindən biri də Azərbaycanın bir sıra strateji məhsullara, o cümlədən, taxıla olan tələbatının yerli istehsal hesabına tam ödənilməsidir. Artıq ötən il 3 milyon ton taxıl istehsal olunub ki, bu da kifayət qədər böyük göstəricidir. O da xüsusi olaraq qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımlar, texnika və gübrə alınmasına edilən güzəştlər nəticəsində taxıl əkinlərinin sahəsi genişləndirildi. Kənd təsərrüfatı istehsalçılarına dövlət yardımının gücləndirilməsi məqsədilə dövlət başçısı İlham Əliyev 2007-ci il 23 yanvar tarixdə "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncam imzalayıb. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəmə malikdir. Bu proqram, demək olar ki, aqrar sahənin strateji xəttini tam müəyyənləşdirib.

- Eldar müəllim, istənilən sahənin inkişafında lazımi hüquqi bazanı təşkil edən qanunvericiliyin olması vacib şərtdir. Siz aqrar sahənin inkişafı istiqamətində atılan addımlar və əldə edilən nəticələr haqqında fikirlərinizi bildirdiniz. Bəs ölkəmizdə aqrar sahənin inkişafını təmin edən qanunvericilik bazasının səviyyəsini necə qiymətləndirmək olar?

- İlk öncə, aqrar sahənin inkişafından söz düşərkən, ilk növbədə, Azərbaycanda həyata keçirilən torpaq islahatını vurğulamaq lazımdır. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan islahatlar nəticəsində sovet dövründən qalan kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əsil sahiblərinə - kəndlilərə verildi, inkişafa təkan ola biləcək yeni qanunlar qəbul olundu. Ölkədə neft sektorunda əldə edilən uğurlarla bir vaxtda aqrar sektorda tarixi əhəmiyyətli bir sənəd - "Torpaq islahatı haqqında" qanun qəbul olundu. 1 mln 250 min hektara qədər olan torpaq kəndlilərə verildi. Azərbaycanda bu gün yaşayan 3 mln 500 min əhali - 875 min ailədə birləşən bu insanların artıq torpağı var. Parlamentin yarandığı ilk illərdən, yəni 1995-ci ildən bu günə qədər qəbul etdiyimiz qanunların sayı 56-dır. Bununla yanaşı, 15 saziş qəbul edilib. Qəbul edilmiş qanunlara dəyişiklik və əlavələrin sayı isə 30-dur. Əvvəllər biz çox məhsuldar işləmişik. Hər sessiyada elə olub ki, 6-7 qanun qəbul etmişik. Məsələn, 1996-cı ildə 8, 2011-ci ildə isə 5 qanun, sonuncu olaraqsa "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanununu qəbul etmişik. Ümumiyyətlə, bu gün aqrar sektorda elə bir sahə yoxdur ki, həm çərçivə qanunu, həm də məcəllə qanunu olmasın.

- Bir çox dövlətlər hələ də öz iqtisadiyyatındakı böhranın ağır fəsadlarını aradan qaldıra bilmədiyi halda, Azərbaycan, hətta böhran illərində belə, ili iqtisadi artımla başa vura bildi. Bu amili nə ilə izah edərdiniz?

- Bütün dünyada baş verən maliyyə bəhranının fonunda Azərbaycanın bu böhrana məruz qalmaması, həqiqətən də, respublikamızda düzgün istiqamətlənmiş iqtisadi siyasətin uğurları qismində qiymətləndirilməlidir. Reallıq təsdiqlədi ki, ölkəmiz düşünülmüş iqtisadi siyasətin və yaradılan güclü iqtisadiyyatın bazası hesabına böhrandan kənarda qala bildi. Dövlət başçısı İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsini məhz dünya iqtisadi böhranı zamanı həyata keçirilən mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə diqqət yetirməklə görmək olar. Dünyanı bürüyən qlobal maliyyə böhranı 2008-ci ilin ikinci yarısından başladı və bu dövrdə ən inkişaf etmiş dövlətlərin siyasi liderləri böhran meyillərinin ölkə iqtisadiyyatına zərərli təsirlərinin qarşısını ala bilmədilər. Bu böhranın fonunda respublikamızın inkişaf tempinin qorunub saxlanması sosial-iqtisadi-infrastruktur bölmələrində layihələrin davamlılığını təmin etməklə yanaşı, qarşıdakı illərdə iqtisadi tərəqqiyə zəmin yaradıb. Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması, investisiya qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial şəraitinin yaxşılaşması və digər iqtisadi sferaları əhatə edir və bu hədəflərin yerinə yetirilməsi gözlənilən uğurlu nəticələrin əldə edilməsinə səbəb olub.

- Son olaraq sualımız kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin yaradılması ilə bağlıdır. Eldar müəllim, sizcə, bununla bağlı qanunun qəbul olunmasına ehtiyac duyulurmu?

- Çox doğru və yerində verilən sualdır. Həqiqətən də, bugünkü inkişaf onu tələb edir ki, fermer öz iş yerində oturub, dünya bazarına çıxsın. Məsələn, məndə filan məhsullar var deməli və bunun xarakteristikasını yazmalıdır. Bu baxımdan, kənd təsərüfatında informasiya-məsləhət xidmətinə böyük ehtiyac var. Hazırda bizdə kənd təsərrüfatında informasiya-məsləhət xidməti ilə əlaqədar qanun işlənir. Yəqin ki, payız sessiyasında belə bir qanun Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər