PDF Oxu

Müsahibə

  • 1 730

Müxalifət düşərgəsi çilik-çilikdir

Elşən Musayev: "Əli Kərimli də, İsa Qəmbər də, sözün əsil mənasında, dolğun bir siyasi meyitlərdir"

Müxalifət düşərgəsi çilik-çilikdir

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir

- Eldar Namazovun qrupuna daxil olan "Ziyalılar Forumu"nun siyasi proseslərdə iddialı tələblərlə çıxış etmələri onların təsir altında olduqlarını deməyə əsas vermirmi?

- Haqqında söhbət gedən təsisat, elə özünüzün də təqdimatını verdiyiniz kimi, Eldar Namazovun qrupudur və bir yerdə ki, başda gedən adam Namazovdur. Həmin forumda iştirak edən kimsə, bir elm adamı kimi, ziyalı ola bilər, amma onların əksəriyyətinin bir məfkurə adamı olaraq ziyalı adından çıxış etmə haqqı yoxdur. Bilirsinizmi niyə? Çünki Rüstəm İbrahimbəyov başda olmaqla həmin ziyalıların bir çoxu illər boyu ortada yeyib, qıraqda gəzənlər qrupuna daxil olub. Nə qədər kefləri kök olub, xalq-filan yada düşməyib. Ta o zamana qədər ki, kimsə telefon açdıqları zaman dəstəyi qaldırmayıb, hansısa xahişlərindən imtina edilib. Bax, beləcə çönüb olublar "ziyalı".

Uzaq keçmişin söhbəti deyil, yəqin siz də xatırlayarsınız, bir dəfə həmin qurumun tədbirində İbrahimbəyov analoqu olmayan bir fikir işlətdi. Dedi mən 3-4 il öncə, belə bir qərara gəldim ki, artıq susmaq olmaz. Bütün həqiqətlər öz çılpaqlığı ilə deyilməlidir. Təsəvvür edirsinizmi bu, nə deməkdir?!. Buradan o məntiq hasil olur ki, adam ya 65 ilini boş-boşuna yaşayıb, ya da qarşısındakını dolayır. Digərləri də o qəbildən. Səmimiyyət yoxdur. Həmin insanların nə çöhrəsində, nə danışığında, nə fəaliyyətlərində səmimiyyət yoxdur! Ancaq ziyalı dediyin şəxsin cəmiyyətə verə biləcəyi mesaj ilk öncə həmin səmimiyyətin süzgəcindən keçir. Yəni səmimi olmayan heç nəyi cəmiyyət ciddi qəbul etmir. O cəmiyyət hətta kobudluğun, sərtliyin belə səmimiyyətini qəbul edir, nəinki saxtakar ziyalılığı.

Eldar Namazov yaddaşlarda əbədi köməkçi kimi qalıb. O, ömrü boyu tapşırıq icra edib, ora -bura kağız-kuğuz daşımaqdan heç bir zaman başı açılmayıb ki, ortalığa nəsə sanballı, müstəqil bir ideya çıxarsın. Başı açılanda da gec olub. O insanın ideya verəcək beyni yoxdur. İdeya, məfkurə olmayan yerdə isə kiminsə iddialı tələblərlə çıxış etmə ehtimalı sıfırın da altındadır.

- "Ziyalılar Forumu"nun "İctimai Palata"nın icraçısı rolunda çıxış etməsi ziyalılığın aşağılanması anlamını yaratmır ki?

- Bir daha təkrar edirəm: "əsil Azərbaycan ziyalısının, "Ziyalılar Forumu" adlanan qrupa heç bir dəxli yoxdur. Əsil ziyalı, tikmək istədiyi "novostroyka"ya icazə verilməyəndən sonra möcüzə nəticəsində, 3-4 dəqiqənin içində çönüb ziyalı olmur! Millət vəkili seçilməyən kimi, dönüb "millət təəssübkeşinə" olmur. Əsil ziyalı o adı həmişə üzərində gəzdirir, o missiyanı daşıyır, o məsuliyyəti dərk edir. Kefi yaxşı və saz olanda da dərk edir, ən ağır məhrumiyyətlərə qatlaşmaq gərəkəndə də. Odur ki, heç narahat olmağa əsas yoxdur, ziyalı adından danışan 3-5 mənasız adam heç vaxt əsil Azərbaycan ziyalısının adını aşağılaya bilməz!.

- Elşən müəllim, Sərdar Cəlaloğlunun təşəbbüsü ilə 8 partiya iftar süfrəsində görüşdü. Müxalifətin yeni birlik modelinin yaradılacağı ilə bağlı ADP sədri S.Cəlaloğluunun iddiaları nə dərəcədə reallığa çevrilə bilər?

- Mən həmişə söyləmişəm ki, Sərdar Cəlaloğlu və Qurban Məmmədov qardaşları tarixin bu günə qədər yetirdiyi ən "unikal" siyasi nümunələrdir. Onların hər ikisi artıq hansı hərəkəti sərgiləsə, normal qəbul eləmək lazımdır. Hətta günorta saat 3-də belə camaatı iftara çağırsalar, buna da dözümlə yanaşılmalıdır.

- Bəs bir partiyanın iftar süfrəsi adı altında siyasi birlik modeli yaratmaq üçün toplantı təşkil etməsi adət-ənənəyə nə dərəcədə hörmət gətirə bilər?

- (Ürəkdən gülür) ay qardaş, deyirəm axı, bunlar yeyib-içməyə bəhanə axtarırlar. Bunların da ənənəsi budur da. Hər dəfə "şot"u biri verməlidir. Bu dəfə də yük Sərdar bəyin boynuna düşüb. O ki qala hansısa birlik məsələsinə, məncə, onlar sadəcə yeyib-içməyə bəhanə axtarıblar və güman ki, qonaqlıq növbəsi bu dəfə Sərdar bəydə olub. O da qonaqlığı iftarla üst-üstə salıb ki, məsələnin həm də savab tərəfindən yararlansın. Vəssalam!

- "Vahid namizəd" məsələsinin müəyyənləşdirilməsində müxalifətin üzləşdiyi problemlər nəticə etibarilə müxalifət düşərgəsinin yenidən parçalanmasına gətirib çıxara bilərmi?

- Müxalifət düşərgəsi məgər bütövmüdür ki, hələ bir bundan sonra parçalansın da?! Müxalifət düşərgəsi çilik-çilikdir. Orada bu gün 3 nəfəri bir yerə yığıb, nəyəsə inandırmaq olmaz artıq. Hamı bir-birinə nifrət edir. Hamı bir-birini satıb. Və ən nəhayət, həmin düşərgə nümayəndələri 20 ildən sonra öz liderlərini tanıma "şərəfinə" nail olublar. Ya da tanımağa məcbur və ya məhkum olublar. Gec də olsa, bu mənzərəni görüblər. Ortada, siyasətdə qövs kimi fırlananlarınsa nə biz tərəfə keçməyə üzləri var, nə də öz səhvlərini etiraf edəcək qədər cəsarətləri. Öz fanat təfəkkürləri ucbatından bütün körpüləri yandırıb, girinc qalıblar ortada.

Əli Kərimli də, İsa Qəmbər də sözün əsil mənasında, dolğun siyasi meyitlərdir. Onlar yox kimi bir şeydir. Həmin adamları buraxın prezidentliyə namizədliyə, hakimiyyətə, heç bir kilo sosiskanı belə paylaşa bilməzlər. İstəsələr belə, bunu bacarmazlar. Onların xislətləri budur. İçlərində daşıdıqları xislət parçalamaq, oyun pozmaq, iş əngəlləmək xislətidir. Həm də hər ikisində!

Müxalifətin siyasi lider defisiti var. O özünə yeni lider yetişdirməlidir. Bax, əgər bu baş versə, siyasi münasibətlər yenidən özünün adrenalin mərhələsini bərpa edə biləcək.

Babək Hacıyev

Digər xəbərlər