Aydın Mirzəzadə: "KTMT-nin Ermənistanda hərbi təlimlər keçirməsi, Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəllər yarada bilməz"
Müsahibimiz millət vəkili Aydın Mirzəzadədir
- Aydın müəllim, Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sentyabrın əvvəlində Ermənistanda hərbi təlimlərə hazırlaşmasını bir növ region dövlətlərinə güc nümayişi kimi dəyərləndirmək olarmı?
- Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərin keçirilməsi bu gün Rusiyanın güc nümayişinin formalarından biridir. Buna baxmayaraq, Rusiya tərəfindən Ermənistanla sərhəd olan dövlətlərə hərbi təhlükəsi yoxdur. Sadəcə olaraq, görünür, Rusiyanın müəyyən dairələri bu tədbiri keçirməklə Ermənistanı istənilən vəchlə müdafiə edəcəyi barədə fikirlər yaratmaq istəyirlər. Rusiyanın apardığı siyasət bu gün işğalçı ölkə olan Ermənistanı təcrid vəziyyətinə gətirib çıxarıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarına heç bir halda, hüquqi status verə bilmir. Bu cür hərbi təlimlər keçirməklə Ermənistan güclü olduğunu və problemin həllində həlledici rola malik olduğunu göstərməyə çalışır. Şübhəsiz ki, bu cür təlimlər tək Azərbaycanda deyil, o cümlədən, digər region dövlətlərdə də ciddi narazılığa səbəb olacaq.
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aparılan danışıqlar prosesində Ermənistanda hərbi təlimlər planlaşdırması bir növ münaqişənin həllinə əngəllər yaratmağa hesablanmayıb ki?
- Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda hərbi təlimlər keçirməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəllər yarada bilməz. Yəni, işğalçı ölkədə hərbi təlimlərin keçirilməsi münaqişənin həllinə hər hansı bir əngəlin yaratması da qeyri-mümkündür. Dağlıq Qarabağ problemini başqa bir səmtə yönəltmək mümkün deyil. Bütün hallarda Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağa məcburdur. Bunu Ermənistan və Rusiyanın müəyyən dairələri də artıq kifayət qədər yaxşı dərk edirlər.
GÜLYANƏ