Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Səs TV-yə müsahibəsi
- Hafiz bəy, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə prokurorluğa müraciətiniz hansı zərurətdən yarandı?
- Azərbaycanda siyasət aləmində olan bütün insanlar bilir ki, Əbülfəz Elçibəyin həyatına sui-qəsd olub. O, zəhərlənərək öldürülüb. Bunu biz bilirdik. Şəxsən Əbülfəz Elçibəyin özü zəhərlənməsindən sonra, ikinci dəfə Türkiyəyə getməmişdən öncə, mənə məlumat verdi. Açıq şəkildə dedi ki, "komsomol" məni zəhərləyib. "Komsomol" da Əli Kərimova deyirdi. Necə olur ki, 2000-ci ildə birinci dəfə Türkiyənin Ankara şəhərindəki xəstəxanada yoxlanarkən tam sağlam olması haqqında arayış verilir. Maraqlıdır ki, həmin ilin ikinci yarısında vəziyyətində ciddi narahatlıqlar yaranır və Elçibəy yenidən müalicə üçün Türkiyəyə gedir.
Bu, yeni deyil. Mən 2000-ci illərdən bu məsələni qaldırmışam. O dövrdəki qəzetlərdə də bu fikirlər yer alıb. Lakin eks-prezidentlər haqqında qanun qəbul edilmədiyindən, bu iddianı qaldıra bilmirdik. Ona görə də Əbülfəz Elçibəyin bütün yaxın ətrafı bunu çox gözəl bilir. Çox təəssüf hissi keçirirəm, necə ki, Əbülfəz Elçibəy sahibsiz öldü, bu gün də onunla bağlı ədalətin gün işığına çıxmasında yaxınları heç bir köməklik göstərmirlər. Xanım Xəlilova da müsahibələrində bildirir ki, Novella xanım mənə zəng edib dedi ki, Əbülfəz Elçibəyin cənazəsi sahibsiz qalıb. Bu gün də onun yaxınları bu faktı bildikləri halda, buna laqeydlik göstərirlər. Hətta onun ən yaxın qohumu, mühafizəçisi Mərdan bəy gəlib mənə deyib ki, Əli Kərimov Əbülfəz Elçibəyi zəhərləyib, mən onun qisasını alacağam. Bu gün isə hüquq-mühafizə orqanlarının çağırışından gizlənir. Bu cür mənəviyyatsızlıq ola bilməz.
Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra bizim əlimizdə fakt oldu ki, prokurorluğa müraciət edək. Bir məsələ də var ki, dövlət bu işə baxmasaydı, deyəcəkdilər ki, Elçibəyin ölümünün səbəblərinin araşdırılması hakimiyyət üçün önəmli deyil. Baxanda isə, deyirlər ki, hakimiyyətin kiməsə qərəzi var.
Prokurorluqda atıq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Əli Kərimov Əbülfəz Elçibəyi zəhərləyib və bu xarici kəşfiyyat orqanlarının əlilə olub. Keçmiş təhlükəsizlik nazirinin müavini Sülhəddin bəylə biz həbsxanada birgə məhbusluq yaşadığımız dövrə söhbətlərimiz zamanı o özü də bu faktı təsdiqləyirdi. Əbülfəz Elçibəyi öldürməsinin qarşılığında Əli Kərimov hansısa xarici kəşfiyyat orqanından 10 milyon dollar pul alıb. Həmin məbləği də öz şəxsi məqsədləri üçün xərcləyib. Bu gün o adam 20 ildir işləməyə-işləməyə Londonda villa satın alıb, orada arvadının adına ticarət obyekti açıb, övladları da eyş-işrət içində yaşayır. Özü də Azərbaycanda cangüdənlərlə, son model avtomobillərlə gəzir, komfort bir həyat sürür. O, vaxtilə Azərbaycan prezidentinə xəyanət edib, bu gün də xalqa xəyanət edir. Mənim əlimdə kifayət qədər faktlar var və mən onlara əsaslanaraq danışıram.
Bu gün bizim dırnaqarası ziyalılarımız çıxıb. Bir vaxtlar onlar Fərhad Əliyevi rüşvətxor adlandırdılar, indi onun müdafiəsinə keçiblər. Harada cinayətkar, terrorçu, xalqına, vətəninə xəyanət edənlər var, onları müdafiə edirlər. Ərindən boşanan bəzi qadınlar da adlarını hüquq müdafiəçisi qoyub, qoşulublar onlara mənim ünvanıma xoşagəlməz sözlər deyirlər. Həmin insanların özləri vaxtilə məndən pul dilənirdilər və deyirdilər ki, Əli Kərimovun xəyanətinin üstünü səndən başqa heç kim aça bilməz, sonra gedib qəzetlərdə başqa şeylər danışırlar.
- Əli Kərimov, İsa Qəmbərov və digərləri qaldırılan iddiaları siyasiləşdirməyə cəhd göstərirlər. Bu, onların öz əməllərini sığortalamaq məqsədi daşımır?
- Təbii ki, bu, belədir. Belə çıxır ki, hər hansı bir nəfər adam öldürdükdən sonra təcili getsin bir partiya yaratsın və hadisələrə siyasi rəng geyindirsin. Bu, böyük məntiqsizlikdir, siyasi əxlaqsızlıqdır. Bizim gözəl hüquqşünasımız Adil Minbaşı deyirdi ki, "Elçibəy mənə dedi ki, onu zəhərləyiblər".
Maraqlı bir sual ortaya çıxır: Əbülfəz Elçibəyi niyə öldürdülər? Elçibəyin hakimiyyətdə yer tutacağı reallaşmışdı. Sadəcə, ona şərt irəli sürülmüşdü ki, ətrafında olan xainlərdən uzaqlaşsın. Bundan da xəbər tutdular. Müəyyən dövlətlər var idi ki, onlar da Əbülfəz Elçibəyin hakimiyyətdə təmsil olunmasında maraqlı deyildilər. Elçibəyi aradan götürmək üçün satqın lazım idi. Bu satqın da Əli Kərimov idi. O ki qaldı Əli Kərimov və İsa Qəmbərovun açıqlamaları ilə, bunu siyasiləşdirməklə öz əməllərini sığortalamağa çalışırlar, bu, alınmayacaq.
Əli Kərimov canlı bir meyitdir. Aldığı 10 milyonun yarısını xarici banklara qoymaqla, onun faizi ilə ətrafında 5-10 nəfər saxlayır. Heç bir sosial bazası mövcud deyil, xalq arasında onu müdafiə edənlər də yoxdur. Əgər Elçibəy kimi bir dahiyə o zəhər verib öldürürsə, ondan 10 milyon qazanc əldə edirsə, bu insandan nə gözləmək olar? Əli Kərimov Elçibəyi zəhərləyib, İsa Qəmbərovun bundan xəbəri var idi. Yalnız onları bir istəyi var idi ki, Elçibəysiz hakimiyyətə gəlsinlər. Bu hadisəni siyasiləşdirmək məntiqsizdir. Söhbət törədilmiş sui-qəsddən gedir.
- Bəziləri iddia edir ki, sizin İsa Qəmbərova, Əli Kərimova olan nifrətiniz nəticə etibarilə Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı prokurorluğa müraciət etmənizə səbəb olub. Bu iddialara münasibətiniz necədir?
- Bilirsiniz, mənim cinayəti bilib, gizlətməyə haqqım yoxdur. Bir də ki, tutarlı səbəb olmadan, hüquq-mühafizə orqanları hər məsələyə cinayət işi qaldırmır. Bu fakt bu gün sübuta yetirilməkdədir. Onlar da təşviş içindədirlər. Bu gün onların yan-yörəsində gəzənlər gəlib mənə faktları verirlər. Onlar xalqın daş-qalağından qorxurlar. Məndə olan məlumatlara görə, ölkədən qaçmaq istəyirlər. Yəqin ki, hüquq-mühafizə orqanları bunun qarşısını almaq üçün tədbirlər görəcək. Bir də ki, onlar kimidir ki, mənim onlara qəzəbim ola. Öz yaxın ətrafları etiraf edir ki, onlar siyasi dəllallıqla məşğuldurlar.
- Çox ciddi proseslərə qatılmanızdan dolayı Əli Kərimovun və onun arxasında dayananların sizə qarşı hər hansı bir sui-qəsd, terror aktı keçirəcəklərindən narahat olmursunuz?
- Bu gün bu, reallıqdır. Belə bir məlumat artıq bizdə var. Öz iyrənc hərəkətlərinə uyğun bizi hədə-qorxu gəlirlər. Onlar bilməlidirlər ki, mən çox güclü mühafizə olunuram. Əli Kərimovun öyrətdiyi 3-4 nəfər adam mənə söz atmağa cəhd edirlər, lakin bunlar bilməlidirlər ki, əgər Hafiz Hacıyev belə bir iddianın arxasında dayanırsa və sübut edirsə, cinayət işi açılıb və sübuta yetirilmək üzrədirsə, artıq geriyə çəkilməyə yol yoxdur. Məni öldürə bilərlər, amma faktları məhv edə bilməzlər. Dünən onlar şayiə yaymışdılar ki, Hafiz Hacıyevi öldürüblər. Bu gün isə mən televiziyalara müsahibə verməklə deyilənlərin yalandan başqa, bir şey olmadığını sübuta yetirirəm. İnanıram ki, ədalət tezliklə öz yerini tapacaq.
Cabir