PDF Oxu

Müsahibə

  • 900

BMT və ATƏT nəyə lazımdır?

Musa Qasımlı: "Bu təşkilatlar çəkilsinlər bir kənara və heç bir işə qarışmasınlar, onda Azərbaycan problemini özü həll edəcək"

BMT və ATƏT nəyə lazımdır?

Müsahibimiz Milli Məclisin deputatı, professor Musa Qasımlıdır

- Musa müəllim, ATƏT Parlament Assambleyasının yeni sədri Rikardo Miqliori bəyanatla çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyənin aktivliyini artırılmasına ehtiyac olduğunu və münaqişənin həllinə rəsmi Ankaranın cəlb olunmasının vacibliyini bildirib. Sizcə Türkiyənin münaqişəsin həllinə cəlb olunmasına nə dərəcədə töhfələr vərə bilər?

- Türkiyənin Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirakının təmin olunmasına cəlb olunması təklifləri müsbət qiymətləndirilməlidir. Çünki Türkiyə təkcə Yaxın Orta Şərq deyil, eyni zamanda, bir Qafqaz ölkəsidir. Türkiyənin iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsinin həlli bitkin olmazdır. Ancaq Türkiyənin bu proseslərdə iştirakının əleyhinə olan ölkələr də var. Məsələn, Ermənistan daim tələb edir ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qarışmasın, kənarda dursun. Çünki Ermənistanın Türkiyəyə qarşı iddiaları var və tarixdə heç bir zaman olmayan uydurma soyqırım təklifini və onun tanımasını, təzminat və torpaq tələblərini irəli sürür. Belə şəraitdə Ermənistanın Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacağına etiraz edəcəyini güman edirəm. Ermənistanla Türkiyə arasında etimadsızlıq olduğundan, inanmıram ki, bu təklif gerçəkləşdirilsin. Amma fakt-faktlığında qalır ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti sıfıra bərabərdir və onların fəallaşmasına ehtiyac var. Bundan ötrü də müvafiq addımların atılmasında fayda var.

- Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun passivliyi bunun fonunda ATƏT Parlament Assambleyasının yeni sədrinin məlum bəyanatı, onu deməyə əsas verirmi ki, Dağlıq Qarabağ probleminin həllində, həqiqətən də, beynəlxalq təşkilatlar və güclər zəiflik və passivlik nümayiş etdirirlər?

- Demək olar ki, ATƏT-in Minsk Qrupu öz mandatını yerinə yetirə bilmir. İndiyə qədər BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyib. Necə olur ki, bir gecənin içərsində qərar qəbul edilir, İraq bombardman edilir, Liviyaya müdaxilə təşkil edilir, lakin gözümüzün önündə Ermənistan Azərbaycan ərazilərini işğal edir, azərbaycanlılar məcburi köçkünə çevrilir, ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. İndiyə qədər Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlığı Təşkilatı və digər təşkilatlar Ermənistanın təcavüzü ilə bağlı qətnamələr qəbul edirlər. Ancaq onların heç biri yerinə yetirilmir. Əgər yerinə yetirilmirsə, BMT və ATƏT nəyə lazımdır? Bu təşkilatlar çəkilsinlər bir kənara və heç bir işə qarışmasınlar, onda Azərbaycan problemini özü həll edəcək.

GÜLYANƏ

Digər xəbərlər