Millət vəkili Fazil Qəzənfəroğlunun SƏS TV-yə müsahibəsi
- Fazil bəy, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində olan deputat Nairya Zöhrabyan Azərbaycanın orta məktəb dərsliklərində ermənifobiya, rasizm və ksenofobiya kimi amillərin yer aldığı iddiası ilə çıxış edib. O bildirib ki, bunun AŞPA-nın növbəti sessiyasında müzakirəyə çıxarılması üçün müraciət edəcək. Bu iddia və onun əsasında müzakirələrin keçirilməsi nə dərəcədə inandırıcıdır?
- Ümumiyyətlə, biz AŞPA sessiyalarında N.Zöhrabyanın mənasız çıxışları ilə tez-tez rastlaşırıq. Təbii ki, bu da onlardan biridir. O, layiqli cavabını alacaq. Ermənilər iddia edirlər ki, bizim dərsliklərdə bunlar var, amma ermənilərin təkcə dərsliklərində yox, bütün elmi ədəbiyyatında türk düşmənçiliyi özünü açıq şəkildə göstərir. Hətta buna abidə qoyulur, genosid adı ilə türklərə düşmənçilik aşılanır. O ki qaldı Azərbaycan dərsliklərinə, burada erməni işğalı öz əksini tapır. Xocalıda törədilən qətliamı biz qeyd eləməyək ki, bu erməni vəhşiliyidir? Və yaxud torpaqlarımızın 20 faizinin zəbt olunmasını işğal kimi qiymətləndirməyək? Ona görə də bu mənasız bir iddiadır və ermənilərin özünə qarşı çevrilə biləcək arqumentləri ortaya qoyacaq və biz bunu orada səsləndirəcəyik. Bu, perspektivi olmayan, mənasız, cəfəng iddiadan başqa bir şey deyil.
- Fazil bəy, ötən ay ATƏT PA-nın yeni seçilmiş sədri Rikardo Miqliori öz açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə Türkiyənin qoşulmasının vacibliyini qeyd etmişdi. Türkiyənin vasitəçi kimi iştirakı mümkündürmü və bu, özünü hansı formada göstərə bilər?
- Əslində, ATƏT PA-nın yeni seçilən sədrləri həmişə bu tipli çıxışlar edir. Amma onun Minsk Qrupunun fəaliyyətinə toxunmaq imkanları məhduddur. Yəni bu, bir bəyanatdan irəli gedə bilmir. O hansısa bir fəaliyyətlə çıxış etmək istəsə, Minsk Qrupu formatı onun qarşısında durur. Ona görə də, burada hansısa bir yeni vəziyyət yaranacağı, təşəbbüskarlıq və yaxud səylər göstəriləcəyinə özümüzü inandırmayaq. Lakin bununla belə Türkiyənin rolunun qabardılması vacibdir. Bunu da ATƏT PA-nın sədri bəyan edirsə, bu müsbət bir haldır. Çünki bütün hallarda Türkiyəsiz bu məsələ həllini tapmayacaqdır. Əslində, Ə.Davudoğlunun da təşəbbüsü ona işarədir ki, burada Rusiyanın iştirakını prioritet götürərək, problemin həllinə nail olmaq olmaz. Çünki Rusiya birbaşa olaraq problemin həllinə maraqlı deyil. Rusiya problemin indiki vəziyyətdə qalmasına maraqlıdır. Belə bir halda, Türkiyənin təşəbbüsləri, səyləri, həm də bölgədə nüfuzu həlledici rol oynaya bilər. Əgər bu missiya baş tutsa, məncə, Minsk Qrupundan daha fərqli bir formatda Türkiyənin səyləri və Rusiya və ABŞ-ın da buna qoşulması ilə məsələni irəlilətmək olar. Amma burada yenə də bütün proseslər son nəticədə Ermənistanın işğalçı dövlət kimi tanınmasına gətirib çıxarmalıdır. Rusiyanın, Fransanın və ABŞ-ın bugünkü siyasətində belə bir tendensiya görünmür. Buna görə də bu həlli vacib olan məsələni aşmadan digər məsələlərə nail olmaq olmaz. Onlar əgər buna hazır deyillərsə, yaxın gələcəkdə, hətta Türkiyənin də məsələyə qatılması ilə hər hansı irəliləyiş gərsənmir.
- Yeri gəlmişkən, ATƏT-in uzun müddətdir passivliyi hiss olunur. Bunu nə ilə izah etmək olar?
- Bunu həmsədr dövlətlərin tutduğu mövqe ilə əlaqələndirmək olar. Bu üç dövlət konkret olaraq, Ermənistanı dəstəkləyir. Ermənistan da işğalçı olduğuna görə burada ən rahat yol passiv mövqe tutmaqdır. Yəni işğalçını görməzlikdən gəlirik, amma hər iki tərəfdən güzəşt tələb edirik. Belə bir yanaşma olmaz. Ona görə də ABŞ-ın da, Rusiyanın da, Fransanın da Minsk Qrupunda fəaliyyəti Ermənistanı dəstəkləməkdir. Sadəcə olaraq, bunu pərdələmək üçün tərəflər arasında bərabərlik işarəsi qoymağa məhkumdurlar. Bərabərlik işarəsi də odur ki, hər ikiniz də güzəştə gedib danışıqlar aparmalısınız. Güzəştdən əvvəl hansısa bir addım atılmalıdır ki, bu güzəşt başlasın. Bunu isə eləyən yoxdur. Ona görə də Minsk Qrupunun passivliyi sırf Ermənistanın marağı üçün düşünülmüş bir passivlikdir. Əgər onlar aktiv olsalar, gərək münaqişəni həll edib torpaqları qaytarsınlar. Bu aktivlik isə onlara lazım deyil. Ona görə də, biz çalışmalıyıq ki, bu formatdan qurtulaq və bu özümüzçün faydalı ola biləcək dövlətlərin maraqlarının tənzimlənməsinə nail olaq ki, Qarabağ məsələsində təşəbbüslərimiz boşa getməsin və işğalçının dünya ictimai rəyində öz adı ilə çağırılmasına nail ola bilək.
- Belə bir şey mümkündürmü ki, ümumilikdə vasitəçilərdən imtina olunsun və danışıqlar birbaşa aparılsın?
- Faktiki olaraq, Minsk Qrupunun vasitəçiliyindən imtina olunub. Onu nə Ermənistan qəbul eləyir nə də Azərbaycan. Ermənistan formal olaraq qəbul eləyir ki, onun tərəfini tutur. Azərbaycan isə addımbaşı haqlı olaraq Minsk Qrupunu erməniləri dəstəkləməkdə suçlayır. Vasitəçilərsiz bu işin həlli o zaman mümkün olar ki, iki dövlət savaşsın. Amma Azərbaycanla Ermənistan savaşmır. Azərbaycan torpaqları Rusiya və Ermənistanın birgə səyilə işğal edilib. Rusiya geri çəkilməlidir. Rusiya geri çəkildikdən sonra problem qalmır. Yəni danışıq aparmaq üçün bu işi həyata keçirmiş qüvvə geri çəkilməlidir.
- Rusiyanın rolundan söz düşmüşkən, bildiyiniz kimi, gələn ay Ermənistanda KTMT-nin hərbi təlimləri keçiriləcək. Burada Rusiyanın xüsusi fəallıq gəstərəcəyi gözlənilir. Bu addım münaqişənin həllinin gecikdirilməsinə hesablanmış ola bilərmi?
- KTMT Rusiyanın ətrafında yaradılmış süni, saxta bir təşkilatdır. Bu, birbaşa Rusiyanın maraqlarını təmin etmək üçün kollektiv güclər pardəsi altında yaradılmış rus ordusundan ibarətdir. Təbii ki KTMT-nin təlimləri Ermənistan ərazisində keçirilsə, buna Azərbaycan etiraz etməyəcək. Amma əgər bu təlimlər Azərbaycana aid olan ərazilərdə keçirilərsə Azərbaycanın buna rəsmi şəkildə etirazı, notası olacaq. Hər halda, Rusiya ilə Azərbaycan da öz münasibətlərində yeni mərhələyə daxil olmalıdır. Rusiya anlamalıdır ki, Azərbaycanı da itirmək ona heç də xoş bir şey vəd etmir.
Murad İSMAYILZADƏ