PDF Oxu

Müsahibə

  • 1 917

"İctimai Palata"nın monopoliyası etiraf olundu

Sərdar Cəliloğlu: "İctimai Palata"da toplananlar monopolist "liderlərin" girovlarına çevriliblər"

"İctimai Palata"nın monopoliyası etiraf olundu

Müsahibimiz Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Səs" qəzetinə verdiyi müsahibəsində ümumilikdə müxalifət düşərgəsində baş verən hadisələrə aydınlıq gətirdi

- Sərdar bəy, prezident seçkilərinə bir ildən də çox bir müddət var, lakin müxalifət düşərgəsində artıq hazırlıq işləri aparılır. Bu fəallaşmaya səbəb nədir?

- Bilirsiniz, mən heç də deməzdim ki, müxalifət fəallaşıb. Ölkədəki mövcud ictimai-siyasi vəziyyəti və yaxınlaşan prezident seçkilərini nəzərə alsaq, müxalifət partiyaları arasındakı əməkdaşlıq, ümumilikdə münasibətlər, təbii ki, arzuolunan səviyyədə deyil və qənaətbəxş sayıla bilməz. Yəni, müxalifət getdikcə dağılırsa, ilk vəzifə demokratik qüvvələrin bir araya gəlməsi və bütün resursların birləşdirilməsi olmalıdır. Təəssüf ki, bunun tərsini müşahidə edirik. Bəzən müəyyən səylər olur. Müxtəlif birliklər, bloklar yarandı, amma bunlar da qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədi. Bu gün müxalifət yaranmış vəziyyətin çətinliyini dərk etməlidir, dünyada, regionda və ölkədə gedən prosesləri nəzərə almalıdır. Əgər gələcəyə baxışımız bir deyilsə, bu yolların birliyi mümkünsüzdür. Ümumilikdə, yenə də deyirəm hesab etmirəm ki, müxalifət fəallaşıb.

- Məlum olduğu kimi, ötən illər ərzində sizin yaratdığınız "Qarabağ" bloku "İctimai Palata"ya alternativ qurum idi. Ancaq tez bir zamanda blok fəaliyyətini dayandırdı. Bunun səbəbi blok liderlərinin bir-birini anlamaması, yoxsa qurumun "İctimai Palata"nın gücünə tab gətirə bilməməsi idi?

- Bilirsiniz, yaratdığımız blokun "İctimai Palata"nın alternativi olması yanlış fikirdir. Biz "Qarabağ" blokunda siyasi blok yaratmışıq və bizim siyasi blokumuz onunla fərqlənir ki, ictimai güc yoxdur, mətbuat nümayəndəsi yoxdur. Bu blok partiyanın yaratdığı blokdu və blok bu gün də öz fəaliyyətini davam etdirir. Mən bu gün hətta blokun iclasından yarım saat tez çıxıb gəlmişəm. Yəni bizim blok da fəaliyyətini dayandırmıyıb.

Bir də bu faktı da açıqlayım ki, "İctimai Palata" ideyası mənə məxsusdur. Müəyyən qüvvələr bizim bu ideyamızı götürdülər, əvvəlcə bunu bir "Xalq Parlamenti" elan etdilər və müəyyən bir müddətdən sonra bunu "İctimai Palata" ideyası ilə əvəz etdilər. Bu gün "İctimai Palata"da toplananlar monopolist "liderlərin" girovlarına çevriliblər: AXCP və Müsavat. Ümumiyyətlə, ADP "İctimai Palata"da təmsil olunmur, sadəcə olaraq, partiyamızdan 15-20 nəfərə yaxın adam həmin qurumda iştirak edir. Lakin qurumda monopoliyanın olması "İctimai Palata"nı uğursuzluğu aparır. Çünki "İctimai Palata" düzgün istiqamətdə işini qurmayıb və orada təmsil olunanlar arasında bir-birinə qarşı əməkdaşlıq da səmimi qurulmayıb. Biz bu gün görürük ki, Əli Kərimli, İsa Qəmbər qəzetlərdə deyir ki, mən prezidentliyə namizədliyimi verəcəm. Bir blokda mübarizə aparan qüvvələr ən azından öz aralarında bunu məsləhətləşməli, eyni vaxtda prezidentliyə namizədliklərini verəcəklərini deməməlidirlər. Ən azı buna blok qərar verməlidi ki, bizim blokdan 2 nəfər namizədimiz olacaq. Amma bir yerdə müttəfiqlik edirlər, bir yerdə blok yaradırlar, hər kəs çıxır ayrı-ayrılıqda özünün prezident seçkiləriylə bağlı ideyalarını verirsə və bəzi məsələlərdə də ziddiyyət yaranırsa, bu, onu göstərir ki, bu ittifaqın özündə də səmimiyyət çatışmır. Biz ya birlik yaratmalıyıq, ya da birlik adında nə yaratmışıqsa, onun xalqa heç bir xeyiri olmayacaq.

- Dəfələrlə mətbuatdakı çıxışlarınızda müxalifətin siyasi mərkəz yaratması təklifini vurğulayırsınız və həmçinin, "İctimai Palata"da səmimiyyətin olmadığını qeyd edirsiniz. Sərdar bəy, belə olduğu təqdirdə, etibar eləmədiyiniz insanlarla, yəni bir siyasi mərkəzdə necə mübarizə apara bilərsiniz?

Bilirsiniz, fizikada belə bir qanun var - ideal qaz qanunu, ideal bərklik qanunu, mayelərin ideal qanunu, biri də var real. Təbii ki tənqid edəndə, bunun idealdan uzaqlığını tənqid edirik. Amma real olaraq belə bir qurum var və bununla da hamımız hesablaşmağa borcluyuq. Bu baxımdan bizim "İctima Palata"yla bağlı tənqidlərimizi də. Bunun bir ideal güc mənbəyi olması arzusu ilə yaşayırıq. Prezident seçkilərində "İctimai Palata" ola bilər ki, bir seçki qabağı bloka çevrilsin, qeydiyyatdan da keçsin, amma prezident seçkilərində iştirak edə bilməz, namizəd də verə bilməz. Çünki "İctimai Palata"ya daxil olan siyasi partiyalar qanunlarla fəaliyyətini tənzimləyir. Belə hesab edirəm ki, məhz siyasi partiyaların və yaxud da ictimai güclərin mərkəzi olmalıdı ki, həm də fəaliyyətimiz qanuna uyğun olsun. Bu baxımdan düşərgədə yaranmış vəziyyət, onu deməyə əsas verir ki, müxalifət liderləri yenə də xüsusi bir idea hazırlaya bilməyəcək. Çünki, "İctimai Palata"da toplaşanlar monopolist "liderlərin" girovlarına çevriliblər.

R.HÜSEYNOVA

Digər xəbərlər