Müsahibimiz Milli Məclisin vitse-spikeri Bahar Muradovadır
- Bahar xanım, ATƏT, eləcə də, digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin statusunun qəbul edilməzliyi, qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilməsini nəzərdə tutan bəyanatlar və qərarlar qəbul edirlər. Bu bəyanatlar və qərarların Ermənistan tərəfindən yerinə yetirilməməsi işğalçı ölkənin beynəlxalq birliyə qarşı çıxması kimi qiymətləndirilə bilərmi?
- Qeyd edim ki, bu birmənalı olaraq, bütün dövlətlər üçün vacib olan beynəlxalq təşkilatların qəbul etdiyi qərarlardır, ölkələrin qoşulduğu konvesiyalardır, bu konvensiyalardan irəli gələn öhdəliklərdir. Hər bir dövlət və dövlət rəsmiləri bu qaydalara riayət etməlidirlər. Çox təəssüf ki, Ermənistana gəldikdə biz bunları görmürük. Konkret olaraq, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə dünyaya meydan oxumaqla müşayiət olunan şəkildə həyata keçirilir. Azərbaycan tərəfi və rəsmi dairələr, beynəlxalq prinsiplərini rəhbər tutan bir sıra obyektiv siyasətçilər bu fikirləri səsləndirirlər. Amma bu fikirlərin bir araya gətirilərək Ermənistana hər hansısa təsirli tədbirlərin həyata keçirilməsiniə imkan verən qərarların qəbul olunmasında gecikirlər. Ermənistan bundan istifadə edərək öz təcavüzkar siyasətini davam etdirməkdə və işğal altında olan torpaqlarda qalmaqdadır. Eyni zamanda, işğalçı ölkə ona edilən tələblərə və çağırışlara məhəl qoymayaraq, onun üzərinə qoyulan bir sıra beynəlxalq qətnamələr və qərarları saya salmadan öz çirkin fəaliyyətini davam etdirməkdədir. Sözsüz ki, bütün bunlar bizi narahat edən məsələlərdir.
- Bahar xanım, BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetrilməməsi ABŞ-ın keçmiş prezidenti Corc Buşun "BMT debatlar üçün yaxşı qurumdur" fikrini təsdiqləmiş olmur ki?
- BMT-nin və digər beynəlxalq təşkilatların bir çox dünya siyasətini müəyyənləşdirən ölkələrdən ötrü debatlar üçün qurum olduğunu təsdiqləyən çox faktlar var. Ona görə də, bu yeni bir fikir deyil, bu fikrin başqa bir formada ortaya qoyulmasıdır. Bəzi dövlətlər üçün bu təşkilatlar mötəbər bir qurumdur və onların qərarlarına çox böyük ümid bəslənilir. Bəzi ölkələr isə beynəlxalq təşkilatlardan öz maraqlarına xidmət edən, özlərinin daxili və xarici siyasətindən bir alət kimi istifadə edən qərarlar qəbuluna çalışmasına ümidvar ola bilər. Amma onların maraqlarının uzaq küncündə dayanan məsələlər üçün isə, həqiqətən də, debatlar üçün qurum kimi qalırlar.
- ATƏT Parlament Assambileyası ədalətli qərar çıxarsa da, onun icrasına səy göstərmir. Ən azından təşkilat Ermənistana təzyiq göstərmir. Bu təzyiqin göstərilməməsi nə ilə bağlıdır?
- Bütövlükdə, bu ATƏT Parlament Assmabileyasının rəsmiləri, həm də üzv olan parlamentarilərini narahat edir. Bu, təkcə Dağlıq Qarabağ məsələsi ilə əlaqədar deyil, bir sıra ATƏT-in regionda baş verən proseslərə münasibətində də özünü göstərir. Bu baxımdan da, ATƏT-in zəif təşkilat olmasından həmişə narahatlığımızı ifadə edirik. Amma bu vəziyyəti aradan qaldırmaq üçün hansı dəyişiklikləri etmək və hansı komissiya üzvlərini formalaşdırmaq lazımdır, ATƏT digər beynəlxalq təşkilatlarla, o cümlədən, BMT ilə hansı yeni əməkdaşlıq üsullarını tapmalıdır və s. bu kimi məsələlər daima müzakirə olunan mövzulardır. Bu günə qədər ATƏT-in təsis sənədələrinin qüsurlu olduğunu bildirirlər və həqiqətən də, belədir. Bu günə qədər də sənədlərdəki qüsurlar aradan qaldırılmayıb. Ona görə də, ATƏT-in bu günə qədərki fəaliyyətinə yenidən baxmağa ehtiyac var. Odur ki, istər ATƏT PA-nın, istərsə də ATƏT-in bütövlükdə və onun dövlət rəsmilərinin iştirakı ilə keçirilən sammitlərdə Dağlıq Qarabağla bağlı qərarların dəyişdirilməsi mümkün olmamışdır. Amma hesab etmirəm ki, bu təşkilat itrilmiş təşkilatdır. Çünki bu təşkilatda 56 ölkə təmsil olunur və eləcə də, münaqişənin həllinə vasitəçilik missiyasını daşıyan qurum da məhz bu təşkilatda yaranıb. Ancaq bu təşkilat ən azı qeyri-konstirutiv mövqe nümayiş etdirən Ermənistanı normal danışıqlar prosesində iştirak etmək üçün müəyyən təsirlər göstərməlidir. Amma digər beynəlxalq təşkilatlar kimi ATƏT də hələ gözləmə mövqeyi nümayiş etdirir.
- Bahar xanım, ictimaiyyət arasında belə bir məsələ də müzakirəyə çıxarılıb ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-ə verdiyi mandat əlindən alınsın və məsələnin həlli ilə birbaşa BMT məşğul olsun. Bu məsələnin reallaşması nə dərəcədə inandırıcıdır?
- Bilirsiniz, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsi, ora yeni ölkələrin əlavə olunması kimi məsələlər zaman-zaman müzakirə mövzusu olub. Bütün bunlar ondan irəli gəlir ki, həlli vacib olan məsələlərin çözülməsini gözləyən insanlar bu prosesləri görmür və müxtəlif təkliflərlə çıxış edirlər. ATƏT-in Minsk Qrupunun bu məsələ ilə məşğul olması BMT-nin, eləcə də, beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair mövqeyinin müəyyənləşdirilməsinə mane olmur. Onlar bu və ya digər qərarlar qəbul edə və təcavüzkar siyasətdən əl çəkməyə Ermənistanı vadar edə bilərlər. Həmçinin, bu təşkilatlar öz aralarında əməkdaşlıq nöqtələrini tapa bilərlər. Ancaq həmin təşkilatlar yaxalarını geri çəkərək məsələnin ATƏT-in Minsk Qrupu tərəfindən həll olunmasını bildirirlər. Bu ölkələr, doğrudan da, regionda sülhün, təhlükəsizliyin əldə olunmasında maraqlıdırlarsa, o zaman konfliktlərin, dövlətlərin, bütövlükdə, dünyanın inkişafında həlli vacib olan məsələ kimi qəbul edirlərsə, ən müxtəlif rıçaqlardan, ən müxtəlif imkanlardan istifadə etməlidirlər. NATO qərar qəbul edir ki, münaqişə ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. NATO-da təmsil olunan ölkələr, eyni zamanda, ATƏT-də, Avropa Şurasında, BMT Təhlükəsizlik Şurasında da iştirak edirlər. Necə ola bilər ki, ölkə bir təşkilatın tədbirində bir mövqe sərgiləyir, digərində başqa? Yəni burada dövlətlərin ayrı-ayrı məqamlarda, ayrı-ayrı dönəmlərdə maraqlarını müxtəlif cür ifadəsinə haqq qazandırmaq olmaz. Ona görə də, hesab edirəm ki, bütövlükdə, bu problemin həllini vacib dairələrlə bağlılığı məsələsi ortaya çıxır. Format axtarışı, məsələnin bir müstəvindən digər müstəviyə keçirilməsi, əlavə güclərin, ölkələrin cəlb olunması bəlkə də, müəyyən zaman çərçivəsində baş aldatmağa xidmət edən fikirlər kimi görünür.
- Dağlıq Qarabağ münaqişəsinin həllində ermənilər ərazi bütövlüyü amilini kənara qoymağa çalışaraq, münaqişənin həllində güc tətbiq etməmək məsələsi ətrafında müzakirələrin aparılmasını israr edirlər. Bu mövqeyi nə ilə izah etmək olar?
- Bu mövqe hal-hazırda edilən təcavüzkar siyasəti pərdələmək məqsədinə xidmət edir və millətlərin öz müqəddaratını təyin etmək kimi digər başqa prinsiplərdən ayrıca götürülən bir prinsipi həyata keçirilməsinə çalışmaqdan irəli gəlir. Digər dövlətlərin ərazi bütövlüyünü poza biləcək hərəkətlərə rəvac verən gücün tətbiq olunmasından irəli gəlir. Hazırki şəraitdə isə Ermənistan güc tətbiqini edib və bu gün təcavüzkarlıq davam edirsə, Ermənistan qoşunları Azərbaycanın 20 faiz ərazisində məskən salırsa və atəşkəs rejimi hər gün pozulursa, onlarla insan həyatını itirirsə, bu, gücün tətbiqinin davam etməsi deməkdir. Ona görə də, bu prinsiplərdən istifadə edən erməni siyasətçiləri və onlara xidmət edən dairələr bu prinsipi bəzən yarımçıq şəkildə ifadə edirlər. Bir çoxlarına elə gəlir ki, burada yalnız güc tətbiq olunmamasından söhbət gedir. Amma hələ də Ermənistan bu prinsipi pozmaqda davam edir. Ona görə də, Ermənistan müvafiq cəzasını almalıdır.
(Ardı var)
RƏFİQƏ KAMALQIZI