Xankəndi aeroportunun istifadəyə vermək cəhdi Ermənistanın işğalçılıq siyasətinin davamıdır
Fəzail İbrahimli: "Xankəndi aeroportunun istifadəyə verilməsi inandırıcı görünmür"
Müsahibimiz millət vəkili Fəzail İbrahimlidir
- Fəzail müəllim, Xankəndi aeroportunun növbəti həftə istifadəyə verilməsi planlaşdırılır. Bu, Ermənistanın növbəti təxribatı kimi dəyərləndirilə bilərmi?
- Təbii ki, Ermənistanın Xankəndi aeroportunun istifadəyə verilməsi ilə bağlı bəyanat səsləndirməsi işğalçılıq siyasətinin davamıdır. Yəni, dünya ictimaiyyəti qarşısında işğalçı ölkə olan Ermənistanın məhsuliyyətsizliyidir. Demək olar ki, dünya dövlətləri də işğalçı Ermənistana qarşı heç bir təsiredici ciddi addımlar atmaq niyyətində deyillər. Ancaq Xankəndi aeroportunun istifadəyə verilməsi inandırıcı görünmür.
- Ermənistanın təxribatları fonunda dünya birliyinin və beynəlxalq təşkilatların məsələyə ikili yanaşması nə zamana qədər davam edəcək?
- Təbii ki, işğalçı Ermənistanın təxribatları fonunda dünya birliyi və beynəlxalq təşkilatlar məsələyə ikili standartlar prizmasından yanaşır. Demək olar ki, bu hadisələrin mahiyyətini ifadə edən məqamlarda Qafqaz regionunda hər bir dövlətin öz maraqları var. Amma bu maraqlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə toqquşmamalıdır. Bir sözlə, nə qədər ki, bu maraqlar toqquşur, beynəlxalq hüquq işləmir və dünya güclərinə söykənir o zamana qədər də bu məsələyə ikili prizmadan yanaşma da bu formada davam edəcəkdir.
- Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinə getsə belə, yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlara getməsində məqsədi dünya birliyini aldamtaqdan ibarətdir. Yəni, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara getsə belə, son nəticədə, heç bir razılığa gəlmir. Demək olar ki, status-kvo Ermənistanı qane edir. İşğalçı Ermənistan dünyanın güc mərkəzləri tərəfindən heç bir təsir və təzyiqə məruz qalmır. Əksinə işğalçı ölkə dəstəklənir. Əlbəttə, heç bir təsirə və təzyiqə məruz qalmayan bir ölkə problemin həlli yönündə addım atmayacaq. Ona görə də, Ermənistana layiq olan cəzasını vermək lazımdır.
GÜLYANƏ