PDF Oxu

Müsahibə

  • 1 124

Xankəndi aeroportunun açılması cəhdi Sarkisyanın təxribatıdır

Elçin Mirzəbəyli: "BMT-nin ATƏT-in Minsk Qrupu həmsədrlərinə verdiyi mandata uyğun addım atılmır"

Xankəndi aeroportunun açılması cəhdi Sarkisyanın təxribatıdır

Müsahibimiz politoloq Elçin Mirzəbəylidir

- Elçin müəllim, növbəti dəfə Xankəndi aeroportunun açılmasına S.Sarkisyan rejiminin cəhd göstərməsi Dağlıq Qarabağ münaqişəsinin konstruktiv formada həllində Ermənistanın marağının olmadığının göstəricisi sayıla bilərmi?

- Demək olar ki, işğalçı ölkə olan Ermənistanın atdığı bütün addımları Azərbaycanı qıcıqlandırmağa yönəlib. Birmənalı şəkildə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin davam etdirilməsində və hər hansı bir ortaq mövqeyin əldə olunmasında maraqlı deyil. Yəni, bütün dünya ölkələrinə işğalçı Ermənistanın mövqeyi bəllidir. Təəssüflər olsun ki, işğalçı ölkənin bu mövqeyinə beynəlxalq təşkilatların xüsusi olaraq da ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin konkret olaraq hər hansı bir ciddi reaksiyası yoxdur. Uzun illərdi ki, ATƏT-in Minsk Qrupu həmsədri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçi bir tərəf kimi çıxış edir. Amma bu illər ərzində həmsədrlər münaqişənin həllində irəliyə doğru heç bir addım ata bilməyib. Demək olar ki, ATƏT-in Minsk Qrupu həmsədri regiona turist səfərləri etməklə öz missiyalarını bitmiş hesab edirlər. Yəni, həmsədrlər vasitəçilik missiyası anlayışını, elçilik missiyası anlayışı ilə səhv salırlar. Bir sözlə, BMT-nin ATƏT-in Minsk Qrupu həmsədrlərinə verdiyi mandata uyğun addım atılmır. Təbii ki, belə olan şəraitdə Ermənistan da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir konstruktiv addım atmayacaq. Bunun da səbəbi beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkəyə qarşı heç bir ciddi təzyiqlərin olmaması ilə bağlıdır.

- Xankəndi aeroportunun açılması Ermənistanın növbəti təxribatı sayıla bilərmi?

- Əlbəttə, Xankəndi aeroportunun açılması Ermənistanın növbəti təxribatıdır. Mütəmadi olaraq, işğalçı Ermənistan bu cür xoşagəlməz əməllərə əl ataraq aranı qarışdırmaq istəyir. Amma heç vaxt işğalçı ölkənin istəyi baş tutmur. Demək olar ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlara görüntü xatirinə gedir. Yəni, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin həllini bir qədər də uzatmaq üçün əlindən gələni edir. Dünya dövlətləri də işğalçı Ermənistanın bu cür xoşagəlməz davranışına göz yumur. Bir sözlə, Ermənistanın funksiyası təxribat törətməkdən ibarətdir. Gec-tez Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad edəcəkdir.

GÜLYANƏ

Digər xəbərlər