Əhməd Vəliyev: "YAP Azərbaycan tarixində yeganə partiyadır ki, o, yaranarkən siyasi hakimiyyətə gəlməyi, hakimiyyət uğrunda mübarizə aparmağı yox, ölkəni mövcud böhrandan çıxarmağı qarşısına məqsəd kimi qoymuşdur"
Millət vəkili Əhməd Vəliyevin "Səs" qəzetinə müsahibəsi
- Əhməd müəllim, məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci il dönümü tamam olacaq. Yarandığı gündən bu günə qədər YAP-ın fundamental fəaliyyətini və Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri necə dəyərləndirirsiniz?
- 1992-ci ildə ağır duruma düşən Azərbaycan xalqının vəziyyətini, o dövrün hadisələrini yaxşı xatırlayırıq. Xaos, anarxiya vəziyyətində olan bir ölkəyə güclü və uzaqgörən bir şəxsin rəhbərliyə gətirilməsi əsas şərt idi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət Öndərildi. Elə bu müraciət ilk dəfə 1992-ci ildə Sizin təmsil etdiyiniz "Səs" qəzetində dərc olunmuşdu. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Həmin vaxtlar yaradılacaq yeni partiya balanslaşdırıcı, milli əhatəli olmalı, dövlət müstəqilliyini qoruyub saxlamalı və yeni tipli cəmiyyət qurmalı, ölkəni böhrandan çıxarıb tərəqqi yoluna istiqamətləndirməli idi. Bu partiya ölkə siyasətini, siyasət və dövlət idarəetməsi haqqındakı təsəvvürləri kökündən dəyişməli və onları yeniləşdirib sağlamlaşdırmalı idi. Eyni zamanda, dövlətçilik məfkurəsini gücləndirməli, milli dövlətçilik ideologiyasını işləyib hazırlamalı və onu gerçəkləşdirməli idi. Bu tarixi zərurətdən irəli gəlirdi və buna ciddi ehtiyac var idi. Yəni, ölkədə ciddi, əhatəli, ümummilli, güclü və mərkəzçi partiyaya, iradəli liderə kəskin ehtiyac hiss edilirdi. YAP-ın məhz belə bir mərkəzçi partiya kimi təşəkkül tapması qeyd etdiklərimə nəzərən labüd hadisə idi.
1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi. Naxçıvanda keçirilən təsis konfransında Heydər Əliyev yekdilliklə YAP-ın sədri seçildi. Beləliklə, Azərbaycanın həyatında yeni bir dövr başladı. YAP-ın yaranması ölkənin siyasi həyatına ümummilli, praqmatik, universal və geniş sosial bazaya malik bir siyasi təşkilat verməklə, çoxpartiyalı sistemin formalaşmasını əsasən başa çatdırmış oldu. Bu partiyanı xarakterizə edən ən əsas cəhət onun böyük nüfuza malik ümummilli və xarizmalı liderinin olması idi. YAP Azərbaycanın siyasi həyatına yeni bir ənənə, yeni bir siyasi mədəniyyət nümunəsi gətirdi. Məsələn, götürək hakimiyyət uğrunda mübarizə məsələsini. YAP Azərbaycan tarixində yeganə partiyadır ki, o, yaranarkən siyasi hakimiyyətə gəlməyi, hakimiyyət uğrunda mübarizə aparmağı yox, ölkəni mövcud böhrandan çıxarmağı qarşısına məqsəd kimi qoymuşdur.
YAP-ın müstəqil Azərbaycanın tarixində oynadığı rol məlumdur. Bu partiya Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bugününün və sabahının qarantı deməkdir. Bu partiya başqa bir ad altında, fərqli formada yarana bilərdi, amma onun qayəsi və missiyası heç bir halda dəyişməyəcəkdi. Əslinə qalsa, partiyanın məhz Yeni Azərbaycan Partiyası adlanması da tarixi zərurət idi. Bu partiyanın bir missiyası vardı - o, yeni və qüdrətli bir Azərbaycan qurmalı idi. Düşünürəm ki, YAP üzərinə düşən bu missiyanı uğurla həyata keçirir.
Xalqın öndə gedən insanlarının qətiyyəti özünü yüksək səviyyədə doğrultdu və Ümummilli Lider Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində Yeni Azərbaycan Partiyası qısa zamanda böyük siyasi gücə çevrildi. Belə bir güclü və fundamental partiyanın 20 illik yubileyini bayram kimi qiymətləndirirəm. Çünki Yeni Azərbaycan Partiyası bu illər ərzindəki fəaliyyətini Azərbaycan xalqının rifahı üzərində kökləyib. Azərbaycan dövlətinin atdığı bütün addımlar hər zaman milli maraqlara xidmət edib. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə Azərbaycan dövlətinin yürütdüyü siyasət Azərbaycanın uğurlu gələcəyinə hesablanıb.
- Əhməd müəllim, hər bir millətin xalqın taleyində görkəmli şəxsiyyətlər müstəsna və əvəzedilməz rol oynayıblar. Bu mənada, Amerika xalqı Corc Vaşinqtona, almanlar Otto Bismarka, türklər Mustafa Kamal Atatürkə, fransızlar Şarl de Qolla, Çin xalqın Mao-Tszeduna borcludurlar. Nəhayət, Azərbaycan xalqı....
- Sözsüz ki, Azərbaycan xalqı da Ulu Öndər Heydər Əliyevə borcludur. Azərbaycanın tarixində ayrı-ayrı siyasi xadimlər xalqımızı milli dövlətçilik ideyaları ətrafında birləşdirib, millətimiz üçün son dərəcə ciddi əhəmiyyət kəsb edən bu tarixi missiyanı sona qədər reallaşdıra bilməyiblər. Belə ki, həmin tarixi missiyanı Ulu Öndərimiz, görkəmli dövlət xadimi Heydər Əliyev üzərinə götürdü və böyük müvəffəqiyyətlə həyata keçirdi. Bu məsuliyyətli işdə onun fenomenal keyfiyyətləri, qibtə olunacaq iradəsi, təkrarsız xüsusiyyətləri müstəsna rol oynayırdı. Heydər Əliyev müasir, demokratik Azərbaycan dövlətini yaratdı, onu Cənubi Qafqazın ən nüfuzlu, hegemon ölkəsinə çevirməyi bacardı. Eyni zamanda, Azərbaycanda dövlətçilik təfəkkürünün formalaşmasında, bu ənənəni yaşatmaq üçün münbit şəraitin yaranmasında böyük rol oynadı və Azərbaycan xalqının əbədi lideri statusunu qazandı. Xalq və millət üçün gördüyü mütərəqqi işlər onun adını Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, uzaqgörən siyasətçi, müasir dövlətimizin memarı və qayğıkeş insan kimi əbədi həkk etdi. Biz Heydər Əliyev dühası ilə fəxr edirik. Ona görə ki, Ümummilli Liderimiz Heydər Əliyev keşməkeşli və zəngin ömür yolu keçib. O, ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün fəaliyyətini Azərbaycan xalqının xoşbəxtliyinə həsr edib. Biz həyatımızın bütün sahələrində Ulu Öndər Heydər Əliyev zəkasının izlərini görürük. Heydər Əliyev xarizmasının formalaşdırdığı kütləvi inam hissini müxtəlif kontekstlərdən araşdırmaq olduqca vacib və əhəmiyyətlidir. Çünki bu mövzunun aktuallığı lider fenomeninin nəzəri, sosial və psixoloji əsaslarının öyrənilməsini tarixi zərurət kimi həmişə gündəmdə saxlayıb və daim da belə olacaqdır. Heydər Əliyevin liderlik keyfiyyətlərinin özəyini təşkil edən prinsipiallıq və siyasi iradə komponentləri Onun öz üzərinə götürdüyü missiyaların uğurla başa çatmasını zərurətə çevirən başlıca siyasi şərtlərdir. Bu keyfiyyətlər Onun parlaq siyasi obrazını tam açıq şəkildə nümayiş etdirir. Heydər Əliyev siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunu, bütöv bir idarəçilik məktəbini, müasir ictimai-siyasi fikrin ən praqmatik keyfiyyətlərini özündə birləşdirir. Heydər Əliyev siyasi obrazının dəyəri ictimai şüurda xalqın xilaskarı kimi dərk edilir.
Ulu Öndərin azərbaycançılıq ideyası nəinki ölkəmizdə, hətta xaricdə yaşayan soydaşlarımız arasında, eyni zamanda, bütün dünyada möhkəmlənməsi, qələbə çalması üçün fundamental baza rolunu oynamışdır. Ulu Öndərin sadiqliliyi, xalqına xidməti hər bir azərbaycanlıya Azərbaycan, milli inkişaf naminə vətənə təmənnasız xidmət dəyərlərini aşılamışdır. Xalqın çətin günlərində ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran şəxsiyyət idi. O, ən çətin vəziyyətdə də təmkinini itirməyən, baş verən hadisələrə münasibətdə qibtəolunacaq iradə nümayiş etdirən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib, mənsub olduğu xalqın, ölkəsinin maraqlarına praqmatiqcəsinə və dəqiqliklə yönəltməyi bacaran təkrarsız lider olub. Bu fikirlər tək bizim, Azərbaycan xalqının yox, bütövlükdə, çoxsaylı dövlət başçılarının, beynəlxalq siyasətin ən nəhəng tanınmış simalarının, fikir və mülahizələri ilə hesablaşdığı dünyanın nüfuzlu politoloqlarının gəldiyi yekdil bir qənaətdir.
- Ulu Öndərin yarımçıq qalmış ideyaları, ümumilikdə, xalqın rifahına hesablanan siyasi kursu bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən necə və hansı formada həyata keçirilir?
- Şübhə yoxdur ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu gələcək nəsillərə hesablanıb. Hələ Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə onun siyasi kurunun layiqli davamçısı müəyyən olunmuşdu. O, bu haqqı neft strategiyasının reallaşdırılması sahəsindəki titanik fəaliyyəti, geniş dünyagörüşü diplomatik fəaliyyəti ilə qazanıb. Ən əsas məsələ ondan ibarətdir ki, O, Ulu Öndər Heydər Əliyevin oğlu olmaq kimi imtiyazlardan (əlbəttə ki, söhbət psixoloji planda götürülmüş plandan gedir) istifadə etməyə çalışmayıb. İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi də xalqın Ümummilli Liderə olan inam və etibarının məntiqi nəticəsi idi. Çünki Ümummilli Lider Heydər Əliyev siyasi kursunun və milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması sosial sifariş kimi qiymətləndirilməlidir. Zaman-zaman cəmiyyət siyasi iradə ortaya qoydu ki, mütləq bu kursun, aparılan siyasətin varisliyi təmin olunmalı və xalqın rifahı daha da yüksəlməlidir. Bu mənada, cəmiyyəti narahat edən əsas faktorlardan biri hakimiyyət sükanının yenidən təsadüfi şəxslərin əlinə düşməsi qorxusu idi. Ona görə də, Azərbaycan xalqı bu məsələdə İlham Əliyev fenomeni üzərində dayandı və onu bu siyasətin varisi kimi görürdü. Bu sosial sifariş, ümumxalq tələbi idi. Azərbaycan xalqı qəti olaraq rəy formalaşdırmışdı ki, İlham Əliyev Heydər Əliyev siyasi kursunun müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edə biləcək yeganə alternativsiz liderdir. Onun Heydər Əliyev siyasi məktəbindən dərs alması xalqın sabaha olan ümidlərini doğruldurdu. Ona görə də, faktiki olaraq, bu gün ictimai rəy üçün seçim problemi yoxdur. İstər daxili və istərsə də xarici siyasətdə, ictimai rəydə İlham Əliyevin Heydər Əliyevin siyasi kursunun kompleks şəkildə davam etdirmək potensialına malik lider qəbul edilməsi reallıqdır. Daha geniş mənada desək, 2003, 2008-ci illərdə İlham Əliyevin prezident seçilməsinin ölkənin milli maraqları barədə hər bir vətəndaşda, ictimai inam aşılamaqla yanaşı arxayınçılıq yaradıb. İlham Əliyevin istər neft strategiyası ilə bağlı gördüyü mütərəqqi işlər, istər Avropa Şurasındakı fəaliyyəti, bütövlükdə, Azərbaycanın daxili və xarici siyasət müstəvisində əldə etdiyi uğuru nəticələr Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinin əsil mahiyyətini, bu strategiyanın Azərbaycanın milli maraqlarını təmin edəcək alternativsizlik xarakteri daşıdığını bir daha dərindən anlamağa əsas verir. Ona görə də, Azərbaycanın gələcək taleyini bu fəlsəfədən kənar təsəvvür etmək qeyri-mümkündür.
Təkcə son vaxtlar ölkə Prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyini qeyd etmək kifayətdir ki, Azərbaycanın niyyəti beynəlxalq hüquq normalarına tam uyğundur. Bu mənada, Prezident İlham Əliyevin beynəlxalq səviyyədə ümumbəşəri dəyərlərə sadiqliyi göz önündədir. Baxmayaraq ki, bu gün Ermənistan dövlətinin güclü dayaqları var. Amma yenə də İlham Əliyev Azərbaycan torpaqlarını Ermənistana güzəştə getmir. Çünki bu, bütövlükdə, Azərbaycan xalqının mövqeyidir ki, beynəlxalq tribunlarda səslənir.
Babək Hacıyev