Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü, Səbail rayonu təşkilatında gənclərə ideoloji və ictimai-siyasi yardım komitəsinin sədri Riyad Məmmədzadənin Səs TV-yə müsahibəsi
- Yeni Azərbaycan Partiyasının gənc üzvlərinin ölkənin ictimai-siyasi həyatında fəaliyyətini və rolunu müsbət dəyərləndirmək olarmı?
- İlk əvvəl bütün xalqımızı təbrik edirəm. Çünki bu gün çox əlamətdar bir gündür. Məhz bugünkü tarixdə, 1993-cü il oktyabrın 10-da Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq, ana qanunumuz olan konstitusiyaya və müqəddəs kitabımız olan Qurani-Kərimə əl basaraq, prezident kimi and içmişdi. O dövrdəki hadisələrdən danışsaq, yada sala bilərik ki, 1991-1992-ci illərdə ölkədə çox böyük bir ictimai xaos var idi və o vaxt hakimiyyətdə olan qüvvələr, siyasi liderlər o böhran qarşısında tab gətirməyərək ölkədən qaçdılar. Siyasi fəaliyyətini dayandıran, donduran da oldu. Bu böhranlı bir vəziyyətdə, təbii ki, Azərbaycanda bir əsrdə artıq ikinci dəfə müstəqilliyi yenidən itirmək təhdidi qarşısında idi. Heydər Əliyevin dahi şəxsiyyət və misilsiz siyasi xadim olduğunu hamımız bilirik. Birmənalı şəkildə, demək olar ki, Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti Azərbaycan Respublikası, vətənimiz üçün çox misilsiz və əvəzolunmazdır. Bu hadisələri daha dərindən təhlil etmək lazımdır. Bizim gəncliyimiz həmin dövrün hadisələrini dərindən mütaliə edib araşdırmalıdır ki, artıq müstəqil olaraq qərar verə bilsin. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi nəzdində və rayon təşkilatları nəzdində gənclərlə ümumi bir iş gedir. Mütəşəkkil və ideoloji zəmində vətənpərvər, səmərəli fəaliyyət göstərilir. Təbii ki, o dövrdən başlayaraq, artıq bugünümüzə qədər Heydər Əliyev irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin də genişmiqyaslı fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Cənab prezident həm partiya lideri, həm dövlət başçısı olaraq dövlətimizin, müasir Azərbaycanımızın gəncliyinə çox aydın ismarıcları olur.
O ki, qaldı Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və rayon təşkilatları nəzdində gənclərin fəallığına, ölkə başçısı və partiyamızın rəhbəri cənab İlham Əliyev bu istiqamətdə həm partiya üzvü olan gənclərimizə, həm ümumi dövlətimizin gənc vətəndaşlarına çox açıq ismarıcları və tövsiyələri olur. Ölkə Prezidentinin sırf gəncliyin, ictimai siyasi fəallığının artırılması ilə bağlı silsiləvi tədbirlər proqramı var.
- Dağıdıcı müxalifətin təsiri altında olan bəzi gənclər var ki, onlar küçələrə çıxaraq dövlət əleyhinə çağırışlar etməyə, sosial şəbəkələrdə milli maraqlara zidd şüarlar səsləndirməyə təhrik edilir. Bu tip məram və məqsədlərini anlamayan gəncləri səhv yoldan çəkindirmək mümkündürmü?
- Əslində, hər birimiz bilirik ki, ölkədə müxalifət partiyalarının olması labüddür. Hər bir demokratik cəmiyyətdə siyasi müxalifət mövcud olmalıdır. Dünyada neçə milyard insan varsa, həmin saya mütənasib olaraq fikir var, fikir ayrılığı var. Hamı eyni cür fikirləşməli deyil. Sadəcə olaraq, bizim gənclərimiz fikir müxtəlifliyi, rəngarəngliyi içində bir ideya, bir amal içərisində birləşmənin zərurətini dərk etməlidirlər. Biz artıq müstəqillik illərində yaşayırıq. Bizim gənclər ilk əvvəl bu amal ətrafında birləşməlidirlər ki, səsləndirdiyimiz hər fikir, etdiyimiz hər bir hərəkət müstəqilliyimizə zərər verməməlidir. Daha ayıq olmalıyıq. Respublikamızın quruculuğunda, parlaq inkişafında öz töhfəmizi verməyə səy göstərməliyik.
- Gəncləri bu yoldan çəkindirmək üçün sizlər tərəfindən bu yöndə konkret olaraq hansı addımlar atılır?
- Gəncləri Birliyi olaraq bu istiqamətdə silsilə tədbirlər aparırıq. Gənclərimizlə görüşürük, sizin kimi KİV-lərə minnətdarıq ki, şərait yaradırsınız və biz də fikirlərimizi bölüşə bilirik. Mənim şəxsi fikrim odur ki, Azərbaycan Respublikasında hal-hazırda hər bir gənc müstəqil olaraq ictimai-siyasi fəaliyyətlə məşğul ola bilər və olmalıdır da. Çünki bunun üçün bütün münbit zəmin yaranmışdı. Artıq bizim gənclərə, fərdlərə qalır ki, biz bu sahədə nə qədər aktiv olacağıq, nə qədər motivasiyalı fəaliyyət göstərəcəyik və dövlətimizin inkişafı üçün əlimizdən gələni əsirgəməməyə çalışmalıyıq. Əsas məsələ budur.
Aydan Xanlarqızı