Elşad Mirbəşiroğlu: "İşğalçı ölkə olan Ermənistan öz havadarları sayəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ləngitməyə çalışır"
Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur
- Elşad müəllim, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində status-kvonun qalmasında hansı dövlətlər maraqlıdır?
- Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində status-kvonun qalmasında işğalçı Ermənistan maraqlıdır. Çünki Ermənistan tərəfi çox gözəl başa düşür ki, gec-tez Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmağa məcbur olacaqdır. Ona görə də, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini uzatmaq üçün əlindən gələni edir. Məlum olduğu kimi, Azərbaycanın işğal altında olan əraziləri kifayət qədər yeraltı və yerüstü sərvətlərlə zəngin ərazilərdir. Yəni, zəngin faydalı qazıntılara malik olan ərazilərdir. Ermənistan da həmin ərazilərdən öz məqsədləri üçün bəhrələnməyə çalışır. Eyni zamanda, regionda ciddi geosiyasi marağı olan dövlətlər var. Həmin dövlətlər də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini istəmir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəməyən ölkələr sırasında birinci olaraq Rusiyanın adını çəkmək olar. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin uzanması Rusiyanın geosiyasi maraqlarından irəli gəlir. Bu baxımdan, işğalçı ölkə olan Ermənistan öz havadarları sayəsində Dağlıq Qarabağ münaqişəsini həlli prosesini ləngitməyə çalışır. Demək olar ki, Rusiya regionda öz maraqlarını qoruyub saxlamaq üçün Ermənistandan bir alət vasitəsi kimi istifadə etməyə çalışır. Bir sözlə, Ermənistan Rusiyanın forpostudur.
- Nəyə görə, beynəlxalq güclər işğalçı Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etmir?
- Hər zaman dünyanın güc mərkəzləri Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlarla yanaşıb. Yəni, beynəlxalq güclər işğalçı Ermənistana qarşı hər hansı bir ciddi sanksiyalar tətbiq etmək fikirində deyil. Ona görə də, heç bir ciddi təzyiqələrə məruz qalmayan Ermənistan işğalçılıq siyasətini yürütməkdə davam edir. Demək olar ki, dünyanın güc dövlətlərinin Ermənistanın bir ölkə kimi var olması üçün həm maddi, həm də mənəvi dəstək verir. Əgər həmin dövlətlər işğalçı Ermənistana heç bir maddi və mənəvi dəstək verməsəydi təbii ki, belə olan halda işğalçı ölkə, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa məcbur qalacaqdı. Dünyanın güc mərkəzləri işğalçı Ermənistana hərtərəfli dəstək verməklə Dağlıq Qarabağ münaqişəsinin davamlı olmasında yardımcı rolunu oynayır.
GÜLYANƏ