Müsahibimiz Milli Məclisin deputatı Nəriman Əliyevdir
- Nəriman müəllim, Azərbaycan son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dinamik inkişaf edir. Bu inkişafın Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin güclənməsi prosesində rolu ilə bağlı fikirlərini bilmək istərdik...
- Məlum olduğu kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu daxili və xarici siyasət həyata keçirilir. Bu siyasət ölkəmizin dinamik inkişafı ilə müşaiyət olunur. Vurğulamaq yerinə düşər ki, ilk növbədə respublikamızda mövcud olan ictimai-siyasi sabitlik inkişafımızın başlıca qarantıdır. Prezidentimizlə xalqın birliyi bu sabitliyi daha sarsılmaz edən əsas amildir.
Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur. Ölkədə aparılan diversifikasiya siyasəti, istehsal və sosial infrastrukturun inkişafı sayəsində ötən il qeyri-neft sektorunda 9,4 faizlik yüksək artıma nail olunub. Ölkəmizin strateji valyuta ehtiyatları isə 50 milyard dollara yaxındır. Dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icra edilməsi bütövlükdə hökumətin öhdəliklərinin və qəbul olunmuş Proqramlar üzrə tədbirlərin maliyyələşdirilməsini təmin edib.
Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Son illərdə Azərbaycanın maliyyə və investisiya imkanlarının artması ölkədə müasir texnologiyalar əsasında sənayeləşmə siyasətinin həyata keçirilməsinə imkan yaradıb. Qeyri-neft sektorunun emal sənayesində, o cümlədən metallurgiya, maşın və avadanlıqlar, kimya, tikinti materialları və digər istehsal sahələrində yüksək artım əldə olunub.
Ümumiyyətlə, görülən işlər əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən davamlı milli inkişaf strategiyası xalqın rifahının yüksəldilməsini və Azərbaycanın tərəqqisini təmin edəcək.
Təbii ki, dinamik inkişaf, uğurlu siyasət Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Qlobal maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, nüfuzlu beynəlxalq reytinq institutları ölkədə qazanılan nailiyyətləri yüksək qiymətləndirib. Onlar Azərbaycanda iqtisadi və maliyyə siyasətinin düzgün aparıldığını, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyini, neft gəlirlərindən səmərəli istifadə olunduğunu xüsusi vurğulamışlar. Həmin qurumların rəyinə əsasən respublikamız ötən il yüksək insan inkişafına malik ölkələr sırasında yerini daha da möhkəmləndirib.
- Siz Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüsünüz. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işləri necə xarakterizə etmək olar?
- Bildiyiniz kimi müstəqillik əldə etdikdən sonra Azərbaycanda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquqi və demokratik dövlət quruculuğu istiqamətində inamlı addımlar atılmağa başlandı. İlk olaraq hüquqi dövlət quruculuğu yolunda ilk milli Konstitusiya qəbul olundu. Konstitusiyamızın ana xətti və mahiyəti tamamiilə beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur. Əsas Qanunda insan hüquq və azadlıqlarının təminatına xüsusi önəm yer verilir. Belə ki, Konstitusiyanın üçdə ikisi insan hüquqlarına həsr olunub. Bu sənəd ölkəmizdə vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyı bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar öz əksini tapıb.
Bildiyiniz kimi, ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fıkir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir.
Eyni zamanda, milli qanunvericiliyimiz daha da zənginləşib. 2001-ci ildə İnsan hüquqları üzrə Avropa Konvensiyasına qoşulduqdan sonra Azərbaycan dövləti öz milli qanunvericiliyində daha da təkmilləşmə işləri apardı. Həmin kurs bu gün də uğurla davam edir. Bütün bunların nəticəsi olaraq Azərbaycan demokratiya və insan hüquqları sahəsində böyük nailiyyətlər əldə edib. Əminliklə demək olar ki, bu gün bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarmın təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb edir.
- Qanunvericiliyin təkmilləşdirildiyini qeyd etdiniz. Bu prosesin əhəmiyyəti nədən ibarətdir?
- Parlamentdə qəbul olunmuş qanunlar, o cümlədən insan hüquqları ilə bağlı hüquqi aktlar zaman-zaman təkmilləşdirilib. Bu addımlar müasir dövrün tələblərinə uyğun olaraq atılır. Azərbaycan dünyaya, Avropaya inteqrasiya edir və bu inteqrasiya prosesində qanunların təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir. Bu mənada təkmilləşdirmə işlərinin kökündə qeyd etdiyim amillər dayanır.
Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olub. Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə edib.
- Ölkəmiz müstəqil siyasət yeritməklə beynəlxalq əməkdaşlığa da böyük töhfələr verməkdədir. Bu mənada Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, mühüm tranzit ölkə olması, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatırılması üçün lazımi hüquqi bazanın, etibar və etimadın mövcudluğu digər maraqlı dövlətləri də bu qarşılıqlı-səmərəli əməkdaşlığa cəlb etməkdədir. Bu gün Azərbaycanın həyata keçirdiyi beynəlxalq siyasət şəffafdır, açıqdır, səmimidir və qarşılıqlı maraqlara əsaslanır. Dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa xidmət edir. Buna sübut kimi deyə bilərik ki, Azərbaycanda həyata keçirilən nəhəng beynəlxalq iqtisadi layihələr, yaradılan samballı infrastruktur təkcə bizim ölkənin maraqlarına xidmət etmir. O, həm də bu infrastrukturla bağlı digər dövlətlərin də iqtisadiyyatının dirçəldilməsinə və sabit tərəqqisinə xidmət edir. Bu layihələr sosial-iqtisadi inkişafı təmin etməklə bərabər, həmin region dövlətlərinin də bir-biri ilə siyasi bağlantılarının güclənməsinə və strateji tərəfdaşlığına səbəb olur, sülh, əmin-amanlıq şəraitində yaşamasına zəmin yaradır. Ona görə də Azərbaycan rəhbərliyi regional əməkdaşlığın güclənməsində öz fəaliyyətini əsirgəmir və bütün dövlətləri də bu istiqamətdə səylərini əsirgəməməyə çağırır.
Azərbaycan öz iqtisadi qüdrətini davamlı surətdə artırır. Vaxtında, dəqiq icra edilən dövlət proqramları və həyata keçirilən müvafiq siyasi, hüquqi islahatlar, verilən müvafiq sərəncamlar, fərmanlar, qəbul edilən qanunlar bu dayanıqlı tərəqqinin əsas səbəbidir. Bu artıma dünyada baş verən iqtisadi-siyasi, maliyyə və sosial proseslərin təhlili, proqnozlaşdırma və ola biləcək hər hansı bir kataklizmlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin də həyata keçirilməsi həlledici təsir göstərməkdədir. 2009-2010-cu illərdə baş verən qlobal iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan məhz bu yolla getdiyi üçün iqtisadiyyatı əhəmiyyətli dərəcədə artmışdı. Bu yüksək temp bu gün də davam edir.
- Məlum olduğu kimi regionların sosial-iqtisadi inkişafı sahəsində də mühüm nəticələr əldə edilməkdədir. Bu prosesdə həyata keçirilən proqramların əhəmiyyəti nədən ibarətdir?
- "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayır. Proqramın icrasını və regionların inkişafını daim diqqətdə saxlayan Prezident İlham Əliyev rayon və şəhərlərdə yüzlərlə müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub. Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikildiyini, insanların məşğulluğunun artdığını vurğulayan cənab İlham Əliyev bildirib ki, bu proses davamlı xarakter daşıyır.
Hazırda Azərbaycanda elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir. Ölkəmizdə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqonu və tədris mərkəzi istifadəyə verilib ki, o da külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib.
Bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Proqram çərçivəsində respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilir və təmir olunur, yeni körpülər və tunellər inşa edilir.
Azərbaycanda aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verir. Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istismara verilib. Hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin, süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin müxtəlif regionlarda tikintisi davam etdirilir.
Dövlət Proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər uğurla davam etdirilir. Kür-Araz çayları ətrafında yaşayan əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramı çərçivəsində ümumilikdə 18 rayonun 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, nəticədə 340 min nəfərdən artıq əhali içməli su ilə təmin olunmuşdur.
Prezident İlham Əliyevin iştirakı ilə bu yaxınlarda Hacıqabul rayonunda təməli qoyulan Şirvan-Muğan su kəməri layihəsinin də iqtisadi əhəmiyyəti böyükdür. Bu layihə çərçivəsində 170 kilometr uzunluğunda magistral xəttin inşası nəzərdə tutulur. Yeni kəmər istismara veriləndən sonra Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, Salyan rayonuna 41, Neftçalanın 44, Biləsuvarın 23 və Sabirabadın 13 kəndi su ilə təchiz ediləcək. Hesab edirəm ki, ümumilikdə proqram çərçivəsində bölgələrimizdə sosial-iqtisadi problemlərin mütləq əksəriyyəti öz həllini tapacaq.
- Nəriman müəllim, bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 ili tamam olur. Partiyamızın bu zaman kəsiyində keçdiyi yol haqqında da fikirlərinizi bilmək istərdik...
- Ümummilli liderimiz Heydər Əliyevin vurğuladığı kimi Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Bildiyiniz kimi, YAP-ın yarandığı dövr Azərbaycanın çox ağır dövrlərinə təsadüf edirdi. Məhz belə bir şəraitdə böyük şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP məhz Ulu öndərimiz timsalında müstəqil Azərbaycan xilaskarı olaraq siyasi missiyanı həyata keçirdi. Beləliklə, 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, ölkəmizdə sabitlik bərpa olundu. Bundan sonra isə Azərbaycanın inkişaf və tərəqqi mərhələsi başlandı. Ölkəmizin inkişafına paralel olaraq YAP da inkişaf edərək cəmiyyətdə sosial dayaqlarını daha da möhkəmləndirdi.
2005-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının 3-cü qurultayında Azərbaycan Prezidenti İlham Əliyev partiyanın Sədri seçildi. Cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Bu dönəmdən etibarən Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli – mənəvi dəyərlərimizin qorunması, güclü ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi və bu prosesdə daim YAP ön sıralardadır. YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir.
Onu da vurğulayaq ki, cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından da partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olunur. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş 2-ci qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, 3-cü qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. 4-cü qurultayda isə partiyamızın üzvlərinin sayı 400 min nəfəri ötmüşdü. Bu gün isə YAP üzvlərinin sayı 600 min nəfərə yaxındır. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Gənclərin YAP sıralarına axını partiyamıza yeni ruh, yeni güc verir. İnanıram ki, 20 illik yubileyini qeyd edən partiyamız gələcəkdə də böyük qələbələrə imza atacaq.
yap.org.az