Mais Səfərli: "İcazəsiz aksiyalar keçirən partiyaların və ictimai təşkilatların böyük məbləğdə cərimə olunması yaxşı bir haldır"
Müsahibimiz "Yurddaş" Partiyasının sədri Mais Səfərlidir
- Mais müəllim, Milli Məclisdə siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Bu dəyişiklik əsasən icazəsiz aksiyalar keçirən partiyalar və ictimai təşkilatlar böyük məbləğdə cərimə olunacaqlar. Ümumilikdə, bu qərarı necə dəyərləndirmək olar?
- Dünyanın bir çox demokratik-hüquqi dövlətlərində icazəsiz aksiyalar keçirən partiyalar cəzalandırılır. Ümumiyyətlə, ictimai asayişi, qaydaları pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunduğu kimi siyasi partiyalar da, ictimai qurumlar da və QHT-lərdə, hər hansı qanunsuz hətəkətləri ilə ictimai asayişi pozduğlarına görə cinayətə cəlb olunmalıdır. Ümumiyyətlə, ölkədə hansısa bir qurum tərəfindən pozuculuq fəaliyyəti törədilirsə, təbii ki, qanun qarşısında cavab verməlidir. Bir sözlə, Milli Məclisdə siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər edilməsinin nəzərdə tutulması müsbət haldır. Çünki bu dəyişiklik ictimai asayişi, sabitliyi, demokratiyanı və insanların hüquqlarını qorumaq üçün olan bir dəyişiklikdir. Yəni, icazəsiz aksiyalar keçirən partiyaların və ictimai təşkilatların böyük məbləğdə cərimə olunması yaxşı bir haldır. Bu qanunun qəbul olunmasına ehtiyac var.
- Qanun hələ müzakirəyə çıxarılmamışdan əvvəl müxalifət partiyaları və onların liderləri hay-küy qaldırıb buna etirazlarını bildirirlər. Sizcə, bu cür etiraz və narahatlıqlar nədən irəli gəlir?
- Ölkədə icazəsiz aksiyalar keçirən partiyaların və ictimai təşkilatların böyük məbləğdə cərimə olunmasından hansısa bir şəxsin etiraz etməsindən aslı olmayaraq, ictimai-siyasi sabitlik qanunu aliliyi prinsipi əsasında qorunmalıdır. Demək olar ki, icazəsiz aksiyalar keçirmək istəyən şəxslərin bu qanuna etiraz etməsi başadüşüləndir. Çünki həmin şəxslər icazəli aksiyaların yox, icazəsiz aksiyaların keçilməsini daha çox istəyirlər. Demokratik-hüquqi dövlətin qanunlarına alışmaq lazımdır. Yəni, qanunlar çərçivəsində hər hansı qüvvələr tərəfindən ölkədə xoşagəlməz halların yaranmasının qarşısı alınıb və bundan sonra da alınacaq.
GÜLYANƏ