Prezident Administrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ses TV.az saytına eksklüziv müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Yaxın günlərdə Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulub. Bu görüşdən gözləntiləriniz nədir?
- Bəli, belə bir görüşün keçiriləcəyi barədə artıq ictimaiyyətə məlumat verilib. Mətbuatda da gedib ki, yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün təşkil olunması gündəlikdədir. Şübhəsiz ki, bu görüşdə Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq. Bilirsiniz ki, son vaxtlar bununla bağlı bəzi məsələlər ortaya çıxıb. Ermənistan tərəfi hər zaman olduğu kimi, yenə də bəhanə taparaq danışıqlar prosesini uzatmağa çalışır. Artıq neçənci dəfədir ki, Ermənistan tərəfindən bu hal təkrarlanır. Yəni, Ermənistan tərəfi 1994-cü ildən bəri başlanılan danışıqlar prosesini pozmaqla münaqişənin həllinin uzanmasına çalışıb. Bu məsələ ilə bağlı mən erməni xalqına mesaj göndərmək istəyirəm. Ermənistan rəhbərliyi artıq tam dərk etməlidir ki, dünya dəyişib və Cənubi Qafqaz da dəyişikliyə daha çox məruz qalan regiondur. Ermənistan tərəfi nəzərə almalıdır ki, dünya indiki kimi qalmayacaq və Ermənistan indiki kimi kiminsə qoltuğu altında gizlənə bilməyəcək. Hətta onlar bunu istəsələr belə bu mümkün olmayacaq. Artıq dünya dəyişir və bu dəyişikliyi hər kəs görür. 20-30 il insan həyatı üçün çox sayıla bilər, amma dövlət və cəmiyyət üçün bu belə deyil. Hələ 1997-ci ildə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan etmişdi, elə vaxt gələr ki, Ermənistan tərəfi bu münaqişənin istənilən şərtlə tez həlli üçün Azərbaycana diz çöküb yalvarar.
Ermənistan tərəfi indi də status-kvonu saxlamağa çalışır. Bununla bağlı hətta ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərləri də bir neçə bəyanat veriblər. Onların bəyanatlarında indiki status-kvonun saxlanılmasının mümkünsüzlüyü qeyd olunur. Lakin, bununla belə Ermənistan tərəfi hər hansı konkret addımlar atmaq istəmir. Bu məsələ ilə bağlı şəxsən mənim gəldiyim nəticə budur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bəzən məşğul olan beynəlxalq və regional təşkilatlar beynəlxalq hüquqla bağlı məsələdən yan keçməyə çalışırlar. Beynəlxalq hüquq dövlətlərarası münasibətləri sülh və danışıqlar yolu ilə ədalətli tənzimləyən mexanizmdir, sənədlər, sazişlər, müqavilələr toplusudur. Bu mexanizmi isə ABŞ, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Çin, Yaponiya və digər iri dövlətlər formalaşdırıb. Bu baxımdan da indi beynəlxalq hüquq həmin dövlətlər üçün silah olmalıdır və Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır. Biz danışıqlar prosesini izləyirik. BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumlarının, dünya dövlətləri rəhbərlərinin mütləq əksəriyyətinin bəyanatları mövcuddur və həmin bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunur. Bütün bunları nəzərə alıb konkret mövqe bildirmək lazımdır. Artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayır, bir milyona yaxın dinc insanlarımız qaçqın və məcburi köçkün halına düşüb və Azərbaycanın tarixi əraziləri yerlə yeksan edilib. Beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk Qrupu bütün bunları nəzərə almalıdır və özlərinin formalaşdırdığı beynəlxalq hüququ ortaya qoyub bu məsələyə ciddi münasibət bildirməlidirlər. Yoxsa, onların söylədiyi "gedin özünüz həll edin, biz sizi dəstəkləyərik" prinsipi ciddi nəticə qazana bilməz və bu prinsip beynəlxalq hüquqda da mövcud deyil. Əlbəttə ki, özümüz bu məsələni həll edə bilsəydik, o zaman siz nəyə lazım olurdunuz? Hesab edirəm ki, bu kimi məsələlər bundan sonrakı proseslərdə nəzərə alınmalıdır. Çünki, Dağlıq Qarabağ münaqişəsi uzun müddət bu cür davam edə bilməz. Cənubi Qafqazda sülh və təhlükəsizlik, inteqrasiya prosesi bu münaqişə həll ediləndən sonra təmin olunacaq. Bunun üçün isə beynəlxalq birliyin, o cümlədən həmsədrlərin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Qərblə Şərq, Şimal ilə Cənub, xristian və İslam dünyaları arasında bir körpüdür. Eyni zamanda Azərbaycan dövlətlərarası münasibətlərdə geosiyasi və geoiqtisadi körpü rolunu da oynaya bilər. Bu çox mühüm anlayışdır. Gərək ki, böyük dövlətlər geosiyasi iddialarının girovuna çevrilməsinlər. Nə qədər onlar dünyada gedən münaqişələrin və problemlərin ədalətli həllinə çalışsalar, bu onların özləri üçün də böyük uğurlar gətirəcək.
- Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həllinə nə qədər ümüd var?
- Hansı vəziyyətdə olursa olsun, bu münaqişə mütləq həll edilməlidir. Bu münaqişənin həlli Azərbaycan Prezidentinin qarşısına qoyduğu ən vacib məsələlərdən biridir və öz fəaliyyətinin böyük hissəsini məhz bu münaqişənin həll olunması prosesinə sərf edir. Prezident İlham Əliyev bütün səfərlərdə, görüşlərdə və toplantılarda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə diqqət yetirir. Xüsusilə də bütün beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev münaqişənin həlli məsələninin vacibliyini daim gündəmə gətirir. Bu münaqişənin 2 həll yolu var. Biri danışıqlar, digəri isə müharibə yoludur.
Azərbaycan isə hələlik sülh yolunu seçib və münaqişənin danışıqlar yolu ilə həllinin tezliklə başa çatmasını istəyir. Biz bu məsələ ilə bağlı bütün beynəlxalq təşkilatları və dövlətləri Azərbaycanı dəstəkləməyə çağırırıq. Əlbəttə ki, bu münaqişə mütləq həllini tapacaq.
- ATƏT-in baş katibi Lamberto Zannier ötən gün səfərdə olduğu Rusiyada Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və təmas xəttində baş verən ölüm halları ilə bağlı narahatlığını dilə gətirib...
- Əlbəttə, belə bir münaqişənin hələ də həll olunmamış qalması narahatlığın bir göstəricisidir. Əslində, bu münaqişənin belə bir geosiyasi regionda mövcud olması çox böyük təhlükə mənbəyi hesab olunur. Etiraf etmək lazımdır ki, indi dünyanın böyük dövlətlərinin Cənubi Qafqaza diqqət və maraqları var. Amma belə olan halda onlar bu regionda olan münaqişələrin ədalətli həllinə daha çox çalışmalıdırlar. Mən şəxsən belə düşünürəm ki, onlar bu regionda mövcud olan münaqişələrlə bağlı konkret mövqe ortaya qoymurlar. Məhz buna görədir ki, Ermənistan kimi kiçik dövlət kimlərinsə himayəsinə arxalanaraq Dağlıq Qarabağ münaqişəsini davam etdirir. Amma bu düzgün deyil. Çünki, Dağlıq Qarabağ münaqişəsi daha da kəslinləşərsə və yeni müharibə başlayarsa, o zaman bunun hansı nəticələrə gətirib çıxaracağına heç kəs zəmanət verə bilməz. Bu çox təhlükəlidir. Digər tərəfdən isə necə olur bilir ki, bəzi ölkələrlə bağlı tədbir görmək istədikdə 1 saat içərisində həmin beynəlxalq təşkilatlar konkret addımlar ata bilir, amma neçə illərdir ki, işğalçı Ermənistana qarşı hər hansı ciddi addımlar ata bilmir? Mən bu cür fərqli yanaşmaları normal hesab etmirəm. Bu cür hallar düzgün deyil.
- Ermənistan prezidenti növbəti dəfə Azərbaycanın işğal altında qalan Dağlıq Qarabağ bölgəsində olub. Sarkisyan Dağlıq Qarabağda keçirilən qanunsuz hərbi təlimləri də müşahidə edib və cəffəng bəyanatlar verib...
- Əslində indiki Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsini yaratmaqla hakimiyyətə gəlib və indi də öz hakimiyyətini saxlamaq üçün bu münaqişəni davam etdirir. İndiki Ermənistan hakimiyyətində olan şəxslər ötən 20 ildən bəri erməni xalqını məhv edərək inkişafdan geri qoyub. Ermənistanı "kukla dövlət"ə çevirən Serj Sarkisyan və onun ətrafındakı şəxslər erməni xalqını da böhran içərisində saxlayırlar. Bu şəxslər yaxşı bilirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll edilərsə, o zaman bunlar hakimiyyətlərini itirəcəklər. Ermənistanın indiki rəhbərliyi cəffəng bəyanatlar verməklə hakimiyyət ömrünü uzatmaq istəyir. Eyni zamanda bu cür bəyanatlar verməklə ölkədaxili gərginliyi aradan qaldırmağa çalışır. Ona görə də bu kimi məsələlərlə basğlı çox danışmağa ehtiyac yoxdur.
- Ermənilər işğal etdikləri Azərbaycan ərazisində hava limanını istifadəyə vermək və buradan uçuşlar həyata keçirmək istəyir. Bu məsələ ilə bağlı siz nə deyə bilərsiz?
- Çox təəssüflər olsun ki, hazırda dünyadan gedən dövlətlərarası münasibətləri tənzimləyən böyük dövlətlər və onların himayəsi altında olan təşkilatlar özlərinin yaratdıqları beynəlxalq hüququ bəzən unudurlar. Bütün bunlar düzgün deyil və bunu etmək olmaz. Onlar başa düşməlidirlər ki, dünyada mövcud olan unversal dəyərlər arasında ən vacibi ədalət prinsipidir. Buna hər zaman əməl etmək lazımdır. İndi dünyada mövcud olan beynəlxalq münasibətləri və hüququ nəzarətdə saxlayan dövlətlər maksimum ədalətli olmalıdırlar ki, onlara inam itməsin. Əgər belə olmasa, o zaman həmin dövlətlərə və təşkilatlara da inam azalacaq. İşğal olunmuş Azərbaycan ərazisində hava limanının açılması istəyi də beynəlxalq hüququn pozulması deməkdir. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı artıq rəsmi mövqeyi də mövcuddur. Buna görə də narahat olmağa dəyməz. Çünki, həmin ərazi Azərbaycanındır və onu kimin tikməsindən asılı olmayaraq həmin hava limanı da Azərbaycan dövlətinə qalacaq.
Ermənistan tərəfi Ramil Səfərov deyil, başqa məsələ də olsaydı, onu bəhanə gətirəcəkdi. Düşünürəm ki, artıq Ramil Səfərovun azad olunması məsələsini bağlamaq lazlımdır. Azərbaycan tərəfi bu məsələ barədə artıq danışmalı deyil. Qoy Ermənistan tərəfi nə qədər danışır danışsın.
Ötən gün Moskvada Azərbaycanın bir qrup diaspora təşkilatları ilə Rusiyada fəaliyyət göstərən erməni təşkilatlarının nümayəndələri arasında görüş olub. Bu kimi görüşlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini necə görürsüz?
- Bu görüş olub, amma bunun təşəbbüskarları və məqsədi mənə hələlik məlum deyil. Əgər doğrudan da münaqişənin həlli ilə bağlı ciddi addımların atılması nəzərdə tutulursa, o zaman müzakirələrin məqsədi və bəzi detalları gündəliyə çıxarıla bilər. Bilirsiz ki, Azərbaycan və Ermənistan ziyalıları arasında bir neçə görüş olub. Hətta Azərbaycan ziyalıları İrəvana, onlar isə Bakıya səfər ediblər. Bundan sonra isə Azərbaycan tərəfi qarşılıqlı etimadın gücləndirilməsi prosesinə razılıq verib, lakin Ermənistan tərəfi buna razılıq verməyib. Bu baxımdan da qəfil bu cür görüşün keçirilməsinin əsl məqsədinin nə olması hələlik mənə aydın deyil. Ona görə də mən bu məsələ ilə bağlı əlavə fikir bildirə bilmirəm.
- Hazırda Azərbaycan hökuməti ilə bp şirkəti arasında münasibətlər necədir?
- Hazırda Azərbaycan hökuməti ilə bp şirkəti arasında münasibətlər normaldır və əməkdaşlıq davam etdirilir. Amma bilirsiniz ki, bp ilə bağlı Azərbaycan Prezidentinin mövqeyi tam haqlı və hüquq çərçivəsində olan mövqe idi. Əgər Azərbaycan hökuməti ilə bp arasında imzalanan sənəddə söz verilir ki, hansı illərdə hansı addımlar atılacaq, o zaman Azərbaycan kimi bp də verdiyi vədə sahib çıxmalıdır. Azərbaycan dövləti bütün sənədlərdə və müqavilələrdə hər zaman etibarlı tərəfdaşlığını qoruyub saxlayıb. Burada isə bp ilə bağlı bəzi problemlər var idi. İndi belə çıxır ki, ya bp işi yerinə yetirməyib, ya da işə məsuliyətsiz yanaşıb. Bununla belə hazırda Azərbaycan Dövlət Neft Şirkəti ilə bp rəhbərləri arasında müvafiq danışıqlar aparılır və düşünürəm ki, bu məsələ öz yoluna qoyulacaq.
- Bəs İran ilə Azərbaycan arasında münasibətlər necədir?
- Hazırda Azərbaycan və İran arasında münasibətlər normaldır. Biz iki dövlət arasında mövcud olan münasibətlərə mehriban qonşuluq, dostluq, qarşılıqlı və faydalı əməkdaşlıq prinsipləri ilə baxırıq. Bu münasibətləri Azərbaycanın görkəmli siyasət xadimi, ulu öndər Heydər Əliyev formalaşdırıb. Bəzən iki ölkə arasında müəyyən narazılıqlar olsa da, ümumi münasibətlərə təsir göstərməyib. Çünki, hətta qardaşla qardaş arasında da bəzən hər hansı anlaşılmazlıqlar olur. Bu baxımdan da biz İranla münasibətlərin normal olmasında maraqlıyıq.
Həsən Həsənov