Elşad Mirbəşiroğlu: "Ermənistan prezidentinə qarşı ciddi təzyiq rıçaqları işə salınmalıdır"
Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur
- Elşad müəllim, Ermənistan prezidentinin verdiyi son bəyanatları, qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına əngəllər yaratmır ki?
- Təbii ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə Dağlıq Qarabağ münaqişəsinin uzanmasına gətirib çıxarır. Yəni, hər zaman işğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının qarşısını almağa çalışıb və bu gün də eyni mövqedən çıxış edir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı tərəf deyil. Bir sözlə, bu gün işğalçı ölkəyə status-kvo vəziyyətinin qalması sərf edir. Əgər Ermənistana qarşı hər hansı ciddi sanksiyalar tətbiq edilməzsə, işğalçı ölkə könüllü şəkildə Dağlıq Qarabağ münaqişənin həll olunmasında razılığa gələn deyil. Ona görə də, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır. Amma hələ ki, bu sanksiyalar işğalçı ölkəyə tətbiq edilmir.
- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri gözlənilir və onlar yenidən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəyirlər?
- Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə yenidən Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gələrək görüşlərinin keçirilməsinə ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda beynəlxalq hüquq normalarına uyğun bir şəkildə həll olunmasını istəyir. Bu baxımdan, Azərbaycan tərəfindən belə görüşlərin keçirilməsi müsbət qarşılanır. Ermənistan prezidenti münaqişə ətrafında keçirilən belə görüşlərdə iştirak etsə belə, amma son nəticədə, qeyri-konstruktiv mövqe sərgiləyərək, heç bir razılığa gəlmir. Bu baxımdan, Ermənistana real təzyiqlərin olmadığı bir şəraitdə, belə görüşlərin keçirilməsi o qədər də səmərəli görünmür. Yəni, prezidentlər səviyyəsində görüşlərin təşkilinə kimi, Ermənistan prezidentinə qarşı ciddi təzyiq rıçaqları işə salınmalıdır. Yəni, münaqişənin tənzimlənməsi ilə bağlı Ermənistan tərəfi müəyyən real addımlar atmağa məcbur edilməlidir.
GÜLYANƏ