PDF Oxu

Müsahibə

  • 2 063

Azərbaycanın geosiyasəti

Azərbaycanın geosiyasəti

Fransada nəşr olunan "Diplomatiyanın böyük məsələləri" jurnalının yenicə işıq üzü görən və Qafqazın geosiyasətinə həsr olunmuş 11-ci nömrəsində Azərbaycanla bağlı məqalələr dərc edilmişdir. Jurnalda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Azərbaycanın geosiyasətinə həsr edilmiş müsahibəsi də yer almışdır. Həmin müsahibənin Azərbaycan dilinə tərcüməsini təqdim edirik.

Sual: 7 sentyabr 2012-ci il tarixində NATO-nun Baş katibi Anders F.Rasmussen Azərbaycan ilə təhlükəsizlik sahəsində sıx əməkdaşlıqdan bəhs edirdi. Bu әmәkdaşlıq gələcəkdə hansı şəkildə özünü bürüzә verə bilər?

Cavab: Azərbaycan beynəlxalq təhlükəsizliyə xüsusi əhəmiyyət verir. Qərb və Avropa ölkələri terror hücumuna məruz qalanda və beynəlxalq ictimaiyyəti əlbir şəkildə terrorizmə qarşı mübarizəyə səsləyəndə, terrorizmi qlobal təhdid kimi qəbul edən Azərbaycan hökuməti birmənalı şəkildə yardıma qalxdı. Azərbaycan Qərb ölkələri ilə birlikdə Kosovoda, Əfqanıstanda, İraqda əməliyyatlarda iştirak etdi. Bu gün Azərbaycan Əfqanıstan istiqamətində həyata keçirilən hərbi tranzit sahəsində mühüm rol oynayır. Təhlükəsizlik sahəsində əməkdaşlıq bundan sonra da inkişaf edəcək.

Sual: Moskva və Bakı arasında Xəzər dənizində sərhəd sazişi imzalansa da, daxili dənizin hüquqi statusu hələ də regional səviyyədə müzakirə olunur. Bu, Azərbaycan üçün hansı problemlər yarada bilər?

Cavab: Xəzər dənizinin beynəlxalq-hüquqi statusunun müəyyən edilməsi mühüm məsələdir. Azərbaycan Respublikasının Xəzər dənizinin bölüşdürülməsi ilə bağlı mövqeyi beynəlxalq təcrübədə tanınan sektoral bölgü prinsipinə əsaslanır. İki dövlətin (SSRİ və İran) yurisdiksiyası dövründə, Xəzər dənizi və onun mineral ehtiyatları ümumi istifadə predmeti olmamışdır. Xəzər dənizinin hüquqi statusunun ayrılmaz hissəsi olan uzunmüddətli istifadə praktikası göstərir ki, Xəzər dənizində ehtiyatların işlənilməsində de-fakto sektoral bölgü prinsipi üstünlük təşkil etmişdir.

1921-ci il Rusiya-İran və 1940-cı il Sovet-İran müqavilələri Xəzər dənizində istismar və mineral ehtiyatların kəşfiyyatı məsələlərini həll etmir. Zamanın reallıqlara cavab vermədiyi üçün, həmin müqavilələr mənasını itirir. Xəzər dənizinin yeni statusunun hazırlanması vacibdir. Azərbaycan dənizin dibinin baza hissəsindən etibarən bərabər məsafəli orta xətt prinsipi üzrə bölünməsinin tərəfdarıdır.Bundan əlavə, Sovet dövründə Xəzər dənizi sahilyanı ölkələr arasında bölünmüşdür. SSRİ Daxili İşlər Xalq Komissarlığının 1934-ci il tarixli sərəncamına əsasən, SSRİ Sərhəd Xidməti Xəzər dənizinin Astara-Həsənqulu xəttinin şimalında yerləşən Sovet sektorunun qorunması üçün məsuliyyət daşıyırdı və İran gəmiləri SSRİ-nin icazəsi olmadan bu xətdən şimala keçmək hüququna malik deyildi. Beləliklə, SSRİ İranın etirazı olmadan, İran ilə məsləhətləşmə aparmadan və İranın iştirakı olmadan, Xəzər dənizinin Astara-Həsənqulu xəttinin şimalında yerləşən neft ehtiyatlarını istismar etməyə başladı.15 sentyabr 1962-ci il tarixində Tehranda İran xarici işlər naziri Abbas Aram və SSRİ-nin İrandakı səfiri Nokolay Peqov arasında məxfi bir memorandum imzalanıb. Memorandumu təşkil edən qeydlərdən biri Astaradan başlayıb Xəzər dənizindən keçərək HəsənKiyadehyə qədər uzanan "Astara-Həsənqulu" və ya "Aram-Peqov" xəttini nəzərdə tuturdu. Bu xətt SSRİ ilə İran arasında Xəzər dənizində sərhəd hesab olunurdu.1970-ci ildə SSRİ Neft Sənayesi Nazirliyi Xəzər dənizinin Sovet hissəsini Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxıstan arasında orta xətt əsasında böldü.Xəzər dənizinin sahilyanı dövlətlərin suverenliyi və ya yurisdiksiyası altında bölünməsi məsələsi 1991-ci ildə SSRİ-nin dağılması ilə gündəmə gəldi. Çünki bu zaman Xəzər dənizinin sahilində SSRİ və İran kimi iki ölkə deyil, 5 ölkə vardı ki, onlardan dördü – Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan SSRİ-nin dağılması nəticəsində yarandı.Bu gün Azərbaycan, Rusiya və Qazaxıstan öz dəniz sularını bölmək üçün ikitərəfli saziş imzalayıb. Biz ümid edirik ki, digər sahilyanı ölkələr də tezliklə bizə qoşulacaq, çünki biz Xəzər regionunu münaqişə zonasına deyil, əməkdaşlıq regionuna çevirmək istəyirik.

Sual: 2009-cu ilin sonuna Sürixdə Türkiyə və Ermənistan arasında arasında diplomatik və iqtisadi əlaqələrin normallaşdırılması üçün iki protokol imzalanıb. Onlar, əlbəttə, Yerevan tərəfindən ratifikasiya edilməyib, lakin bu, Ermənistanın təcriddən çıxma istəyini nümayiş etdirir.

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasının Azərbaycan üçün nəticələri ola bilər?

Cavab: 1988-ci ildən Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20%-ni işğal etmişdir. Bu ərazilər hətta BMT Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsindən sonra, hələ də Ermənistanın işğalı altındadır. 1993-cü ildə beynəlxalq hüquqa hörmət əlaməti olaraq, Türkiyə hökuməti Ermənistanla sərhədləri bağlayaraq işğala etiraz edib. O vaxtdan bəri, Türkiyə öz mövqeyini dəyişməmişdir. Əslində, burada qeyri-adi bir şey yoxdur, çünki sanksiyalar müxtəlif səbəblərə görə beynəlxalq münasibətlərdə tez-tez ABŞ və Avropa İttifaqı tərəfindən arzu edilən metod kimi tətbiq edilir. Bu, məqsədlərə nail olmaq üçün səmərəli sülh yolu hesab olunur. Ermənistan təcavüzkar dövlətdir. O Azərbaycanın işğal olunmuş ərazilərini azad etmədiyi müddətcə, Türkiyənin bu ölkə ilə diplomatik və iqtisadi əlaqələr qurmaması təbii və məntiqlidir. Azərbaycan da öz tərəfindən, Türkiyənin bu mövqeyini müdafiə edir.

Təəccüblü olan odur ki, Sürixdә ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri protokolların imzalanması məqsədilə Türkiyəyə təzyiq göstərmək məqsədilə toplaşdılar. Protokollar imzalandıqdan sonra həmin dövlətlər onların ratifikasiyası üçün Türkiyəyə təzyiq göstərmək istədilər. Lakin bu dövlətlər Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, o cümlədən BMT-nin Baş Məclisi, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamentinin qərar və qətnamələrinə əməl etməsi üçün iyirmi ildən bəri əhəmiyyətli bir şey etmirlər. Bu da Azərbaycan ictimaiyyətində məyusluq və həmsədr dövlətlərin bitərəfliyinə qarşı etimadsızlıq yaradır.Əgər Ermənistan öz növbəsində tәcavüzkar və ekspansionist siyasәtinә son verərək işğal etdiyi əraziləri geri qaytararsa, məcburi köçkünlərin geri qayıtmasına izin verərsə, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkərsə, erməni "soyqırımının" tanınması siyasətini dayandırarsa, o təqdirdə, Azərbaycan və Türkiyə bu ölkə ilə sərhədlərini açacaq. Düşünürəm ki, bu da Ermənistanın inkişafına töhfə verəcək, eləcə də regiona sülh və sabitlik gətirəcək.

Sual: Dağlıq Qarabağ məsələsinə gəlincə, 2010-cu ildə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan rəhbərlərinə "Madrid prinsipləri"nin yenilənmiş variantını təqdim etdilər. Madriddə təyin edilmiş 14 prinsipdən hansılar daha çox problem yaradır?

Cavab: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən böyük problemidir. Münaqişə Azərbaycan ərazisinin 20 faizinin, Dağlıq Qarabağ və ətrafdakı yeddi rayonun işğalı ilə nəticələnib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdə qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, məzarlıqlar təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir.

Münaqişənin həllinə gəlincə, Azərbaycan hər zaman münaqişənin danışıqlar yolu ilə həll edilməsi prinsipinə üstünlük vermişdir və indi də həmin mövqeyində qalır. Minsk qrupu çərçivəsində aparılan bütün danışıqlarda dövlətimiz problemin dinc yolla həllinə sadiqliyini nümayiş etdirmişdir. Azərbaycan rəhbərliyi münaqişənin nizama salınması ilə bağlı Helsinki Yekun Aktının prinsiplərini qəbul edir. O cümlədən, güc tətbiq etməmək prinsipinə hörmətlə yanaşır.Bakı atəşkəs rejimini pozmayıb və bundan sonra da pozmaq fikrində deyil. Ermənistan silahlı qüvvələri isə tez-tez atəşkəsi pozur və günahsız insanları qətlə yetirir. Biz Madrid prinsiplərinə hörmətlə yanaşırıq. Ermənistanın ərazi bütövlüyünü təhdid edən addım atmırıq.Xalqların öz müqəddəratını təyinetmə hüququnu tanıyırıq. Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycanda beynəlxalq hüququn imkan verdiyi ən yüksək statusu təklif edirik.Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin L'Akuila, Dovil, Muskoka və Los-Kabos bəyanatlarında ifadə olunan tələblərin yerinə yetirilməsi üçün Prezident İlham Əliyev konkret mövqe nümayiş etdirir. Yalnız Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi prosesi dalana dirəmişdir.Təəssüf ki, həmsədr dövlətlər münaqişə tərəfləri arasında fərq qoymur, onlara qarşı bərabər rəftar edir. Halbuki, Ermənistan 20 ildir ki, Azərbaycanın ərazisini işğal edib. Yəni Ermənistan işğalçı dövlətdir. Bəyanatlarda gərək bu məqam aydın qeyd edilsin. İşğalçının adı çəkilsin. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb, öz vətənində qaçqın statusundadır. Amma həmsədr dövlətlərin başçılarının verdikləri bəyanatlarda bunlar haqqında konkret mövqe bildirilmir.Ümumi müraciətlə Ermənistanı ədalətli mövqeyə gətirməyin mümkün olmayacağını düşünürəm. Təcrübə də bunu təsdiq edir. Məsələn, həmsədr dövlət başçılarının 2009-cu il L'Akuila bəyanatında Dağlıq Qarabağ ətrafında yerləşən rayonlardan erməni silahlı qüvvələrinin çəkilməsi tələbi var. İndiyə qədər Ermənistan həmin tələbi yerinə yetirməmişdir. Ermənistanın bu tələbi yerinə yetirmədiyinə görə, həmsədr dövlətlər ona hansı xəbərdarlıqları etmişlər? Xatırlamırıq. Başqa bir nümunə göstərə bilərəm.Hərbi qüvvələrin təmas xətti Azərbaycan ərazisindədir. Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Ağdərə və s. Bunlar cəbhə bölgələridir. Deməli, Ermənistan silahlı qüvvələri bizim öz ərazimizdə əsgərlərimizə və dinc əhaliyə qarşı atəş açır. Ölən və yaralananlar olur. Yəni faktiki olaraq müharibə yalnız Azərbaycan ərazisində gedir. Beynəlxalq aləm də həmin ərazilərin Azərbaycana məxsus olduğunu rəsmən tanıyıb. Amma münaqişənin həlli ilə bağlı verilən bəyanatlarda, qəbul edilən sənəd və qətnamələrdə bunu necə nəzərə almamaq olar? Nəzərə almamağın nəticəsi göz qabağındadır – Ermənistan başqasının ərazisini işğalda saxlamaqda və dünya ictimaiyyətini böhtan və dezinformasiya dolu təbliğat kampaniyası aparmaqla çaşdırmaqda davam edir.Bəzən münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrindən olduqca absurd fikirlər eşidilir. Bəzən belə bəyanatlar səslənir ki, "münaqişə qarşılıqlı kompromis əsasında həll olunmalıdır". Ərazisinin 20%-i işğal olunmuş, əhalisinin 15%-i qaçqın və məcburi köçkün vəziyyətində yaşayan bir münaqişə tərəfindən daha hansı kompromis gözlənilir? Torpaqların qalan hissəsini də Ermənistana verməsinimi? Artıq 20 ilə yaxındır ki, Azərbaycan atəşkəs vəziyyətində yaşayır. Ermənistan tərəfindən atəşkəsin demək olar ki, hər gün pozulmasına rəğmən, Azərbaycanın öz öhdəliyinə əməl etməsi və haqlı olduğu halda müharibəni başlamaması təcavüzkara qarşı ən böyük kompromis deyilmi?Qarabağ münaqişəsinin həlli üçün bəzi qurumlar referendum tələb edir. Səbəb də onu göstərirlər ki, oradakı ermənilər azərbaycanlılarla birlikdə yaşamaq istəmirlər. Avropanın özündə istənilən qədər o ölkənin əhalisi ilə birlikdə yaşamaq istəməyən və öz aralarında kompakt yaşayan fərqli dini və etnik qruplar göstərmək olar. Nədən onlar üçün referendum təşkil edilmir? Hər etnik və dini azlığa müstəqillik vermək olmaz, əks təqdirdə dünya idarə edilməz hala gələr və bunun çıxış yolu yoxdur.Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi açıq və qətidir. İşğal edilmiş ərazilər qeyd-şərtsiz boşaldılmalıdır və məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Yalnız bundan sonra Azərbaycan, ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa beynəlxalq praktikada mövcud olan ən yüksək muxtariyyət statusunu verə bilər. Bunun xaricində heç bir həll variantı mümkün deyil.

Sual: Azərbaycanın hərbi xərcləri 2010-cu ildə 1,5 milyard dollardan 2011-ci ildə 2,7 milyard dollara yüksəlmişdir. Bu gün Bakı və Yerevan arasında əlaqələrin gərgin olduğu bir dönəmdə bunu necə başa düşmək olar?

Cavab: Azərbaycan əraziləri işğal olunmuş bir dövlətdir. Bu nöqteyi-nəzərdən, onun hərbi xərclərinin artması normal qəbul edilməlidir. Bu, məsələnin bir tərəfidir. Eyni zamanda, əgər siz hərbi xərcləri ÜDM-ə nisbətən hesablasanız, görərsiniz ki, Ermənistan Azərbaycandan daha çox xərcləyir. Azərbaycanın büdcəsi çox olduğu üçün, xərcləri də çoxdur: bu, hərbi sahə üçün də belədir, humanitar, mədəni, sosial sahələr üçün də. Biz bunda məntiqsiz və ya təhdidedici heç bir şey görmürük.

Sual: 2004-cü ildə NATO-nun Budapeştdəki təlimləri zamanı Ermənistan ordusunun zabitini balta ilə 16 yerə bölərək öldürdüyü üçün 2006-cı ildə Macarıstanda ömürlük həbs cəzasına məhkum edilən Azərbaycan ordusunun leytenantı Ramil Səfərov 2012-ci ilin avqust ayının sonunda cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycana təhvil verildi. O burada Prezident İlham Əliyev tərəfindən əfv edildi, ona mənzil hədiyyə olundu, rütbəsi artırıldı və 8 illik maaşı ona verildi. Avropada, xüsusilə də ABŞ-da tənqidlərə məruz qalan bu qərar Azərbaycanı beynəlxalq aləmdə təcrid edə və Avropa İttifaqı və ABŞ ilə yaxınlaşmanı girova çevirə bilərmi?

Cavab: Əvvəlcə hadisənin meydana gəlmə səbəblərinə nəzər salaq. Ramil Səfərov əraziləri işğal olunmuş bir ölkənin vətəndaşı və zabitidir – zabitin isə əsas vəzifəsi torpaqları qorumaqdır. Ermənilər uşaq vaxtı onun gözləri qarşısında 2 ən yaxın qohumunu öldürüblər, sonra isə digər yaxınlarını qətlə yetiriblər. Ramil Səfərov yeniyetmə ikən qaçqın düşüb, evini, ocağını, ata yurdunu, hər nəyi vardı tərk etməli olub. Bunları yaxşı bilən ermənilər Macarıstanda NATO çərçivəsində keçirilən təlimlər zamanı onu özündən çıxarıb affekt vəziyyətinə gətirmək üçün hər şeyi etmişdi. Sanki bu vaxta qədər ermənilərin etdikləri azmış, üstəlik o, Ramil Səfərovun üzünə xalqını, torpağını, bayrağını təhqir etməkdən belə çəkinməmişdir, ona qarşı psixoloji təxribat metodundan istifadə etmişdir. Hadisə bu şəkildə törədilmişdir.

Azərbaycan silahlı qüvvələrinin zabiti Ramil Səfərov "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Strasburq Konvensiyasına uyğun olaraq Azərbaycan tərəfinə təhvil verilmişdir. Bu konvensiyaya əsasən tərəflərin birinin ərazisində məhkum olunmuş şəxs konvensiyanın müddəalarına uyğun olaraq digər dövlətə verilə bilər. Azərbaycanda isə o, ölkə Konstitusiyasına uyğun olaraq, Dövlət başçısı tərəfindən əfv edilmişdir.Ramil Səfərovu Azərbaycana tәhvil verərək, Macarıstan hökuməti əməkdaşlıq addımı, ədalətli, humanist addım atmışdır və bu addım mövcud beynəlxalq hüquq normalarına uyğundur. Macarıstan hökuməti bu addımı məhz Avropa dəyərlərini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq atmışdır. Azərbaycan Prezidenti də məhz Avropa dəyərləri əsasında, ədalət və humanizm prinsiplərinə sadiq qalaraq bu addımı atmışdır.Ramil Səfərov terrorist deyil, ziyalıdır. Həbsdə olan zaman o özünün nümunəvi davranışı ilə seçildi. Breyvik kimi Hitler ideologiyasına əsaslanaraq 2000 səhifəlik manifest yazan Breyvikdən fərqli olaraq, Ramil Səfərov həbsdə ikən bir neçə kitab yazdı, macar dilini və ədəbiyyatını öyrəndi, bir neçə kitabı ana dilinə tərcümə etdi. İki ölkənin əlaqələrinin inkişafına töhfə verdi. Breyvik 77 adam öldürdü, ona 21 il həbs cəzası verildi. Qətlə yetirilənlərin hər biri üçün cəmi 3 ay həbs cəzası verildi. Amma Breyviklə bağlı heç bir ölkədən narazılıq bəyanatı gəlmədi, halbuki bu ölkələr Ramil Səfərovun əfv edilməsini çox tənqid etdilər.Tarixə nəzər salanda aydın şəkildə görmək olar ki, nə Macarıstan məhkum olunmuş şəxsi tәhvil verən, nə də Azərbaycan onu əfv edən ilk dövlətdir. Üstəlik, Qərb ölkələri bir sıra erməni terroristlərini əfv etmişdir. Misal üçün, 1921-ci ildə Almaniyada Tələt Paşanı qətlə yetirən erməni terrorçu qatil Sogomon Tehleryanı; 1921-ci ildə İstanbulda Azərbaycan Demokratik Respublikasının sabiq daxili işlər naziri Cavanşır Xanı qətl edən erməni terrorçusu Misak Torlakyanı; 1973-cü ildə Los-Ancelesdə Türkiyə Baş konsulu Mehmet Baydarı və onun köməkçisi Bahadır Demiri qətl edərək ömürlük həbs cəzasına məhkum edilən erməni terrorist Mkırtıç Yanikyanı; Parisdəki türk konsulluğuna hücum edərək konsulu ağır yaralayan və mühafizəçisini qətl edən terrorist Melkonyanı və nəhayət, 1983-cü ildə Orli aeroportunda törətdiyi partlayışla 8 nəfəri öldürən və 60 nəfəri yaralayan və bu səbəblə ömürlük həbs olunan erməni terrorist Varujan Karapetyanı.Maraqlıdır ki, Qərb ölkələrinin bəyanatlarının mahiyyəti isə eyni idi: Ramil Səfərovun əfv edilməsi sülh üçün təhdid təşkil edir. Təəccüblüdür, Ermənistanın 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 9 milyonluq Azərbaycan əhalisinin 1 milyonunun qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, işğal edilmiş Azərbaycan ərazilərinin yerlə bir edilməsi, Dağlıq Qarabağda seçkilərin keçirilməsi sülh üçün təhdid təşkil etmir, Ermənistan prezidentinin gənclərə "Qarabağı biz aldıq, Ağrını da siz alın" şəklində məsləhət verməsi sülh üçün təhdid təşkil etmir, erməni əsgərinin 9 yaşlı azərbaycanlı uşağı soyuqqanlı şəkildə snayperlə öldürməsi sülh üçün təhdid təşkil etmir, ancaq bir Azərbaycanlının əfv edilməsi sülh üçün təhdid təşkil edir?Əgər Ramil Səfərov bir erməni zabitini öldürübsə, Ermənistanın indiki prezidenti Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan, eləcə də hakimiyyətdə təmsil olunan digər rəhbər şəxslər minlərlə azərbaycanlı mülki şəxsi qətl etmişdir. Xocalı soyqırımının da təşkilatçısı elə onlar özləridir. Qərb isə bu əməllərinə görə Sarkisyanı və komandasını cəzalandırmaq əvəzinə, onları mükafatlandırdı. Seçkilərdən sonra öz xalqını gülləboran edən bir terroristi prezident kimi tanıdı. Bu sülhə təhdid deyildimi?Xocalı şəhərində soyqırımı törədən və 700-ə qədər uşağı, qadını və yaşlını qətlə yetirdiklərini etiraf edən insanlar Qərb dairələri tərəfindən belə bir rəftara məruz qalmadılar.

Newtimes.az

Digər xəbərlər