Vüqar Bayramlı: "Banklarda 4,6 milyard depozit var""
-Vüqar müəllim Azərbaycanda fəaliyyətdə olan banklara vəsaitin qoyuluşu bir o qədər də yüksək deyil. Bu inamsızlıq nə ilə izah oluna bilər?
- Depozitlərin qoyuluşuna nəzər yetirdikdə, görürük ki, ötən illə müqayisədə banklara depozitlərin qoyuluşunda artım müşahidə edilir. Buna baxmayaraq, vəziyyətin ürəkaçan olduğunu, insanların iri məbləğləri banklarda saxladığını söyləmək heç də düzgün deyil. Məsələ yalnız vəsaitlərin banklarda saxlanması ilə bağlı deyil, məslənin digər tərəfidə ondan ibarətdir ki, əhali vəsaitlərin bir qismini evlərdə saxlamağa üstünlük verir. Bütövlükdə, depozitlərlə bağlı rəqəmlərə diqqət yetirsək, hal-hazırda Azərbaycan banklarında 4,6 milyard depozit var. Əslində, bu rəqəmlərə diqqət yetirdikdə artımları müşahidə edirik. Praktiki olaraq əvvəlki ilin uyğun dövrü ilə son bir ili müqayisə etsək depozitlərin məbləği 20% qədər artdığını görmək olar. Çünki əhalinin gəlirləri artıb. Əgər gəlirlər artıbsa depozit qoyuluşunda artımlar müşahidə edilməlidir. Təbii ki, banklara inamın aşağı olmasının müxtəlif səbəbləri var. Bu səbəblərdən biri budur ki, 90- cı illərin əvvələrində kommersiya banklarının müflis olması məhz həmin dövrdən etibarən banklara olan inamın azalmasına gətirib çıxardı. Eyni zamanda, Azərbaycanda bankların sayı çoxdur. Belə ki, Azərbaycanda 45 bank fəaliyyət göstərir. Bankların sayını Qazaxıstanla müqayisə etsək, görərik ki, Qazaxıstanda bankların sayı Azərbaycandakı bankların sayından azdır. Baxmayaraq ki, Qazaxıstan coğrafi baxımdan ərazicə Azərbaycandan böyükdür. Bir sözlə, bankların sayının çox olması inamın azalmasına gətirib çıxarır. Çünki bankların sayı çox olduqca banklardakı aktivlərin sayı azalır. Bankların birləşməsinə, təmərküzləşməsinə ehtiyac var. Eyni zamanda, əhali arasında təbliğatı, maarifləndirmə işlərini gücləndirmək lazımıdır. Bütövlükdə, banklarda yerləşdirilən depozitlərin məbləğinin artmasına baxmayaraq, insanların banklara olan inamının formalaşmasına ehtiyac var.
- Mill Bankın verdiyi qərara əsasən bankların məcmu dəyəri ümumilikdə 50 milyon manatdan az olmamalıdır. Ancaq Azərbaycanda elə banklar var ki, orta göstəricisi 20-30 milyon manatdan yüksək deyil. Onlar özlərini müflis elan edəcəklər, yoxsa Azərbaycanda hər hansı bir bankla birləşməyə meyil göstərəcəklər?
- Mərkəzi Bankın bu qərarından sonra Azərbaycanda bankların sayında azalma müşahidə edildi. Bankların mövcud aktivlərinin qiymətləndirsək, güman olunur ki, bankların sayı 42,8 azalacaq. Təbii ki, ən yaxşı yol bankların sayının azalması və onların birləşdirilməsi yolunun həyata keçirilməsidir. Çünki bankların birləşməsi bank sektoruna olan inamın azalmasına gətirib çıxarmayacaq. Yalnız bankların müflis olması, bank sektoruna olan inamıın azalmasına gətirib çıxaracaq. Bu baxımdan arzu olunan yol Mərkəzi Bankın, yəni beynəlxalq valyuta fondunun irəli sürdüyü, alternativ yol bankların birləşməsidir. Çünki bankların birləşməsi həmin bankların iriləşməsinə, həm də, müflisləşmədən yayınmasına səbəb olacaq. Bankların birləşməsi isə inzibati yolla həyat keçirilə bilməz. Bankların özü bununla bağlı qərar verməlidir. Bankların birləşməsi həyata keçirilərsə, təbii ki, bu həmin banklar üçün müsbət addım olacaqdır.
- Azərbaycanda maliyyə - kredit siyasəti necə tənzimlənir və bu həyata keçirilən siyasət digər ölkələrin bank siyasəti ilə müqayisədə nəyi deməyə əsas verir?
- Ümumilikdə, Azərbaycanın bank siyasətini Mərkəzi Bank həyata keçirir. Mərkəzi Bank hələlik inzibati vasitələrlə bank sistemini tənzimlənməsini həyata keçirir. Mərkəzi Bankın belə addım atmasına səbəb bankların indiki halda təmərküzləşməsinə nail olmaqdır. Lakin Mərkəzi Bank üstqurum olmasına baxmayaraq, bankların fəaliyyətinə müdaxilə etmək hüququna malik deyil. Mərkəzi Bank xüsusi xarakterlidir, eyni zamanda, inzibati qərarlar qəbul edir. Məcəllə siyasətində maaşların müəyyənləşdirilməsi, bu siyasətinin Mərkəzi Bank tərəfindən tənzimlənməsi, maddi dəyərin qorunub saxlanmasına imkan yaradır. Digər ölkələrlə müqayisə etsək, görərik ki, bu ölkələrdə Bank sektorunun tənzimlənməsi daha liberaldır. Xarici ölkələrdə milli valyutanın müəyyənləşməsində, bankların qərar verməsi daha liberal xarakter daşıyır. Azərbaycandakı bankların liberallaşmasına inzibati cəhətdən qərar verməsinə ehtiyac var. Mərkəzi Bankın verdiyi qərar 2014- cü il yanvarın 1-də, qəbul olunacaq, bankların sayı azalacaqdır. Bu zaman məqsədə uyğundur ki, Mərkəzi Bank bu sektorunun liberallaşması ilə bağlı qərar qəbul etsin.
Ruqiyyə Cəfərova