Fazil Mustafa: "Aparıcı dünya dövlətləri Ermənistan vasitəsilə bölgədə öz siyasətlərini həyata keçirirlər"
Müsahibimiz millət vəkili Fazil Mustafadır
- Fazil müəllim, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması üçün səylər göstərir. Digər dövlətlər, xüsusi olaraq, Rusiya bu məsələdə Ermənistana böyük dəstək verir. Bu cür anormal proses nə zamana qədər davam edəcək?
- Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması üçün səylər göstərməsinə daxili ictimaiyyətə yönəldilmiş bir açıqlama kimi baxmalıyıq. Demək olar ki, S.Sarkisyan bütün məsələlərdə qeyri-konstruktiv mövqe tutaraq, öz siyasi kursunu davam etdirmək istəyir. Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanması üçün səylər göstərməsi erməni xalqının taleyi ilə oynamaq deməkdir. Çünki erməni xalqı əvvəl-axır bu siyasətin doğru olmadığını başa düşəcək.
- Status-kvonun aradan qaldırılması üçün Azərbaycan sülh danışıqlarından kənar hər hansı addım atarsa, beynəlxalq təşkilatların buna reaksiyası necə ola bilər?
- Status-kvonun aradan qaldırılması üçün Azərbaycan hər hansı bir sülh danışıqlardan kənar addımlar atarsa, beynəlxalq təşkilatların bu məsələyə reaksiyası mənfi olacaq. Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesində ən çox səy göstərən tərəf olsa belə, yenə də beynəlxalq təşkilatların gözündə güzəştə daha çox getməli olan tərəf kimi tanınır.
- BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə qədər apardığı səylərini necə dəyərləndirmək olar?
- Burada daha çox təbliğatdan söhbət gedir. BMT-nin hər hansı bir sənəd qəbuletmə mexanizmi yoxdur. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması ölkəmizə qarşı yönələ biləcək addımların qarşısının alınması baxımından faydalıdır. Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirir.
- Nəyə görə beynəlxalq təşkilatlar işğalçı ölkə olan Ermənistana qarşı hər hansı ciddi sanksiyalar qəbul etmir?
- Ermənistan dünya güclərinin bölgə siyasətinin əsas aktyorudur. Aparıcı dünya dövlətləri Ermənistan vasitəsi ilə bölgədə öz siyasətlərini həyata keçirirlər. Ona görə də, Ermənistan ABŞ və Rusiyadan əhəmiyyətli dəstək alır. Ümumiyyətlə isə, Ermənistan bu rolunu oynamağa məhkumdur. Azərbaycan bu ssenarini dağıtmaq üçün səfərbər olub, birlikdə Azərbaycanın gələcəyini müəyyən edən addımlar atmalıyıq və erməni planlarının pozulmasına çalışmalıyıq.
GÜLYANƏ AĞAKƏRİMOVA