Müsahibimiz Milli Məclisin deputatı Əsabil Qasımovdur
- Əsabil müəllim, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətə davamlı şəkildə inkişaf edir. Ölkəmizdə bu siyasətin uğurlarını hansı amillərlə izah edərdiniz?
- Bildiyiniz kimi, Azərbaycan son illər sürətlə inkişaf edir və həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Müstəqilliyini 21 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb. İnzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf mərhələsinin məqsədi ilk növbədə xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi zərurəti və onun əsas istiqamətləri həm də dünya iqtisadiyyatının inkişaf meyllərindən qaynaqlanan ciddi sosial-iqtisadi çağırışlarla şərtlənir.
Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Bu reallıq cəmiyyətimiz tərəfindən qəbul edilir. Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur.
Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Son illərdə Azərbaycanın maliyyə və investisiya imkanlarının artması ölkədə müasir texnologiyalar əsasında sənayeləşmə siyasətinin həyata keçirilməsinə imkan yaradıb. Qeyri-neft sektorunun emal sənayesində, o cümlədən metallurgiya, maşın və avadanlıqlar, kimya, tikinti materialları və digər istehsal sahələrində yüksək artım əldə olunub.
- Ölkəmiz müstəqil siyasət yeritməklə beynəlxalq əməkdaşlığa da böyük töhfələr verməkdədir. Bu mənada Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, mühüm tranzit ölkə olması, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatırılması üçün lazımi hüquqi bazanın, etibar və etimadın mövcudluğu digər maraqlı dövlətləri də bu qarşılıqlı-səmərəli əməkdaşlığa cəlb etməkdədir. Bu gün Azərbaycanın həyata keçirdiyi beynəlxalq siyasət şəffafdır, açıqdır, səmimidir və qarşılıqlı maraqlara əsaslanır. Dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa xidmət edir. Buna sübut kimi deyə bilərik ki, Azərbaycanda həyata keçirilən nəhəng beynəlxalq iqtisadi layihələr, yaradılan samballı infrastruktur təkcə bizim ölkənin maraqlarına xidmət etmir. O, həm də bu infrastrukturla bağlı digər dövlətlərin də iqtisadiyyatının dirçəldilməsinə və sabit tərəqqisinə xidmət edir. Bu layihələr sosial-iqtisadi inkişafı təmin etməklə bərabər, həmin region dövlətlərinin də bir-biri ilə siyasi bağlantılarının güclənməsinə və strateji tərəfdaşlığına səbəb olur, sülh, əmin-amanlıq şəraitində yaşamasına zəmin yaradır. Ona görə də Azərbaycan rəhbərliyi regional əməkdaşlığın güclənməsində öz fəaliyyətini əsirgəmir və bütün dövlətləri də bu istiqamətdə səylərini əsirgəməməyə çağırır.
Azərbaycan öz iqtisadi qüdrətini davamlı surətdə artırır. Vaxtında, dəqiq icra edilən dövlət proqramları və həyata keçirilən müvafiq siyasi, hüquqi islahatlar, verilən müvafiq sərəncamlar, fərmanlar, qəbul edilən qanunlar bu dayanıqlı tərəqqinin əsas səbəbidir. Bu artıma dünyada baş verən iqtisadi-siyasi, maliyyə və sosial proseslərin təhlili, proqnozlaşdırma və ola biləcək hər hansı bir kataklizmlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin də həyata keçirilməsi həlledici təsir göstərməkdədir. 2008-2010-cu illərdə baş verən qlobal iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan məhz bu yolla getdiyi üçün iqtisadiyyatı 14 faiz artmışdı. Bu yüksək temp bu gün də davam edir. Qarşıya qoyulan bütün sosial-iqtisadi məsələlər uğurla həllini tapır.
- İqtisadi inkişafın fonunda ölkəmizdə sahibkarlığın inkişafına, sahibkarlara dövlət qayğısını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası nəinki ölkəmizin dirçəlişində müstəsna rol oynayıb, hətta bir model kimi keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı üçün nümunə kimi qəbul edilib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu sahə keyfiyyət baxımından zənginləşib. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən həm maliyyə, həm də funksional dəstək artırılıb. Bunun nəticəsində Azərbaycanda liberal iqtisadiyyatın çəkisi artıb və biznes təbəqəsinin formalaşması özəl bölmədə çalışanların sayının artmasına və həmin bölmədə gəlirlərin dövlət sektoru ilə nisbətdə xeyli yüksəlməsinə zəmin yaradıb.
Orta təbəqənin formalaşması ilk növbədə kiçik və orta sahibkarlıq sektorunun inkişafı ilə bağlıdır. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. İş ondadır ki, hökumət əsasən, bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin 80 faizi məhz regionlarının payına düşür, əsasən kənd təsərrüfatına diqqət yənəlir. Bundan başqa, aparılan siyasətin başlıca hədəfi daha çox istehsal sahələrini nəzərdə tutan layihələri maliyyələşdirməkdən ibarətdir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin 85 faizdən çoxu istehsal və emalyönümlü olub. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb.
Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və Prezident sahibkarlara öz siyasi dəstəyini bəyan edib. Yerli istehsalın inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkə Prezidenti sahibkarlığa daha böyük diqqət ayrılmasını zəruri hesab edir. Göründüyü kimi, sahibkarlar təbəqəsi birbaşa orta təbəqənin formalaşmasında, ölkənin sosial-iqtisadi inkişafında həlledici rola malikdir. Qeyri-neft sektorunda bu gün iqtisadiyyatda payı 90 faizə qədərdir. Bu isə o deməkdir ki, sahibkarların dövlətə ödədiyi vergi payı da artır. Nəticədə büdcənin imkanlarının yaxşılaşması həm sosial təbəqənin, həm də investisiya sahəsinin inkişafı üçün əhəmiyyət daşıyır. Bu, həm də qeyri-neft sektorunun ölkə iqtisadiyyatında aparıcı sahəyə çevrilməsi üçün impuls vermiş olur. Nəzərə alsaq ki, yeni iş yerlərinin böyük əksəriyyəti bölgələrin payına düşür və həmin müəssisələr özəl bölməni əhatə edir, onda orta təbəqənin formalaşmasında sahibkarlıq sektorunun çəkisinin hansı rola malik olması aydın olur.
- Əsabil müəllim, ölkəmiz müstəqillik əldə etdiyi 21 il ərzində böyük inkişaf yolu keçib. Bu inkişaf digər region və MDB ölkələri ilə müqayisədə hansı üstünlüklərə malikdir?
- Ölkə iqtisadiyyatının inkişafını xarakterizə edən əsas göstəricilərin kompleks təhlili sübut edir ki, respublikanın davamlı inkişafını, əhalinin layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıyan dövlət siyasəti müvəffəqiyyətlə həyata keçirilir. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin - ÜDM-in artım sürətinə görə lider ölkələr sırasındadır. İqtisadiyyatın dinamik inkişafı büdcə gəlir və xərclərinin sürətli artımını təmin edib.
Azərbaycanda əldə edilən yüksək inkişaf sürəti ölkəmizin MDB dövlətləri ilə müqayisədə iqtisadi gücünün və iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnib. 1999-cu ildə hər nəfərə düşən ÜDM-in həcminə görə Azərbaycan MDB dövlətləri arasında 12-ci yeri, 2011-ci ildə isə 6-cı yeri tuturdu. XX əsrin sonlarında ÜDM-in hər nəfərə düşən miqdarına görə Azərbaycan Belarus, Türkmənistan, Özbəkistan, Gürcüstan, Ermənistan, Ukraynadan geri qalırdısa, 2011-ci ilin yekunlarına görə, ölkəmiz həmin respublikaları xeyli dərəcədə ötüb keçmişdir. Beynəlxalq təşkilatların hesablamalarına görə 2011-ci ildə hər nəfərə düşən ÜDM-in miqdarı Gürcüstan üzrə müvafiq göstəricidən 2,1 dəfə, Ermənistandan 2,3 dəfə çox olmuşdur. Qarşıdakı dövrdə də ən mühüm strateji vəzifələrdən biri ölkədə iqtisadi inkişafın sürətli və keyfiyyətli artımını təmin etməkdən ibarət olacaqdır ki, bu da iqtisadi inkişaf səviyyəsini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmağa real imkan yaradacaq. Təbii ki, ildən-ilə yüksək dinamikanı təmin etmək böyük zəhmət hesabına başa gəlir. Bir neçə fakta diqqət edək. 2003-cü ildə ÜDM-in 1% artımının tutumu 71,4 milyon manat idisə, 2013-cü ildə bu rəqəm 560 milyon manat təşkil edəcək.
- Yeri gəlmişkən, bugünlərdə Milli Məclis 2013-cü ilin büdcə zərfinə daxil olan sənədləri qəbul etdi. Ölkəmizin dövlət büdcəsinin də ilbəil artması iqtisadi qüdrətin göstəricisi deyilmi?
- Azərbaycanın davamlı iqtisadi, sosial və mədəni tərəqqisinin "güzgüsü"nə çevrilən dövlət büdcəsi real göstəriciləri və artım səviyyəsi ilə təkcə xalqımızın yaşayış səviyyəsini deyil, eyni zamanda hökumətin fəaliyyətini dəyərləndirmək imkanına malikdir. Bu baxımdan, Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin böyük əhəmiyyət kəsb edir.
Bilirsiniz ki, 2013-cü ilin dövlət büdcəsi 19,159 mlrd. manata, xərcləri isə 19,850 mlrd. manata çatacaq. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına maliyyə təminatı yaradacaq. Növbəti ildə dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsinə və digər vacib istiqamətlərə yönəldiləcək.
Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi "Büdcə sistemi haqqında" Qanunun tələblərinə uyğundur. Büdcə zərfinə daxil olan sənədlərdə xüsusi olaraq vurğulanır ki, Azərbaycan iqtisadiyyatı cari ildə də dinamik inkişaf tempini saxlayıb və davamlılığı təmin etmək üçün dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirlər öz səmərəsini verir. Qlobal maliyyə böhranının təsirinə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatının inkişafını davam edirir və regionda lider dövlət olduğnu sübut edir. Azərbaycan dövlətinin büdcəsi iqtisadiyyatdakı pozitiv meyilləri nəzərə alır, eyni zamanda büdcənin tərtibi zamanı dünya maliyyə bazarında baş verən neqativ meyillər də diqqətlə təhlil edilir. Büdcə gəlirlərinin formalaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında heç bir problem yaranmır. Ümumi şəkildə təhlil etsək, deyə bilərik ki, gələn ilin dövlət bücəsi ölkəmizin iqtisadi inkişafının əyani göstəricisidir.
- Azərbaycanın dinamik inkişafı beynəlxalq iqtisadi və maliyyə institutları tərəfindən də yüksək dəyərləndirilir. Ümumiyyətlə, inkişafın Azərbaycan modeli müasir iqtisadi inkişaf proseslərində özünə hansı yeri tutur?
- Azərbaycanın ümumilikdə müstəqillik dövründə qazandığı iqtisadi uğurlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı salındığı halda "Standart & Poor’s" reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini bir pillə artıraraq "BBB-"investisiya reytinqi səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozunu isə "sabit" saxlamışdır. "Fitch Ratings" və "Moody’s" reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə də qənaətbəxş səviyyədədir. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq aləmdə reytinqi ildən-ilə yüksəlir. Qərblə, Şərqlə, qardaş Türkiyə ilə, şimal qonşumuz Rusiya ilə əməkdaşlıq imkanları genişlənir. Azərbaycan dövləti dünyada düşünülmüş, balanslaşdırılmış siyasət aparan bir dövlət kimi tanınır. Bu nailiyyətlərin vacib səbəblərindən biri ondan ibarətdir ki, bu gün respublikada minlərlə özəl müəssisə, səhmdar cəmiyyət, şirkətin fəaliyyəti ilə yanaşı səmərəli fəaliyyət göstərən dövlət sektoru vardır. Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, beynəlxalq nüfuzu artan ölkə kimi tanınır. Həqiqətən də, bu cür müsbət inkişaf meyilləri ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsini, Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə çatmasını təmin edir. İnkişafın Azərbaycan modeli, həm də ona görə uğurlu nəticələr əldə etməyə imkan verir ki, iqtisadi və siyasi islahatlar bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə aparılır. Azərbaycan dövləti sosialyönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq əsaslandırılmış strateji proqramlardan (Yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, demoqrafik siyasət, işsizliyin azaldılması, sosial sferanın maddi-texniki bazasının möhkəmləndirilməsi və s.) istifadə edir, sosial tərəqqini, keyfiyyətli inkişafı xarakterizə edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələrindən sayır. Bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin dinamik inkişafını, qlobal dünya layihələrində iştirakını, cəmiyyətdə əldə olunmuş konsensusu, iqtisadi inkişafla sosial tərəqqi arasında tarazlığın yaradılmasını, müstəqil dövlətin inkişafının Azərbaycan modelini fərqləndirən vacib keyfiyyətlər kimi qiymətləndirirlər.
- Əsabil müəllim, Azərbaycan həmçinin, sosialyönümlü inkişafa da böyük üstünlük verir. Yəni, atılan addımlar birbaşa vətəndaşların sosial rifahının yüksəlişinə xidmət göstərir. Bu, dövlətin prioritetinin mərkəzində insan, vətəndaş faktorun dayanmasını deməyə əsas verirmi?
- Həqiqətən də, inkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri də sosialyönümlülüyün üstünlük təşkil etməsidir. Ümumiyyətlə isə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Müstəqil Azərbaycan dövləti öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur. Azərbaycan dövlətinin rəhbər tutduğu bu strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə, onların qloballaşan dünyaya inteqrasiyasını təmin etməyə imkan vermişdir.
Sosial təyinatlı proqramların maliyyələşməsi ilə bərabər, dövlət büdcəsindən investisiya yönümlü tədbirlərə ildən-ilə daha çox vəsait ayrılır. Sosial sahədə mövcud problemlərin, o cümlədən, yoxsulluğun azaldılmasını nəzərdə tutan Dövlət Proqramlarına uyğun olaraq əhalinin torpaqdan, su ehtiyatlarından istifadə etməsi, yeni iş yerlərinin yaradılması, təhsil almaq, səhiyyə xidmətlərindən faydalanmaq imkanlarının genişləndirilməsi, infrastruktur və kommunal xidmətlərə olan ehtiyacın ödənilməsi, sanitariya və gigiyena şəraitinin, həmçinin ətraf mühitin yaxşılaşdırılması, insan üçün layiqli həyat şəraitinin təmin edilməsi məqsədi ilə 225-dən çox tədbir həyata keçirilib. Bu mənada regionlarda yeni infrastrukturların yaradılmasını, inkişafı özündə ehtiva edən dövlət proqramlarının xüsusi əhəmiyyəti var.
Ümumiyyətlə, inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi; hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar. Azərbaycan dövlətinin uğurları bir daha sübut edir ki, hər ölkə irəliyə getmək üçün öz yolunu seçməlidir. Bu seçim, ilk növbədə, elmi əsaslara söykənməlidir. Bu axtarış həyatın təbii hökmü ilə, elmi əsaslarla olmalıdır. İslahatdan sonra dövlətin iqtisadi qüdrəti artmalı, xalqın rifahı yaxşılaşmalıdır. İnkaredilməz həqiqət belədir ki, liberalizmi fetişləşdirməyərək, ona çox ustalıqla, təmkinlə yanaşan Azərbaycan dövləti iqtisadiyyatda böyük nailiyyətlər əldə etmiş, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilib.
yap.org.az