Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Hüseynovun Səs TV-yə müsahibəsi
- Sərraf müəllim, 2012-ci il artıq başa çatmaq üzrədir. Bu il Azərbaycan gəncliyi üçün hansı uğurlarla yadda qalıb? Gənclər onlara göstərilən etimadı doğrulda bilibmi?
- Doğrudur, artıq təqvim ili sona çatmaqdadır. Azərbaycan gəncliyinin uğurları təkcə təqvim çərçivəsində ölçülən bir uğur deyil, bu, ümumiyyətlə götürdükdə, böyük bir hərəkat halını almış və artıq demək olar ki, zamana tabe olmadan, zamanın xaricində olan bir hərəkatdır. Bu hərəkat əsası qoyulandan necə fəaliyyətə başlayıbsa, indi həmin uğurlar artan səviyyədə davam etdirilir. Məlumdur ki, Azərbaycan gəncliyinə olan qayğı, inam və etimadın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də həmin inam, etimad daha yüksək səviyyədə davam etdirilir. Bunun da səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğısı ilə ölçülür. Bu gün Azərbaycanda, demək olar ki, bütün səviyyələrdə gəncləşmə özünü göstərməkdədir. Burda da əsas iş cənab Prezidentin üzərinə düşmüşdür və Prezident də öz ətrafındakı komandasından tutmuş, bütün dövlət strukturlarında təmsil olunan insanlara qədər gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmış və onlara, həqiqətən də, böyük etimad göstərmişdir. Düşünürəm ki, bu etimadı Azərbaycan gənci hələ tam doğrulda bilməsə də, həmin etimada layiq olmağa çalışır. Bu da müəyyən uğurların qazanılması ilə əlamətdardır. Bildiyiniz kimi, bu il "idman ili" elan olunub. Ona görə də, bu birbaşa gəncliklə bağlı olduğu üçün, gəncliyin üzərinə də böyük məsuliyyət qoyan il olmuşdur. Fikrimcə, gənclik bu məsuliyyətdən çox inamla və etibarla çıxmışdır. Çünki olimpiya oyunlarından tutmuş, bilik olimpiadalarında qazanılan qələbələrə kimi, həmçinin də, Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdan ötrü dünyanın bir çox ölkələrində təşkil olunan aksiyalara kimi, dünyanın önəmli kürsülərində gəncliyin nümayiş etdirdiyi mövqeyə qədər, demək olar ki, həmin etimada, inama yönəlmiş addımlar atılmış və buna müəyyən qədər də olsa nail olunmuşdur. Azərbaycan gəncliyinə göstərdiyi bu etimadı demək olar ki, qoyduğu ən böyük məsuliyyətdən biri də Azərbaycanın ağrılı yeri olan Qarabağ probleminin həlli istiqamətində öz bacarığını, biliyini nümayiş etdirməkdən ibarətdir. Mənə elə gəlir ki, Azərbaycan gəncliyi bu gün də bununla çox inamla məşğuldur və bu problemin həlli Azərbaycan gəncliyinin ortaya qoyduğu mövqedən asılı olacaqdır. Eyni zamanda, cənab Prezidentin mövqeyini bir olub dəstəkləməkdən ibarət olmalıdır və inanıram ki, gəncliyin göstərəcəyi dəstək cənab Prezidentin yürütdüyü bu siyasət məhz həmin problemdən də azad olmağa gətirib çıxaracaqdır.
- Bu gün, dekabrın 24-ü Azərbaycan gəncliyinin böyük hamisi ölkə Prezidenti İlham Əliyevin doğum günüdür. Bununla bağlı ürək sözləriniz nədir?
- Prezident İlham Əliyev işığında birləşdiyimiz Yeni Azərbaycan Partiyasının (YAP) Sədridir. Bizim Sədrimizdir və biz YAP-ın gəncləri olaraq da Sədrimizin inam və etiqadını doğrultmaq üçün bir çox işlər görmüşük, Ona layiq olmağa çalışmışıq. Bu mənada, YAP gəncləri öz aktivliyi, fəaliyyəti ilə daim Prezidentin yanında olmuşdur və bu həmişə də belə davam edəcəkdir. YAP gəncləri Azərbaycanın adını və nüfuzunu daha da yüksəklərə qaldırmaq üçün əlindən gələni edəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik. Ona işlərində, şəxsi həyatında böyük uğurlar arzulayırıq. Prezidentimizin qazanacağı uğurlar, əlbəttə ki, xalqımızın qazanacağı uğurlardır. Prezidentimizə uğurlarının bitib tükənməməsini arzu edirəm. YAP gəncləri adından Prezidentimiz İlham Əliyevə möhkəm cansağlığı, işlərində uğurlar və daha böyük müvəffəqiyyətlər arzu edirəm. YAP gəncləri həmişə Prezidentimizin ətrafındadır. Hər bir addımı ləyaqətlə dərk edir və məsuliyyətlə yerinə yetirməyə çalışırıq. Növbəti il keçiriləcək prezident seçkilərində və Dağlıq Qarabağ münaqişəsinin həllində Prezidentimizi qalib kimi görməyi arzu edirik.
CABİR