PDF Oxu

Müsahibə

  • 1 511

Vüqar Rəhimzadə: "Əkrəm Əylisli ancaq Ermənistanın xalq yazıçısı ola bilər"

Vüqar Rəhimzadə: "Əkrəm Əylisli ancaq Ermənistanın xalq yazıçısı ola bilər"

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin SİA-ya müsahibəsi:

- Yazıçı Əkrəm Əylislinin "Daş yuxular" adlı romanı səs-küyə, qalmaqala səbəb oldu. Sizin bu əsərə münasibətiniz necədir?

- Əsərin müəyyən hissələri ilə saytlardan tanış olmuşam. Əsər milli ruhdan tamamilə uzaqdır. Azərbaycanlı adını daşıyıb xalqımıza qarşı törədilən faciələri görməzdən gəlmək və erməni mövqeyindən çıxış edərək belə yazı yazmaq heç bir məntiqə sığmır. Roman sırf erməni siyasətinə xidmət edir. Azərbaycan cəmiyyətində uşaqdan böyüyə qədər hər kəs birmənalı şəkildə bu əsəri rədd edir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım bütün dünyaya bəllidir. Dünya siyasəti ilə məşğul olan hər kəs bilir ki, ermənilər tarixən ölkəmizdə faciələr törədiblər. Bütün bu vəhşilikləri bilə-bilə bu cür əsər ortaya çıxarmaq və xalqımıza böhtan atmaq xalq yazıçısı adını daşıyan biri üçün faciədir. Vətənini sevən hər kəs bu əsəri lənətləyir. Bu əsərlə o, bir daha daxili xislətini ortaya qoymuş oldu. Bununla yanaşı, əsər onun erməni siyasətinə qulluq etməsini bir daha sübut etmiş oldu. Romanı yazmaqla erməni dəyirmanına su tökmüş oldu. Onlar hətta öz saytlarında yazılar dərc edirlər ki, Əkrəm Əylisli ilə onların siyasətləri üst-üstə düşür. Necə ola bilər ki, azərbaycanlı olub bu qədər titullara sahib olasan və nəhayətində də millətinə belə böhtan ata biləsən?! Bunu hələ də anlaya bilmirəm. Yazılmış bu əsər sanki şərlə yoğrulub. Xalqımız əsərlə bağlı mövqeyini layiqli şəkildə ortaya qoyub. Bir sözlə, ağlı, düşüncəsi yerində olan insan belə addımı heç vaxt atmazdı. Artıq onun damarlarında axan qanın hansı millətə məxsus olması da şübhə altındadır.

- Xalq yazıçısını belə əsər yazmağa nə vadar edə bilərdi?

- Görünür belə adım atması üçün onun daxili xislətində ermənilik var imiş. Zamanla bu hiss də özünü büruzə verməyə başlayıb. Tarixən onun xislətində bədlik olub. Yəqin ermənilərlə onun bağlılığı var. Görünür, dünyada terror təşkilatlarının başında duran terrorçuluq siyasətini həyata keçirən ermənilərlə əlaqəsi var. Yəqin bütün bunlar onu belə əsər yazmağa vadar edib.

- Belə təkliflər irəli sürülür ki, ondan xalq yazıçısı və digər titullar geri alınsın. Buna sizin münasibətiniz necədir?

- Bu adı daşımağa onun mənəvi haqqı çatmır. Xalq yazıçısı xalqın mənafeyini qorumağa xidmət etməlidir. Ancaq təəssüflər olsun ki, o, bu ada layiq olmadı. O, ancaq Ermənistanın xalq yazıçısı ola bilər. Azərbaycan xalqının haqq işini dəstəkləməyən bir insan öz xoşluğu ilə Azərbaycanın xalq yazıçısı adından imtina etməlidir.

sia.az

Digər xəbərlər